Menu

Azərbaycanda yeni standartların sayı 3 dəfəyədək artıb

16.10.2026, 11:51
Azərbaycanda yeni standartların sayı 3 dəfəyədək artıb

Azərbaycanda bu ilin 9 ayında 620 yeni dövlət standartı qəbul edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,8 dəfə çoxdur.

"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin ilk 9 ayında 221 yeni dövlət standartı qəbul edilib. Cari ilin eyni dövründə qəbul olunan standartlardan 92-si nəqliyyat, 62-si qida texnologiyası və kənd təsərrüfatı, 43-ü isə mebel sahəsini əhatə edib.

İ.Həsənov qeyd edib ki, 2021-ci ildə Azərbaycanda 36 dövlət standartı qəbul edildiyi halda, 2025-ci ildə bu rəqəm 345-ə çatıb. Beləliklə, 2025-ci ildə qəbul olunan standartların sayı 2021-ci illə müqayisədə 9,6 dəfə artıb.

Agentlik rəsmisi bildirib ki, növbəti mərhələdə standartların sayının artırılması ilə yanaşı, onların iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırılması, sahibkarlar üçün əlçatanlığının genişləndirilməsi və praktik tətbiqinin təşviqi də diqqətdə saxlanılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol