Menu

Tanınmış “Z-təbliğatçı” həbs edildi - Anti-Azərbaycan mövqeyilə tanınırdı

09.10.2026, 13:28
Tanınmış “Z-təbliğatçı” həbs edildi - Anti-Azərbaycan mövqeyilə tanınırdı

Rusiyanın "Rıbar" Telegram layihəsinin rəhbəri Mixail Zvinçuk, kanalın bir neçə əməkdaşı ilə birlikdə Monteneqroda saxlanılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Monteneqro mediası ölkənin təhlükəsizlik orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Zvinçukun həyat yoldaşı Valeriya və daha üç nəfər də saxlanılanlar arasında olub. Əməliyyat Risan şəhərində baş tutub və Monteneqro polisi tərəfindən Milli Təhlükəsizlik Agentliyi (ANB) ilə birgə həyata keçirilib.

Hüquq-mühafizə orqanlarının hərəkətləri "Rıbar” şəbəkəsinin “hibrid fəaliyyətlərinin" qarşısını almağa yönəlib. Britaniya və ABŞ hakimiyyətləri bu layihəni "Rusiya təbliğatının yayılması və xarici informasiya təsir əməliyyatlarının aparılması" ilə əlaqələndirir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib ki, Rusiya səfirliyi Zvinçukun saxlanmasının səbəblərini araşdırır.

Böyük Britaniya daha əvvəl Zvinçuka qarşı sanksiyalar tətbiq etmişdi. Britaniya hakimiyyətinin məlumatına görə, layihənin fəaliyyəti Rusiya hökuməti ilə bağlıdır.

ABŞ Dövlət Departamenti həmçinin Zvinçuku ABŞ seçkilərinə qarşı xarici təsir əməliyyatlarında iştirak edən şəxs kimi qeyd edir.

2024-cü ilin oktyabrında ABŞ Dövlət Departamenti "Rıbar" Telegram kanalının əməkdaşları haqqında məlumat üçün 10 milyon dollar mükafat təyin etmişdi.

Qeyd edək ki, “Rıbar” və şəxsən Zvinçuk həm də qatı anti-Azərbaycan mövqeyilə seçilir. 2 milyona yaxın izləyicisi olan bu kanal Azərbaycan barədə “feyk” məlumatlar yayması, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini sual altına alması və azərbaycanlılara qarşı milli arıseçkilik və təhdid ritorikası ilə də tanınır.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol