Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, sərhədlərin delimitasiya və demarkasiyasının Alma-Ata Bəyannaməsi əsasında aparılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu məntiqə əsasən, sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır. Baş nazir həmçinin sülhlə bağlı da mesajlar verib.
Belə olan halda gələn il yekun sülh imzalana və anklav kəndlər geri qaytarıla bilərmi?
Mövzunu "Azpolitika" ya şərh edən politoloq Elmir Səftərov bildirib ki, Azərbaycan sülhün əldə olunması, sabitliyin təmin edilməsi, regional əməkdaşlığın inkişafı istiqamətində böyük işlər görür:
"Ona görə də hazırda sülh müqaviləsinin imzalanması daha çox Ermənistanın siyasi iradəsindən və səmimiyyətindən asılıdır. Belə ki, Ermənistan Azərbaycan torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən hüquqi sənədlərindəki müvafiq müddəaları aradan qaldırmalıdır. Bu istiqamətdə real addımlar atılacağı təqdirdə, sülh müqaviləsinin daha qısa müddətdə imzalanması mümkün ola bilər. Məsələnin digər aspekti isə tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesidir. Lakin bu proseslərin uzun müddət tələb etdiyi nəzərə alınsa, o zaman əsas maneə kimi Ermənistanın Konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu ön plana çıxır. Konstitusiya dəyişikliyi isə ilk növbədə, Ermənistanın siyasi iradəsindən asılıdır. Bu baxımdan rəsmi İrəvan həm siyasi elita, həm də cəmiyyət səviyyəsində zəruri iradə nümayiş etdirməli, Azərbaycanla bağlı ərazi iddialarının hüquqi sənədlərdən çıxarılması istiqamətində konkret təşəbbüslər irəli sürməlidir. Baxmayaraq ki, bu istiqamətdə ciddi danışıqlar aparılır, müəyyən mesajlar və müsbət siqnallar verilir, amma Ermənistan tərəfindən hələlik real və konkret addımların atıldığını müşahidə etmirik. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistanın hüquqi sənədlərindəki müvafiq iddialar aradan qaldırılmalıdır. Yalnız bu istiqamətdə zəruri dəyişikliklər həyata keçirildikdən sonra sülh müqaviləsinin yekun şərtləri üzrə dəqiqləşdirmələr aparıla və sənədin imzalanması mümkün ola bilər".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər