Menu

"Ukraynanın suverenliyi ticarət obyekti deyil" – Yuşşenko Trampa açıq məktub ünvanladı

14.10.2026, 17:25
"Ukraynanın suverenliyi ticarət obyekti deyil" – Yuşşenko Trampa açıq məktub ünvanladı

"Zülmkarlarla razılaşmırlar – onları dayandırırlar!"

Ukraynanın üçüncü Prezidenti Viktor Yuşşenko ABŞ Prezidenti Donald Trampın ünvanına açıq məktub ünvanlayıb. Məktubda Kiyevin Qərb tərəfdaşları ilə münasibətləri, suverenlik məsələləri, eləcə də Rusiya ilə mümkün güzəştlər və enerji ticarəti ilə bağlı kəskin tənqidi fikirlər yer alıb.

Məktubun əsas leytmotivi ukraynalıların azadlıqsevərliyi və torpaqlarına olan bağlılığıdır.

Viktor Yuşşenko qeyd edir ki, azadlıq ukraynalılar üçün sadəcə siyasi bəyannamələrdəki söz deyil, dərin genetik kod və əcdadlardan qalan mirasdır: "Biz xalq-əkinçiyik, kimliyimiz öz evimizə, tarlamıza və doğma səmamıza olan sevgidən cücərir. Biz heç vaxt özgəyə göz dikməmişik, amma özümüzünkünü verməyə də öyrəşməmişik”.

Keçmiş prezident Rusiya ordusunun Ukrayna şəhərlərinə – Kiyevə, Zaporojyeyə, Odessaya, Dniproya və Xarkov vilayətinə raket zərbələri endirdiyini, dinc sakinləri və uşaqları hədəf aldığını xatırladıb. O, xüsusi olaraq vurğulayıb ki, ABŞ rəhbərliyindən hər hansı "güzəştlər" və ya Putinlə sövdələşmələr barədə bəyanatlar səslənən kimi, Kremlin dərhal yeni qanlı zərbələrlə cavab verməsi təsadüfi deyil.

Yuşşenko Ukraynaya kənardan verilən dərsləri və ölkəyə "dayanmaq" çağırışlarını sərt şəkildə qınayıb. Məktubda Rusiya dizelinin ticarətinə "yaşıl işıq" yandırılması tənqid olunur. Qeyd olunur ki, bu ticarətdən əldə olunan hər dollar Ukrayna evlərinə atılan raketlərə çevrilir.

Həmçinin məktubda Ukraynanın hər hansı bir korporasiya və ya daşınmaz əmlak alqı-satqı obyekti olmadığı, xalqın öz taleyini və rəhbərini özünün təyin edəcəyi bildirilib.

Viktor Yuşşenko ABŞ-yə xatırladıb ki, 1994-cü ildə Ukrayna dünyada üçüncü nüvə potensialından könüllü imtina edib və ABŞ da daxil olmaqla böyük dövlətlər Budapeşt Memorandumu ilə Kiyevə təhlükəsizlik və sərhədlərin toxunulmazlığı zəmanəti veriblər.

Eyni zamanda, tarixi paralellər aparılaraq 1930-cu illərdə ABŞ-nin Yaponiyaya neft sataraq "sabitlik" qazanmağa çalışmasının Pearl Harbor faciəsi ilə nəticələndiyi xatırladılıb. Yuşçenko həmçinin İkinci Dünya Müharibəsi zamanı amerikalılarla ukraynalıların çiyin-çiyinə vuruşduğunu (məsələn, İvodizimə ABŞ bayrağını qaldıran ukraynalı Mixaylo Strenk və s.) qeyd edib.

Məktubun sonunda Yuşçenko qətiyyətli mövqeyini bir daha bəyan edib:"Ukrayna identikliyi – əyilməzlikdir. Biz heç vaxt, eşidirsinizmi, heç vaxt və heç kimə öz torpağımızı verməyəcəyik". "Zülmkarlarla razılaşmırlar – onları dayandırırlar!"

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol