“Prezident Putin heç vaxt deməyib ki, biz Ukraynanın kapitulyasiyasını, yaxud bir dövlət kimi yox olmasını istəyirik. Bütün bunları uydurublar”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının hakim partiyadan olan deputatı, Dumanın MDB işləri komitəsinin sədr müavini, Azərbaycanda da yaxşı tanınan Konstantin Zatulin Rusiyanın dövlət kanalının efirində deyib.
Zatulin qatıldığı verilişdə açıq şəkildə Ukrayna üzərində tam qələbə çalmağın, müharibədən əvvəl qarşıya qoyulan “demilitarizasiya”, “denasifikasiya” və s. bu kimi tələblərin yerinə yetirilməsinin, eləcə də Rusiya konstitusiyasına salınmış Ukrayna ərazilərinin hamısının ələ keçirilməsinin mümkün olmadığına eyham vurub.
“Prezident Vladimir Putin keçən il deyib ki, biz onların Luqansk və Donetsk vilayətlərinin, yaxud indiki halda Donbasın qalan ərazisini tərk etməsini gözləyirik. O, Zaporojye və Xerson vilayətlərinin bütün ərazisi barədə heç nə deməyib”, - Zatulin bildirib.
Hakim partiyanın nüfuzlu və Kremlə yaxın nümayəndələrindən sayılan Zatulin Rusiyanın bu müharibədəki qələbəsinin nədən ibarət olacağını isə belə izah edib: “Əgər Ukrayna Silahlı Qüvvələri yaranan şəraitin, Donald Trampın, Vladimir Putinin, bizim hamımızın təzyiqi altında bu ərazidən(Donetsk vilayətindən-red.) çıxarsa, bu o deməkdir ki, biz qələbə qazanmışıq!”.
Bu, belə bir qənaət yaradır ki, Rusiya Donetsk vilayəti ilə kifayətlənmək və qələbəsini elan etmək fikrindədir…
Studiyadakı politoloqlardan biri müharibə başlayarkən bəyan edilən Ukraynanın “demilitarizasiyası”, yəni, silahsızlaşdırılması tələbini xatırladanda isə Zatulin ona belə cavab verib: “Qulaq asın, əgər siz Ukraynanın hərfi mənada demilitarizasiyasında israr edirsinizsə, onda bacarırsınızsa bunu edin. Bunu o zaman edə bilərsiniz ki, Ukraynanın bütün ərazisi bizim nəzarətimizə keçsin. Problem ondadır ki, bu, neçəyə başa gələcək və ümumiyyətlə, nə dərəcədə mümkündür? Belə işdə fantaziya lazım deyil. Niyə qarşımıza təmin etməsi çox çətin olan hədəflər qoymalıyıq?”.
Yəni, Ukraynanın bütün ərazisini işğal etmək mümkün deyil, deməli, demilitarizasiya da olmayacaq…
Xatırladaq ki, müharibədən əvvəl Ukraynanın maksimum 450 min nəfərlik, o qədər də yaxşı təchiz olunmayan ordusu vardı. Hazırda Ukrayna ordusunun sayı təxminən 1.2 milyon nəfərdir.
Üstəlik, bu ordu ən müasir silahlara, PUA-lara, raketlərə, hərbi təyyarələrə, eləcə də istənilən NATO ölkəsinin belə həsəd apara biləcəyi böyük döyüş təcrübəsinə və bacarığına malikdir. Beləliklə, əgər Zatulinin dediyi şərtlərlə bitərsə, müharibənin əsas nəticələrindən biri də bu olacaq…
Elxan Qüdrətoğlu
“AzPolitika.info”


Şərhlər