Noyabrın 3-də ABŞ-da Nümayəndələr Palatasının bütün 435 üzvü, Senatın isə 33 üzvü yenidən seçiləcək. ABŞ-da ictimai rəyi öyrənən mərkəzlərin məlumatlarına görə, seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasında üstünlük əldə edəcəyi gözlənilir.
ABŞ-dakı analitiklərin əksəriyyəti bunun səbəbini Prezident Donald Trampın yürütdüyü siyasətdə görür. Hazırda Trampın populyarlıq reytinqi 30 faiz civarındadır və o, getdikcə ictimai nüfuzunu itirir. Əlbəttə ki, buna səbəb təkcə onun apardığı siyasət deyil, həm də çıxışlarıdır. Eyni məsələ ilə bağlı bir-birini təkzib edən fikirlər səsləndirməsi artıq mənfi mənada adi hal alıb.
Şübhəsiz ki, Trampın apardığı siyasət və davranış tərzi Respublikaçılar Partiyasının nüfuzuna təsirsiz ötüşmür və ona xələl gətirir. Tramp çıxışlarının absurdluğunu özü də yaxşı anlayır. Bu yaxınlarda keçirilən mitinqlərin birində onun “Mən ən axmaq şeyləri danışa bilərəm, siz isə məni alqışlayırsınız” deməsi, əslində, hər şeyi aydın şəkildə ortaya qoyur.

Buradan belə anlaşılır ki, onun ziddiyyətli siyasi addımları qətiyyən əqli pozğunluq və ya yaşla bağlı deyil. O, bu taktikanı çətin vəziyyətlərdən çıxmaq üçün bilərəkdən seçib.
Amma seçicilərin Trampa qarşı narazılığının Respublikaçılar Partiyasından üz döndərmələri ilə nəticələnəcəyi gözlənilir. Tramp yenidən prezident seçiləndən sonra ABŞ xalqına verdiyi vədləri yerinə yetirməyib, üstəlik, mövcud problemlərin üzərinə yeniləri gəlib. Trampın xarici siyasətinin ən böyük fiaskosu İrana qarşı apardığı müharibədir və bu istiqamətdə vəziyyətdə müsbət heç nə görünmür.
Digər tərəfdən, Tramp hakimiyyətə gəlməzdən əvvəl Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində dayandıracağını deyirdi. Lakin bu məsələ ətrafında nə qədər müzakirələrin və gərginliyin yaşandığının şahidi olduq. Trampın xüsusi təmsilçiləri, kürəkəni Cared Kuşner və dostu Stiv Uitkofun apardığı mənasız danışıqlardan heç bir nəticə əldə olunmayıb.
Tramp faktiki olaraq Qərb dünyasını parçalayıb və hazırda Avropa və Kanada ilə münasibətlər ən kəskin həddədir. ABŞ NATO-dakı öhdəliklərindən boyun qaçırır.

Trampın Çinə qarşı yürütdüyü proteksionist siyasət real nəticə verməyib. Venesuela neftinin ələ keçirilməsi isə ABŞ-da daxili yanacaq qiymətlərinə hələlik müsbət təsir göstərməyib. Qrenlandiya ilə əlaqədar Danimarka ilə bağlanmış müqavilənin sadə vətəndaşlar üçün əhəmiyyəti də qətiyyən hiss olunmur.
Belə bir vəziyyətdə Tramp ölkədə dizel yanacağının qiymətinin yüksək olmasını Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrlə əlaqələndirir. Halbuki, Rusiya ilə Ukrayna arasında müharibə artıq beş ildir davam edir. Hətta Trampın özü Zelenskiyə “Tomahawk” qanadlı raketləri verəcəyini vəd etmişdi. Məlum olduğu kimi, Tramp vəziyyətdən çıxış yolu kimi Rusiyadan dizel yanacağı almağa göstəriş verib.
ABŞ-ın daxili bazarında yanacağın qiymətinin yüksəlməsi Hörmüz boğazının bağlanması ilə əlaqədardır. Lakin Tramp bunu deyə bilməz, çünki belə olduğu təqdirdə o, öz siyasətinin uğursuzluğunu etiraf etmiş olar. Ona görə də Tramp olduqca bəsit məntiqlə bütün günahı Ukraynanın üzərinə yıxmağa çalışır. O, ölkədə dizel yanacağının qiymətinin yüksək olması problemini həll etmək üçün bu ilin sonuna qədər Rusiyadan 1,8 milyon ton dizel yanacağı alınmasını planlaşdırır. Statistikaya görə, birincisi, ABŞ-da dizel yanacağı qıtlığı yoxdur, ikincisi isə, bu həcm Amerikanın təxminən beş günlük tələbatına bərabərdir.

Qəribəsi odur ki, Rusiyadan yanacaq alan ölkələrə rüsumların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi ABŞ Senatında yenicə qəbul edilib. Əgər məsələyə Trampın məntiqi ilə yanaşsaq, belə çıxır ki, ABŞ ilk növbədə sanksiyanı özünə tətbiq etməlidir.
Əslində, bunu ABŞ-ın dizel yanacağı ilə təmin edilməsi məqsədi daşıyan addım kimi deyil, Trampın seçkiqabağı PR aksiyası kimi qiymətləndirmək lazımdır. Məlumdur ki, Tramp İranla apardığı müharibədə istədiyinə nail olmadığını söyləyə bilməz. Ona görə də bəhanə uyduraraq bütün günahı Ukraynanın üzərinə yıxır. Bu, olduqca bəsit bir gedişdir.
Yürütdüyü qeyri-ciddi siyasətə görə, bir çox respublikaçı Trampı tənqid edir. Onların arasında keçmiş vitse-prezident Mayk Pens də var. O, Trampın hərəkətlərini senator Lindsi Qrehemin irsinə xəyanət kimi qiymətləndirib. Hazırda Trampı dəstəkləyən MAGA tərəfdarları da onun siyasətini bütövlükdə qəbuledilməz sayırlar. ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson isə neftin qiymətinin yüksəlməsinin Hörmüz boğazının blokadaya alınması ilə bağlı olduğunu deyir.

Respublikaçı konqresmen Don Bekon Trampı güclü liderlə əvəzləməyin vacib olduğunu bildirib: “Bizə azad dünyaya liderlik etmək vəzifəsinin öhdəsindən gələ biləcək bir prezident lazımdır”.
Konqresin respublikaçı üzvü Brayan Fitzpatrik Trampın Putinlə yanacaq razılaşmasına sərt münasibət bildirib.

O, sosial şəbəkə hesabında yazıb: “Biz Rusiyadan istənilən neft alışını bloklamaq məqsədilə ikipartiyalı qanun layihəsi təqdim edəcəyik. Bu qanun layihəsi “Ronald Reyqanın Sülhün Güc Vasitəsilə Təmin Edilməsi Aktı” adlanacaq. Layihənin Nümayəndələr Palatasının plenar iclasına çıxarılması üçün vəzifədən azadetmə prosedurundan istifadə ediləcək və qanun layihəsi böyük səs çoxluğu ilə qəbul olunacaq”.
Trampın Rusiyadan dizel yanacağı tədarük etmək istəyi, təbii ki, ABŞ-ın bu yanacağa olan tələbatının heç cüzi hissəsini belə ödəmir. Trampın bu qərarının arxasında Rusiyaya milyardlar qazandırmaq məqsədinin dayanması versiyası da inandırıcı görünmür. Trampın başlıca məqsədi seçkilərdə ağır məğlubiyyətdən yaxa qurtarmaqdır. O, çox yaxşı dərk edir ki, Respublikaçılar məhz onun ucbatından səs itirəcəklər. Buna görə də Tramp heç olmasa, böyük məğlubiyyətə uğramaqdan yaxa qurtarmağa çalışır.

Əgər Demokratlar Senatda böyük səs çoxluğu qazansalar, onlar Trampın vəzifədən uzaqlaşdırılması üçün impiçment prosesinə başlaya bilərlər. Trampı təlaşa salan təkcə Demokratların hər iki palatada çoxluğu ələ keçirməsi deyil. Artıq o, öz partiyasından gələ biləcək zərbədən də qorxur. Senatda onun öz partiyasından olan əleyhdarları Demokratlarla həmrəy olsalar, Trampın impiçmentə məruz qalması ehtimalı yüksələr. Bir çox analitikin fikrincə, Trampdan narazı qalan respublikaçılar Demokratlarla əlbir olaraq ona qırmızı vərəqə göstərə, yəni impiçment qərarının qəbulunu dəstəkləyə bilərlər. Bu baxımdan, impiçmentin baş tutması real görünür.
Trampın vəzifədən uzaqlaşdırılması üçün senatorların ən azı üçdə ikisi onun təqsirli olduğuna səs verməlidir. Bunun üçün 100 senatorun 67-nin onun əleyhinə səs verməsi lazımdır. Trampın birinci prezidentlik müddətində iki dəfə impiçmentdən qurtulmasının səbəbi Senatdakı respublikaçıların onun əleyhinə səs verməmələri ilə bağlı idi. Hazırda vəziyyət fərqlidir. Əgər Tramp partiyadaxili tənqidlərdən lazımi nəticə çıxarmazsa, bəzi narazı respublikaçılar ona qarşı impiçment qərarının qəbul edilməsini dəstəkləyə bilərlər.
Ona görə də Tramp gələcəkdə çətin vəziyyətlə qarşılaşarsa, öz ənənəvi siyasi fəndgirliyini işə salaraq Rusiyadan dizel yanacağı alışından dərhal imtina etməklə yanaşı, Vladimir Putini kəskin tənqid edib, Zelenskini tərifləsə, təəccüblənməyə dəyməz. Çünki yuxarıda qeyd olunduğu kimi, bu, Trampın taktiki siyasi modelidir.
Vaqif Nəsibov
"AzPolitika.info"


Şərhlər