Menu

“İRAN BUNA HAZIRLAŞIR...” - Quru əməliyyatı keçiriləcək?

13.10.2026, 21:47
“İRAN BUNA HAZIRLAŞIR...” - Quru əməliyyatı keçiriləcək?

İran ABŞ-nin yeni hücumlarına hazırlıq görür. Bu, Donald Trampın noyabrın əvvəlində keçiriləcək Konqres seçkilərindən sonra yenidən İrana qarşı hücuma keçəcəyi barədə bəyanatların fonunda baş verir.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. Nəşr iddia edir ki, Tehran nüvə obyektləri də daxil olmaqla öz müdafiəsini gücləndirir, əhalisini səfərbər edir və bölgəni daha geniş eskalasiya ilə hədələyir.

Nəşrin mənbələrinə görə, ABŞ-nin yeni hərbi əməliyyatının qarşısını almaq üçün bəzi İran rəsmiləri İslam Respublikasının qonşu ölkələrə qarşı quru hücumu başlada biləcəyinə işarə edirlər.

İranın Milli Təhlükəsizlik Xidmətinin başçısı Möhsün Rezayi bazar günü bildirib ki, yeni zərbələr Tehranın yazın sonlarından bəri nadir hallarda hücum etdiyi BƏƏ-ni, eləcə də bölgədəki data mərkəzlərini və internet kabellərini hədəf ala bilər.

Nəşrin mənbələrinin iddiasına görə, Tehran ayrıca olaraq ərəb rəsmilərinə xəbərdarlıq edib ki, hərbi münaqişə yenidən başlasa, Səudiyyə Ərəbistanının neft obyektləri kimi hədəflərə zərbə endiriləcək. Qeyd edək ki, Səudiyyə Ərəbistanı onsuz da həftəsonu Ər-Riyad hava limanını atəşə tutan Yəmən husilərinin hərəkətləri səbəbindən ciddi itkilər verir. Bu hücum nəticəsində 14 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Hətta təhlükəsiz olmadığı üçün ExxonMobil, TotalEnergies, Shell, Chevron və BP şirkətlərinin baş direktorları bazar ertəsi günü paytaxtda açılan enerji konfransında iştirak etməyiblər.

Peyk görüntüləri göstərir ki, İran sərhəd ərazilərini və strateji əhəmiyyətli obyektləri, o cümlədən nüvə proqramına aid obyektləri möhkəmləndirir. Donald Tramp israr edir ki, Tehranın nüvə proqramını dayandırmaq barədə razılığı Fars körfəzində hərbi əməliyyatların dayandırılmasına kömək edəcək. İran hakimiyyəti isə belə bir vəd verməkdən imtina edir.

“Wall Street Journal” qəzetinin məlumatına görə, İran hökuməti əhalini hərbi əməliyyatların yenidən başlamasına hazırlayır. Hərbçilər təbliğat üçün məktəblərə göndərilir, daşınan hava hücumundan müdafiə sistemlərindən atəş açılmasına dair təlimlər keçirilir və mitinqlər təşkil olunur. Qəzet yaır ki, bu, həm də iranlıların diqqətini getdikcə pisləşən iqtisadi çətinliklərdən yayındırmaq məqsədi daşıyır və yeni bir müharibə İslam Respublikasının çətin vəziyyətdən çıxmasına kömək edə bilər.

ABŞ ordusu da mümkün hərbi əməliyyatların yenidən başlamasına hazırlaşır. "Wall Street Journal" yazır ki, üçüncü aviadaşıyıcı zərbə qrupu və başqa bir dəniz ekspedisiya qrupu Yaxın Şərqə doğru gedir. Pentaqon həmçinin bölgədəki bazalarına əlavə hava hücumundan müdafiə vasitələri və sursat göndərməyi düşünür.

Bir sözlə, ABŞ administrasiyası hər nə qədər diqqəti Ukraynaya yönəldərək, dünya bazarında neftin bahalaşması da daxil olmaqla bütün problemləri Ukrayna rəhbərliyinin üzərinə atmağa çalışsa da, bütün bunların əsas səbəbi olan İran münaqişəsini həll edə bilmir. İndi isə tərəflər yeni eskalasiyanı - Konqresə seçkilərdən sonra başlaya biləcək yeni hərbi əməliyyatları gözləyir...

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol