Artıq iki gündən çoxdur ki, Rusiya aeroportları, xüsusilə də paytaxt Moskva və qismən də Sankt-Peterburq hava limanları fəaliyyət göstərə bilmir. Səbəb Ukrayna PUA-larıdır.
“AzPolitika” xəbər verir ki, ötən gecə Moskva şəhəri növbəti dəfə Ukrayna dronları tərəfindən hücuma məruz qalıb. Moskva meri Sergey Sobyanin bu barədə sosial mediada paylaşım edib və dron hücumunun dəf edildiyini bildirib.
Hakimiyyət orqanlarının məlumatına görə, Moskvaya təkcə ötən gecə 29 dron hücum edib. Tələfat və ya infrastruktura dəyən ziyan barədə məlumat verilmir.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) nümayəndəsi Moskvanın üç hava limanında - Vnukovo, Domodedovo və Jukovskidə "Xalça" planının tətbiq olunduğunu elan edib. Rosaviasiya bağlanmanın konkret səbəbini açıqlamasa da, məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu bildirib.
Srağagün axşamdan başlayaraq, eləcə də dünən bütün gün ərzində Rusiya paytaxtındakı bütün hava limanlarının fəaliyyətində fasilələr yaranıb. Əslində, ondan əvvəlki günlərdə də eyni mənzərə müşahidə olunub. Ukrayna dronlarının hücumları səbəbindən Moskva hava qovşağındakı bütün dörd hava limanında əməliyyatlar dayandırılıb. Məhdudiyyətlər həm eniş, həm də uçuşlara təsir göstərib. Təkcə dünən 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib.
Aviaşirkətlər Moskvaya enə bilməyən təyyarələri əsasən Nijni Novqoroda yönəldirlər. Oradan sərnişinlər avtobuslarla Moskvaya daşınır. Bu isə əlavə 500 kilometr məsafə deməkdir.
Bu arada “Flightradar24” məlumatlarına görə, iki gündür Moskva üzərindən demək olar ki, sərnişin uçuşları həyata keçirilməyib.
Dron hücumları təhlükəsi səbəbindən səma daim bağlıdır və uçuşlar gecikir, ya da ləğv edilir.
Bəs bu vəziyyətdə xüsusilə də paytaxt Moskvada yaşayan, işləyən azərbaycanlılar Vətənə necə gələ bilir? Məlum məsələdir ki, quru sərhədləri bağlıdır və həmvətənlərimiz yenə hansısa hava yolundan istifadə etməlidirlər.
Müşahidələr göstərir ki, xüsusilədə Moskvadakı həmvətənlərimizin əksəriyyəti artıq xeyli müddətdir davam edən bu problemi həll etmək üçün Belarusa üz tuturlar. Belə ki, son zamanlar əvvəlki dövrlərdən fərqli olaraq, Belarus paytaxtı Minskdən Bakıya uçan təyyarələr demək olar, tamamilə dolu olur.
Üstəlik, bu reysə əvvəlki nisbətən kiçik, maksimum 114 sərnişin daşıya bilən və çox zaman yarıya qədər güclə dolan “Embraer-190”-lardan fərqli olaraq, daha böyük tutumlu, 190-dək sərnişin götürə bilən “Boeing 737-800” tipli iri təyyarələr buraxılır. Reysləri “Belavia” həyata keçirir. Belə reyslərin birində Minskdən Bakıya qayıdan “AzPolitika” əməkdaşının da bildirdiyi kimi, reyslərdəki sərnişinlərin böyük əksəriyyəti Rusiyada yaşayan həmvətənlərimiz olur…
Yeri gəlmişkən, bu uşuşların qiyməti də kifayət qədər bahadır və Minskdən Bakıya uçmaq bir nəfər üçün təxminən 500 manata başa gəlir. Buna baxmayaraq, Moskvadakı həmvətənlərimiz əvvəlcə avtobusla, yaxud qatarla 700 kilometrdən çox yol qət edərək Minskə gəlməli və oradan Bakıya uçmalı olurlar...
Qeyd edək ki, Minskdən Bakıya uçan təyyarələr də Rusiya hava məkanından, hətta Moskva səmasından istifadə edirlər. Lakin onların uçuş hündürlüyü təxminən 10 min metr olduğu və PUA-ların əsasən 2-3 min metr hündürlükdə uçduğu nəzərə alındıqda, PUA təhlükəsi onlara şamil edilmir. Bu təhlükə əsasən kiçik hündürlüklərdə - hava limanlarına eniş və oradan uçuş zamanı yaranır. Ancaq bu, heç də Rusiya, xüsusilə də Moskva kimi iri şəhərlərin üzərindən uçuşların tam təhlükəsiz olması anlamına gəlmir.
Bir sözlə, Ukraynada davam edən müharibənin əziyyətini Rusiya və Ukrayna ilə yanaşı, bütün dünya, əsasən də qonşu ölkələr çəkməkdədir. Bunu xüsusilə də savaşda birbaşa iştirak edən hər iki ölkədə yaşayan həmvətənlərimiz öz üzərində daha çox hiss etməkdədirlər.
E.Qüdrətoğlu
“AzPolitika.info”


Şərhlər