Menu

MÜHARİBƏ CİNAYƏTLƏRİNƏ HÜQUQİ QİYMƏT- Baki məhkəməsinin tarixi əhəmiyyəti

16.10.2026, 17:40
MÜHARİBƏ CİNAYƏTLƏRİNƏ HÜQUQİ QİYMƏT- Baki məhkəməsinin tarixi əhəmiyyəti

Bakıda hərbi cinayətlərdə ittiham olunan şəxslər üzərində keçirilən məhkəmə prosesi regionun siyasi və hüquqi gündəmində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Proses təkcə Azərbaycan xalqına qarşı törədildiyi iddia olunan cinayətlərin araşdırılması baxımından deyil, həm də müharibə dövründə baş verən hadisələrə hüquqi qiymət verilməsi və məsuliyyət məsələsinin gündəmə gətirilməsi baxımından diqqət çəkir. 

Bu məhkəmə prosesi mahiyyəti və qarşıya qoyduğu məqsədlər etibarilə İkinci Dünya müharibəsindən sonra nasist rəhbərliyinin mühakimə olunduğu Nürnberq tribunalı ilə müqayisə edilir. Hər iki prosesdə müharibə zamanı törədilmiş ağır əməllərin araşdırılması və fərdi məsuliyyət prinsipinin əhəmiyyəti ön plana çıxır. Bununla belə, Nürnberq tribunalı beynəlxalq hərbi tribunal kimi fəaliyyət göstərdiyi halda, Bakıdakı proses Azərbaycan milli məhkəmə sistemi çərçivəsində həyata keçirilib.

Bəs Bakıda keçirilən məhkəmə prosesini Nürnberq tribunalı ilə hansı xüsusiyyətlər baxımından müqayisə etmək olar? Bu prosesin hüquqi, siyasi və tarixi əhəmiyyəti nədən ibarətdir? Müharibə cinayətlərinə görə məsuliyyətin müəyyənləşdirilməsi regionda davamlı sülhün və ədalətin təmin olunmasına necə təsir göstərə bilər?

Mövzunu "Azpolitika.info"ya şərh edən politoloq Faiq Ələkbərli bildirib ki, dövlət suverenliyimizin bərpasına mane olan şəxslər məhz Azərbaycan məhkəməsi qarşısında cavab verməli idi: "Bu baxımdan Bakıda keçirilən proses məhz Nürnberq məhkəməsi ilə eynilik təşkil edə bilər. Çünki Nürnberq prosesi və orada baş verənlər İkinci Dünya Müharibəsinin ağır nəticələrini, eləcə də bunu yaradanların mühakiməsini özündə ehtiva edən məhkəmə idi. Bakıda isə məhz müharibələr dönəmində Azərbaycan xalqına qarşı cinayət törədənlərin məhkəməsi keçirilib. Bu məhkəmə beynəlxalq prosesə çevrilməsə də, tarixdə mühüm iz qoyacaq. Hər halda ortada müəyyən bir regionda baş verən qətliamlar, cinayətlər var. Bu cinayəti törədənlərin Bakı prosesində mühakimə olunması və onlara müəyyən cəzalar kəsilməsi çox böyük anlam daşıyır. Bu da onu göstərir ki, hansısa dövlət və cəmiyyət öz iradəsindən geri çəkilməsə və mübarizə aparsa, o zaman qalib gələ bilər. Xüsusilə, sözügedən prosesdə dövlətin, cəmiyyətin liderinin ön planda olması çox mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət böyük əhəmiyyət kəsb edir. Əslində Bakı prosesi bir növ tarixə həm Ali Baş Komandanın, həm də xalqımızın adını yazdırır. Bunun anlamı isə bizim üçün çox böyükdür"

Ekspert əlavə edib ki, cinayətkarların cəzalandırılması dövlətimizin qarşısında duran mühüm vəzifələrdən biridir və sülh prosesi baxımından da xüsusi əhəmiyyət daşıyır: "Söhbət dövlətimizin maraqlarından və milli məsələlərimizdən gedir. Bu baxımdan, baş verən hadisələrə hüquqi və siyasi müstəvidə yanaşmaq, məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsi və məsələnin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq vacibdir. Qarabağ münaqişəsi zamanı baş verən hadisələrə nəzər saldıqda, müharibəyə səbəb olan amillərin, eləcə də dinc əhaliyə qarşı törədilən əməllərin araşdırılmasının əhəmiyyəti aydın görünür. Azərbaycan xalqına qarşı törədilən cinayətlərə hüquqi qiymət verilməsi və bu əməllərə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması məsələsi diqqətdə saxlanılır.

Sözügedən məsələyə yalnız keçmişin hadisəsi kimi yanaşmaq düzgün olmaz. Çünki müharibə cinayətlərinə görə məsuliyyətin müəyyən edilməsi gələcəkdə oxşar hadisələrin təkrarlanmaması, regionda təhlükəsizliyin təmin olunması və xalqlar arasında etimadın formalaşması baxımından da əhəmiyyətlidir".

Politoloqun sözlərinə görə, digər tərəfdən, bu prosesin siyasi və diplomatik tərəfləri də nəzərə alınmalıdır: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin perspektivləri və gələcək əməkdaşlıq imkanları mövcud problemlərin həllindən birbaşa asılıdır. Sülhün davamlı olması üçün siyasi bəyanatlarla yanaşı, konkret addımların atılması da vacibdir. Məhz buna görə də müharibə dövründə baş verən hadisələrə hüquqi qiymət verilməsi, məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsi və ədalətin təmin edilməsi məsələsi aktual olaraq qalır".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol