Menu

“SÜLH GÜNDƏLİYİ ZƏHƏRLƏNİB...” – Bakı-İrəvan xəttində nə baş verir?

20.10.2026, 10:48
“SÜLH GÜNDƏLİYİ ZƏHƏRLƏNİB...” – Bakı-İrəvan xəttində nə baş verir?

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədr müavini, politoloq Fərhad Məmmədov Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin cari vəziyyətini təhlil edib. O bildirib ki, Ermənistanda parlament seçkiləri, hökumətin formalaşdırılması və Hökumət Proqramının qəbulundan sonra sülh gündəliyinin aktivləşəcəyi gözlənilirdi. Lakin son iki ayda sülh gündəliyində konseptual addımlardan daha çox informasiya səs-küyü müşahidə olunur və proses məzmunca pauza vəziyyətindədir.

Politoloqun sözlərinə görə, rəsmi trek 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilmiş de-fakto sülh razılaşmalarının ətaləti ilə davam edir: “Azərbaycan və Ermənistan liderlərinin Bişkekdə keçirilən görüşü hər nə qədər konstruktiv olsa da, ən vacib istiqamətlər üzrə heç bir irəliləyiş nəzərə çarpmır. Ermənistanın yeni Konstitusiya layihəsi hələ də geniş ictimaiyyətə təqdim olunmayıb və referendum barədə isə ümumiyyətlə danışmağa dəyməz. TRİPP-in tikintisi ilə bağlı heç bir tender məlumatı yoxdur, podratçının kim olacağı qaranlıqdır (halbuki relsləri və şpalları əvvəlcədən sifariş etmək lazımdır)”.

Fərhad Məmmədov vurğulayıb ki, konkret addımların atılmadığı iki ay ərzində sülh gündəliyi zəhərlənib ki, bu da vətəndaş cəmiyyəti səviyyəsində ünsiyyətin dayanmasına səbəb olub. Delimitasiya və demarkasiya olunmamış sərhədi keçən Azərbaycan əsgəri ilə bağlı insident isə sülhün qavranılmasına əlavə çətinliklər yaradır.

Ekspert qeyd edib ki, de-fakto sülh bərqərar olub və Azərbaycan ən yüksək səviyyədə bu şərtlərə sadiqdir, bu nailiyyətdən imtina etmək niyyətində deyil: “Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “Bizim sözümüz imzamız qədər qəti və əhəmiyyətlidir”. Bu şəraitdə Ermənistan rəhbərliyi, xüsusilə də baş nazir səviyyəsində, sülh gündəliyi ilə bağlı elə bir kontent yaradır ki, bu, bir tərəfdən qeyri-müəyyənliyi stimullaşdırır, digər tərəfdən isə ümumilikdə sülh prosesindən gözləntilərin səviyyəsini aşağı salır. Ermənistan Baş nazirinin son bəyanatları bunu açıq göstərir.

Bakıdan mütəmadi olaraq xatırladılan razılaşdırılmış sülh gündəliyinin ardıcıllığı mövcuddur: yeni Konstitusiya üzrə referendum, ərazi iddialarından azad olan Konstitusiyanın qəbul edilməsi və yalnız bundan sonra Sülh Sazişinin imzalanması və ratifikasiyası, dövlətlərarası münasibətlərin qurulması. Hər şey Ermənistan rəhbərliyindən asılıdır – referendumun Ermənistanda nə vaxt elan olunub keçiriləcəyi, 6 ay, 1 il, yoxsa 2 ildən sonra olacağı Ermənistan hökumətinin öz qərarıdır”.

Politoloq xatırladıb ki, “Azərbaycan gözləməyi bacarır...” və bunu son illər ərzində dəfələrlə görmək mümkün olub. Yeni Konstitusiya qəbul edilmədən sülh müqaviləsi imzalanmayacaq.

Ekspert hesab edir ki, anklavlar/eksklavlar mövzusu Ermənistanda heç bir əsas olmadan aktuallaşdırılıb, çünki hökumətlərarası komissiya çərçivəsində bu məsələ müzakirə olunmur. “Bunu məhz Ermənistan tərəfindən komissiyanın həmsədri, baş nazirin müavini Mger Qriqoryan da təsdiqləyib. Hökumətlərarası komissiyanın reqlamenti və birgə işin bütün müşayiətedici sənədləri təsdiq edilib, sərhədin şimaldan cənuba doğru müəyyənləşdirilməsi əsas götürülüb. Yeganə istisna yalnız TRİPP-in giriş-çıxış nöqtələrindəki sərhəd sahəsi ola bilər ki, o da aktuallaşdığı zaman müzakirə oluna bilər. Eksklavlar/anklavlar mövzusunda heç bir razılaşmadan deyil, hətta müzakirələrdən belə söhbət getməyib”, – deyə o bildirib.

Fərhad Məmmədov qeyd edib ki, Ermənistan Baş nazirinin ərazilərin mübadiləsindən danışması elə bir təəssürat yaradır ki, guya bu mövzu ətrafında danışıqlar aparılır: “Yoxsa Baş nazir bununla Ermənistanın hökumətlərarası komissiyanın işində iştirakını şərtləndirir? Bu, Azərbaycanla bağlı məsələlərdə tamamilə perspektivsiz, komissiyanın işinin səmərəliliyi baxımından isə əks-məhsuldardır”.

F. Məmmədov yekunda vurğulayıb ki, nəticədə reallıqla heç bir əlaqəsi olmayan böyük həcmdə məlumat, müzakirə və nəticələr əldə edirik: “Sülh gündəliyi isə real hadisələrə, prinsipial qərarlara və iradəli addımlara ehtiyac duyur. Razılaşdırılmış gündəliyin şərtlərini transformasiya etmək ümidi ilə bölgədə hər hansı dəyişikliklər gözləmək sülh gündəliyinə olan etimadı daha da azalda bilər”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol