Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə səsləndirdiyi bəyanat geniş rezonans doğurub.
Dövlət başçısı çıxışında qətiyyətlə bildirib: "Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar".
Bu fikirləri “AzPolitika”ya şərh edən siyasi ekspert Polad Mehdiyev bildirib ki, Ermənistan dövləti və silahlı qüvvələri, o cümlədən Qarabağdakı separatçı rejimi dəstəkləyən mütəşəkkil cinayətkar dəstələr tərəfindən Azərbaycan xalqına qarşı beynəlxalq cinayət hüququnda təsbit olunmuş ağır cinayətlər töradilmişdir.

Polad Mehdiyevin sözlərinə görə, bu cinayətlərə təcavüz, genosid, müharibə cinayətləri və bəşəriyyət əleyhinə əməllər daxildir:"Rəsmi İrəvan bu hərəkətləri ilə Cenevrə konvensiyaları ilə üzərinə götürdüyü bütün öhdəlikləri kobud şəkildə pozub. Lakin Azərbaycan Respublikası tərəfindən həmin şəxslərə qarşı cinayət işləri açılıb və hazırda Azərbaycan məhkəmələrində separatçı şəxslərin və cinayətkarların bir qismi ilə bağlı məhkəmə prosesləri davam edir. Eyni zamanda, digər şəxslər, xüsusən Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan başda olmaqla, Azərbaycan tərəfindən axtarışa verilib və onların cinayət məsuliyyətinə cəlb olunmaları üçün zəruri tədbirlər görülür".
Siyasi ekspert vurğulayıb ki, səsləndirilən müraciətdə Nürnberq tribunalı təcrübəsi, separatçıların məsuliyyətə cəlb olunması, beynəlxalq hüququn rolu və bu məsələlərin beynəlxalq müstəvidə həlli perspektivləri hərtərəfli şəkildə təhlil olunur.
Polad Mehdiyev Nürnberq Tribunalının mahiyyətinə toxunaraq qeyd edib ki, bu tribunal 1945-ci il avqustun 8-də ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Londonda imzalanmış saziş əsasında nasist Almaniyasının hərbi cinayətkarlarını məsuliyyətə cəlb etmək üçün təsis edilmişdi: "Tribunalın əsas təməl prinsipi dövlət və ya hər hansı siyasi vəzifə tutmağın şəxsi (fərdi) məsuliyyətdən azad etməməsidir. Bu prinsipə görə, separatçıların hər hansı bir vəzifə tutması onların bəşəriyyətə və insanlığa qarşı törөtdikləri cinayətlərə görə məsuliyyətdən azad olunmasına heç bir hüquqi əsas vermir".
Ekspert təəssüflə qeyd edib ki, bir çox hallarda beynəlxalq müstəvidə dövlətlər hüquqi norma və prinsiplərdən daha çox siyasi yanaşmalara üstünlük verirlər ki, bu da həmin şəxslərin tutularaq təhvil verilməsi məsələsini çətinləşdirir və prosesi siyasiləşdirir.
Bununla belə, Polad Mehdiyev hesab edir ki, beynəlxalq məhkəmələr tərəfindən müvafiq şəxslər barəsində sanksiyaların və ya orderlərin çıxarılması Azərbaycan tərəfinə təhvil verilməsi ehtimalını artıra bilər.
Onun sözlərinə görə, hal-hazırda Azərbaycanda aparılan istintaq prosesində toplanan sübutlar – zərərçəkmişlərin ifadələri və faktiki materiallar gələcəkdə beynəlxalq məhkəmələrə müraciət etmək üçün möhkəm hüquqi baza yaradır. Bütün bunlar Beynəlxalq Ədalət Məhkəməsində və ya digər tribunalarda işin perspektivli olması üçün etibarlı zəmin formalaşdırır.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər