Menu

BANKLARIN KREDİT GƏLİRLƏRİ ARTIR... – Bəs faizlər niyə yüksək qalır?

10.10.2026, 09:27
BANKLARIN KREDİT GƏLİRLƏRİ ARTIR... – Bəs faizlər niyə yüksək qalır?

2026-cı ilin ilk səkkiz ayında Azərbaycanda bankların kreditlər üzrə faiz gəlirlərinin 2,9 milyard manatı keçməsi kredit bazarında aktivliyin artdığını göstərir. Kredit portfelinin də genişlənməsi fonunda vətəndaşların yüksək faizlərlə borclanması məsələsi aktuallığını qoruyur. Mərkəzi Bankın uçot dərəcəsini 6,5 faizdə saxlaması və faiz dəhlizinin aşağı həddini 5 faizə endirməsi kredit faizlərinin gələcək dinamikası ilə bağlı gözləntiləri artırıb. 

Bankların kreditlərdən əldə etdiyi gəlirlər artırsa, bu, kredit faizlərinin aşağı salınması üçün kifayət qədər əsas yaratmırmı və yüksək faizlərin əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, kredit faizlərinin yüksək olması ilə bağlı vəziyyət əmanət faizləri ilə birbaşa əlaqəlidir.

Onun sözlərinə görə, bankların əsas maliyyə mənbələrindən biri əmanətlərdir və əmanətlər üzrə faizlərin yüksək olması bankların vəsaitlərinin maya dəyərini artırır: “Eyni zamanda, bankların Mərkəzi Bankdan vəsait cəlb etməsi də onlar üçün hər zaman asan və ucuz başa gəlmir. Xaricdən maliyyə vəsaiti cəlb etmək imkanlarının məhdud olması isə bankları daha çox daxili mənbələrdən, xüsusilə əmanətlərdən asılı vəziyyətə salır”.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri isə kredit riskinin yüksək olmasıdır: “Yəni kredit götürən şəxsin və ya şirkətin borcunu vaxtında və tam şəkildə qaytarmaması ehtimalı artdıqca, bankların mümkün itkiləri və xərcləri də yüksəlir. Bu risklər nəticə etibarilə kredit faizlərində öz əksini tapır”.

Ekspert sonda qeyd edib ki, kreditlərin qaytarılmasında yaranan problemlər və problemli kreditlərin həcminin artması da bankların risklərini artıran əsas amillərdəndir: “Bu baxımdan, kredit faizlərinin aşağı salınması yalnız bir amildən asılı deyil. Bankların maliyyələşmə xərcləri ilə yanaşı, kredit risklərinin azalması və problemli kreditlərin artmasının qarşısının alınması da mühüm əhəmiyyət daşıyır”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol