Menu

MÜHARİBƏ BU ÖLKƏLƏRƏ DƏ YAYILA BILƏR – Rubionun açıqlamasının PƏRDƏARXASI

08.10.2026, 16:49
MÜHARİBƏ BU ÖLKƏLƏRƏ DƏ YAYILA BILƏR – Rubionun açıqlamasının PƏRDƏARXASI

Rusiya-Ukrayna müharibəsinin daha geniş coğrafiyaya yayılması və yeni dövlətlərin prosesə cəlb olunması ilə bağlı narahatlıqlar artır. Xüsusilə ABŞ və onun müttəfiqlərinin mümkün addımlarının müharibənin gedişinə və qlobal təhlükəsizlik mühitinə təsiri diqqət çəkir. Bu baxımdan ABŞ dövlət katibi Marko Rubionun fikirləri xüsusi narahatlığa səbəb olub. O bildirib ki, Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə dair perspektiv görünmür. Rubio münaqişənin gərginləşəcəyi təqdirdə onun Ukraynanın hüdudlarından kənara yayıla biləcəyini də istisna etməyib. 

Bəs münaqişənin genişlənməsi dedikdə Rubio nəyi nəzərdə tutur? Ümumiyyətlə, münaqişə hansı ərazilərə və ya dövlətlərə yayıla bilər?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Rusiya ilə bağlı hər hansı hərbi addımın atılması ciddi geosiyasi nəticələrə səbəb olacaq: "Qarşıdurmanın genişləndirilməsi dünyanın ən güclü hərbi alyanslarından olan NATO-nun da prosesə cəlb olunması riskini artırır. Bu baxımdan, dövlətlər belə məsələlərdə son dərəcə ehtiyatlı davranmalı və atılacaq addımların mümkün nəticələrini nəzərə almalıdırlar. 

Hazırda müharibə kifayət qədər geniş miqyas alıb. Qarşıdurmanın daha da böyüməsi və yeni dövlətlərin prosesə cəlb olunması həm regional, həm də qlobal təhlükəsizlik baxımından ciddi risklər yarada bilər.

Ona görə də əsas məsələ eskalasiyanın qarşısını almaq və müharibənin daha geniş coğrafiyaya yayılmasına imkan verməməkdir. ABŞ və onun müttəfiqlərinin atacağı addımlar bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Tərəflər mövcud vəziyyətdən çıxış yolu axtararkən hərbi qarşıdurmanı daha da dərinləşdirəcək addımlardan çəkinməli və diplomatik imkanlardan maksimum istifadə etməlidirlər".

Ekspertin sözlərinə görə, burada Rubio Ukraynaya yaxın olan bir sıra dövlətlər və onların ərazilərini nəzərdə tutur: "Bu dövlətlər arasında Polşa, Estoniya, Finlandiya və bu kimi digər ölkələr yer alır. Ancaq münaqişənin Ukrayna üzərindən bu dövlətlərə yayılacağını düşünmürəm. Heç Rusiyaya da müharibənin genişlənməsi sərf etmir. Ona görə də, hesab edirəm ki, Rubionun dediklərində həqiqət payı yoxdur".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol