Menu

TƏKLƏNƏN UKRAYNA VƏ LAZIMSIZ ATƏŞKƏS - Trampla Zelenski “nəyi bölə bilmirlər”?

12.10.2026, 12:56
TƏKLƏNƏN UKRAYNA VƏ LAZIMSIZ ATƏŞKƏS - Trampla Zelenski “nəyi bölə bilmirlər”?

Son günlər ABŞ-Rusiya-Ukrayna münasibətləri müstəvisində baş verənlər çox qarışıq, qeyri-müəyyən və siyasətdə mənəvi dəyərlərin dərin deqradasiyası baxımından oluqca xoşagəlməz bir mənzərə yaradıb. Bu mənzərə növbəti dəfə Ukraynanın açıq-aşkar təklənməsi, bazarlıq predmetinə çevrilməsinə dair acı təəssürat yaradır…

“The Wall Street Journal” qəzetinin məlumatına görə, hazırda Tramp və Zelenski arasındakı münasibətlər 2025-ci ilin fevral ayında Ağ Evdə baş verən məşhur mübahisədən bəri ən pis səviyyəyə enib. Nəşrin qeyd etdiyi kimi, Donald Trampın Volodimir Zelenskiyə qarşı açıq demarşı Avropanın Vaşinqtonun Kiyevə dəstəyini geri çəkməməsi üçün 18 aydır davam edən səylərini puça çıxara bilər. Yəni, Avropa il yarımdır Trampı inandırmağa çalışır ki, Ukraynanı tək və dəstəksiz qoymaq olmaz. Lakin bu səylər deyəsən boşa çıxmaq üzrədir…

Zatən hamar olmayan Tramp-Zelenski münasibətləri Trampın Rusiya üzərindən dizel sanksiyalarını götürməsi səbəbilə daha da gərginləşdi. Zelenski bu qərara gözlənildiyi kimi, sərt təpki verdi və bunu “müharibənin davam etdirilməsinə qoyulan investisiya” adlandırdı.

Doğrudan da, özü dünya bazarına ayda 6 milyon ton(!) dizel, üst-üstə 50 milyon tondan çox neft məhsulu çıxaran ABŞ-nin nədən Rusiyanın cəmi 300 min ton dizelinə ehtiyacının yarandığını və guya bunun ABŞ-dəki dizel qiymətlərini endirəcəyi barədə gülünc iddiaları heç kim anlaya bilmir. O cümlədən də Zelenski…

Əvəzində, Zelenski də hamı kimi bilir ki, bu, iqtisadi yox, siyasi jestdir və Rusiyanın bazara çıxaracağı 300-500 min ton dizel qiymətlərə qətiyyən təsir etməyəcək. ABŞ-də daxili tələbat üçün lazım olandan artıq dizel istehsal olunur və hal-hazırda xaricə satılır. Adi, sadə bir iqtisadi məntiq var - dizelin qiyməti birbaşa neftin qiymətindən asılıdır, bazara çıxarılan dizelin miqdarından yox! Yəni, Rusiya ABŞ bazarına 300 min yox, şərti olaraq 30 milyon dizel çıxarsa belə, bu, qiymətlərə təsir etməyəcək. Dizel neft baha olduğu üçün bahadır! Neft isə Hörmüz boğazında baş verənlərə və Trampın heç cür həll edə bilmədiyi İran probleminə görə bahadır. Ancaq Tramp bunu etiraf etmir, əvəzində “ən zəif bənd” hesab etdiyi Ukraynanın üzərinə yürüyərək, guya dizelin və ümumilkdə neftin baha olmasına görə məsuliyyəti Kiyevin və şəxsən Zelenskinin üzərinə atır. Bildirir ki, guya məhz Ukrayna Rusiya neft emalı zavodlarını vurduğu üçün neft bahalaşıb. Hansı ki, bunun belə olmadığını, hər şeyin Hörmüz boğazındakı durumla bağlı olduğunu hər kəs bilir. Ancaq bu, Trampın əksini iddia etməsinin qarşısını heç cür ala bilmir..

Bir sözlə, Tramp bir növ “qurbanlıq keçi” gözü ilə gördüyü Ukraynanı və onun prezidentini hədəf almaqla, bir daha öz məlum mənəvi keyfiyyətlərini büruzə verir. Üstəlik, bir çox Qərb nəşrləri və analitikləri iddia edirlər ki, Trampın Kremllə “dizel anlaşması”nın arxasında tamamilə başqa maraqlar durur. İddia olunur ki, bu anlaşma daha çox “Lukoil”in xaricdəki sanksiyalar altına düşmüş obyektlərinin və layihələrinin Tramp ailəsi tərəfindən mənimsənilməsinə yönəlib. Yəni, Uitkoff və Kuşner başda olmaqla, Trampın çevrəsindəki “iş adamları” “Lukoil”in xaricdəki bütün aktivlərini alaraq, böyük qazanc əldə etmək istəyirlər. Onların Trampın adamlarına(özü də dəyər-dəyməzinə) satılması isə Vladimir Putinin qərarı ilə mümkündür. Rusiyanın dizel satışına qadağanın aradan götürülməsi isə həmin bu “Lukoil” anlaşmasına görə Kremlə ödənən bədəldir.

Bunun nə dərcədə doğru iddia olduğunu demək çətindir. Ancaq istənilən halda, ABŞ administrasiyasının dizel anlaşmasını enerji atəşkəsinə əsas yaradan addım kimi qələmə verməsi reallıqda öz təsdiqini hələ ki, tapmır. Birincisi, ona görə ki, ümumiyyətlə, hələlik heç bir atəşkəs müşahidə olunmur. İkincisi, Trampın nəzərdə tutduğu atəşkəs sadəcə, qarşılıqlı olaraq neft emalı zavodlarına zərbələri dayandırmağı nəzərdə tutur. Hansı ki, bu ideya Ukrayna üçün tamamilə mənasızdır. Belə ki, nəhəng neft ölkəsi olan Rusiyada onlarla böyük neft email zavodu varkən və onlar Rusiya iqtisadiyyatının, ordusunun təminatında mühüm rol oynarkən, Ukraynada cəmi bir neft email zavodu var və o da Rusiyanın hücumları səbəbindən demək olar ki, işləmir. O zaman hansı enerji atəşkəsindən söhbət gedir? Ukraynaya lazım olan odur ki, Rusiya onun enerji sektorunu, əhalinin işıq, istilik, su ilə təminatını həyata keçirən infrastrukturunu, özü də qış öncəsi vurub məhv etməsin. Lakin Kreml buna getmir. Belə olan halda, Trampın nəzərdə tutduğu enerji atəşkəsi sadəcə, birtərəfli təsirə malikdir – Ukrayna Rusiya zavodlarını vurmasın. Üstəlik, hələ Rusiya Ukraynanın olmayan neft zavodlarını vurmayacağı üçün onun üzərindən dizel sanksiyası da götürülsün. Trampsayağı “ədalət” yəqin budur…

Bu da azmış kimi, Tramp ukraynalılara “yeni prezident tapmağı” məsləhət görür. Yəni, açıq şəkildə bu ölkənin daxili işlərinə qarışmaqla yanaşı, Zelenskiyə olan hiddətini, hətta nifrətini əks etdirir və bununla qətiyyən Rusiya rəhbərliyindən fərqlənmir…

Bu arada məlumatlı mənbələr “Axios”a bildiriblər ki, Rusiya hələ ABŞ Prezidenti Donald Trampın elan etdiyi Ukrayna ilə enerji atəşkəsinə razılıq verməyib. Ağ Evdəki mənbə nəşrə bildirib ki, "ruslar bu barədə düşünürlər, tezliklə onların hazır olub-olmadığını biləcəyik". O da təsdiqləyib ki, atəşkəs yalnız bir-birinin neft emalı zavodlarına hücumların dayandırılmasını nəzərdə tutur. Sual yaranır ki, belə bir atəşkəs Ukraynaya, yoxsa Rusiyaya lazımdır və Tramp kimin üçün çalışır?

Bəli, hazırkı ABŞ Prezidenti doğrudan da ölkə və dünya tarixinə düşəcək. Amma necə, hansı adla - bunu da tarix göstərəcək. Özü də çox yaxın tarix…

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol