Menu

YENİ YALTA KONFRANSI... - Putin Tramp və Siyə görüş təklif edib

19.10.2026, 11:36
YENİ YALTA KONFRANSI... - Putin Tramp və Siyə görüş təklif edib

“Ukrayna müzakirə edilsin, amma Zelenski olmasın…”

Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Çin rəhbəri Si Cinpinlə Ukraynadakı müharibənin Kremlin şərtləri ilə başa çatmasını müzakirə etmək üçün üçtərəfli görüş təklif edib. 

“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Putin bu məsələni oktyabrın 9-da Trampla telefon danışığı zamanı qaldırıb. Xüsusilə, o, danışıqların 18-19 noyabr tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu) sammitində təşkilini təklif edib. Mənbənin bildirdiyinə görə, Putin bunu yeni Yalta Konfransı keçirmək və dünyanı təsir dairələrinə bölmək üçün bir fürsət kimi görür. Həmçinin, Putinin bu görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakının əleyhinə olduğu və Ukraynanın Ukraynasız müzakirə edilməsini istədiyi bildirilir.

Eyni zamanda, Moskva potensial üçtərəfli dialoqa Rusiyanın böyük dünya gücləri klubunda üzvlüyünə bir yol kimi baxır. Putin bu statusu 2000-ci ildə Kremlə gəlişindən bəri əldə etməyə çalışıb. Bu format həmçinin Kremlin Ukraynadakı qələbəyə əsas maneə kimi gördüyü Avropanı kənarda qoyur.

Yüksək vəzifəli ABŞ rəsmisi Rusiya Prezidentinin təklifini təsdiqləyib. O bildirib ki, Tramp hələ görüşə razılıq verməyib, lakin müharibəyə son qoymaq üçün seçki kampaniyası vədinə əməl etmək istədiyi üçün bu ideyanı dəstəkləyə bilər.

ABŞ Dövlət katibi Marko Rubio da xəbəri dolayısı ilə təadiqlətib. Rubionun sözlərinə görə, belə bir görüşlə bağlı danışıqlar artıq aparılıb: "Görüşlə bağlı müzakirələr aparılıb. Hələ bunların yekunlaşdırılıb-yekunlaşdırılmadığını bilmirəm, amma prezident bunu açıq şəkildə bildirib: o, Ukrayna və Rusiyadakı müharibənin bitməsini istəyir".

Rusiya-Çin danışıqlarına yaxın mənbələr WSJ-yə bildiriblər ki, Pekin üçtərəfli görüşə qarşı deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov nəşrə təsdiqləyib ki, hazırda ABŞ, Çin və Rusiya liderləri arasında sammit müzakirə olunur.


Peskov deyib: "Hələlik görüşün özü və ya potensial gündəliyi ilə bağlı dəqiq bir anlaşma yoxdur, baxmayaraq ki, hər üç tərəf belə bir görüşün keçirilməsinin hipotetik ehtimalını qəbul edir".

Ağ Ev üçtərəfli sammitlə bağlı şərh verməkdən imtina edib və ABŞ-dəki Çin səfirliyi WSJ-nin sorğusuna cavab verməyib. Nəşrə danışan keçmiş Rusiya kəşfiyyat zabiti bildirib ki, Putin əvvəllər Tramp və Si Cinpin arasında Ukrayna ilə bağlı görüş təklif etmişdi, lakin bu dəfə təşəbbüs Moskvanın Vaşinqtonla münasibətlərində müsbət dönüş fonunda irəli sürülüb. Belə ki, 9 oktyabrda iki tərəf ABŞ-nin Rusiya dizel yanacağını alması və onun qlobal bazarda satışını asanlaşdırması barədə müqavilə imzalayıb.

Qeyd edək ki, ötən gün Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə müharibəyə son qoymaq istəməməkdə günahlandırıb.

“İki il əvvəl o, indikindən daha əlverişli şərtlərlə danışıqlar apara bilərdi. Onun ölkəsi xarabalığa çevrilib, ərazisinin əhəmiyyətli bir hissəsi itirilib, artıq okeanlara və dənizlərə çıxışı yoxdur və orada az sayda adam qalıb - onlar yaralı və ya ölüdür”, - deyə Tramp sosial media hesabı olan “Truth Social”-da yazıb.

Zelenski isə öz növbəsində Ağ Ev rəhbərini Ukraynanı Rusiyaya təslim olmağa məcbur etməkdə günahlandırıb: “Ukraynanı təslim olmağa məcbur etmək üçün addımlar atılır. Düşünmək istəmirəm ki, amerikalı tərəfdaşlarımız müharibənin Ukraynanın hesabına daha tez başa çatdırıla biləcəyinə inanırlar. Amma görünür, bu, tam olaraq belədir”.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol