Menu

AZƏRBAYCANA QARŞI KİBERHÜCUM... - İzlər hara aparır?

14.10.2026, 12:07
AZƏRBAYCANA QARŞI KİBERHÜCUM... - İzlər hara aparır?

Xəbər verildiyi kimi, dünən saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücumlar qeydə alınıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, hücumu xarici haker qruplaşması həyata keçirib, 100-dən artıq dövlət domeni hədəfə alınıb.

Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.

Bəs, bu hücum təsadüfidirmi və niyə məhz indi – vahid məktəb forması ilə bağlı məlum müzakirələr fonunda baş verir? Əlbəttə ki, təsadüfi deyil və əlbəttə ki, məqsədli şəkildə həyata keçirilir. Kimlər tərəfindən?

Yəqin ki, bu sualın da cavabı üzdədir və hər kəsə məlumdur. Məlumdur ki, vahid məktəbli forması ilə bağlı qərar ətrafında ajiotaj yaratmaq, aranı qarışdırmaq niyyətlərinin arxasında hansı qonşu ölkə və ölkələr durur. Adətən, Azərbaycanda məhz bu cür durumlar yarananda məlum mərkəzlər hərəkətə keçir və onların əlindəki silahlardan biri də kiberhücum vasitələridir...

Ən yeni tariximizdə ölkəmizə qarşı kiberhücumlar əsasən geosiyasi gərginliklər, müharibə və mühüm beynəlxalq tədbirlər zamanı intensivləşib. Bu zaman əsas hədəflər dövlət orqanları, strateji infrastruktur, bank-maliyyə sektoru vəmedia resursları olub. Bu baxımdan ötən ilin fevralında Azərbaycanla şimal və xüsusilə də cənub qonşularımız arasındakı müəyyən siyasi gərginliklər fonunda xarici hakerlər tərəfindən əlaqələndirilmiş formada ölkəmizin 10-dan çox aparıcı media resursuna koordinasiyalı hücum edildi.

Qeyd edək ki, hücuma məruz qalan media orqanları arasında “AzPolitika” da var idi...

Hələ 2012-ci ilin yanvarında Azərbaycan öz kiberməkanında ilk böyük, kütləvi hücumla qarşı-qarşıya qalmışdı. Həmin vaxt 216-dan çox dövlət .gov.az domeni hədəfə alınmış, 7 dövlət saytının fəaliyyətində müvəqqəti fasilələr yaranmışdı.

Daha sonra kütləvi kiberhücum 2020-ci ildə, 44 günlük Vətən Müharibəsində və sonrakı dövrdə qeydə alındı. Xüsusilə, Ermənistan və İran yönümlü haker qrupları tərəfindən dövlət strukturlarına, hərbi portallara və mülki infrastruktura qarşı irimiqyaslı DDoS hücumları və kiber-casusluq əməliyyatları keçirildi.

Daha bir kütləvi hücum 2024-cü ilin noyabrında, COP29 ərəfəsində baş verdi. Bakıda keçirilən irimiqyaslı COP29 iqlim sammiti ərəfəsində və gedişatında xarici haker qrupları tərəfindən davamlı və intensiv kiberhücumlar qeydə alındı. 2025-ci ilin fevralında isə yuxarıda qeyd etdiyimiz ölkələrarası siyasi gərginliklər fonunda media resurslarımıza kütləvi hücumlar oldu.

Ötən ilin avqustunda Azərbaycanın internet trafikində insident baş verdi. Ölkənin magistral internet təminatçılarına kiberhücumlar qeydə alındı. Həmin vaxt da ekspertlər siyasi konteksti nəzərə alaraq hücumun mənbəyinin Rusiya yönümlü qruplar ola biləcəyini ehtimal edirdilər.

Nəhayət, dünən son irimiqyaslı kiberhücumlardan iri baş verdi.

Əlbəttə, müvafiq qurumlar, mütəxəssislər bu hücumun haradan gəldiyini aydınlaşdırmağa çalışacaqlar. Baxmayaraq ki, belə hücumlar çox vaxt iz azdırmaq üçün “özgə bayraq altında” həyata keçirilir.

Əlbəttə, kiberhücumlardan heç bir ölkə, hətta dünyanın texnoloji baxımdan ən inkişaf etmiş ölkələri belə sığortalanmayıb. Məsələn, texnoloji supergüc olan ABŞ-nin özü mütəmadi olaraq, xüsusilə də seçkilər öncəsi kiberhücumlara məruz qalır. Bu, bir daha göstərir ki, belə hücumlar əsas etibarilə siyasi motivlidir və dünyada, regionda siyasi, yaxud sosial gərginliyə vəsilə olan hər hansı bir gündəm fonunda kiberhücumlar qaçılmazdır. Ona görə də müasir çağırışlardan çıxış edərək, Azərbaycanın kibertəhlükəsizliyini mümkün qədər gücləndirilməsinə ehtiyac var.

Ötən il Azərbaycana qarşı baş verən kiberhücumlar fonunda Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, kibertəhlükəsizlik artıq virtual məsələ olmaqdan çıxıb və fiziki təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Deməli, kibersərhədlərimiz də ən azı dövlət sərhədlərimiz qədər güclü qorunmalı və ölkə daxilindəki hər hansı bir anlaşılmazlıqdan dövlətimizə, xalqımıza qarşı istifadə edilməsinə imkan verilməməlidir.

Elxan Qüdrətoğlu

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol