Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
İki dövlət lideri arasında olduqca müsbət ruhda keçən telefon danışığı göstərdi ki, Prezident İlham Əliyev və Prezident Ərdoğan arasında münasibətlər Türkiyə ilə Azərbaycan arasında dostluğu, qardaşlığı müəyyən edən başlıca faktorlardandır.
Əlbəttə, ictimaiyyət bu telefon danışığının daha tez baş tutmasını gözləyirdi. Hansı ki, bu, Türkiyədə Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə önəmli siqnal olardı.
Məlum olduğu kimi, sentyabrın sonlarından Türkiyədən Azərbaycana qarşı başlanan və bəzi qrupların hələ də davam etdirdiyi yolverilməz, çirkin xarakter alan, həddini aşan kampaniyada bəzi AKP funksionerləri və hakim partiyaya yaxın şəxslər də iştirak edirdi. Hətta onlardan bəziləri irəli gedərək Azərbaycan dövləti, xalqımız, ölkə rəhbərliyi haqqında təhqiramiz fikirlər də səsləndirmişdi.
Təəssüf ki, Türkiyə ilə Azərbaycan arasında uzun illər ərzində formalaşan qardaşlıq münasibətlərinə zərbə vurmaq istəyən bu qüvvələrin Ankarada səfirliyimizin və İstanbulda konsulluğumuz qarşısında 6 aksiya təşkil etməsinin də qarşısı alınmadı. Hansı ki, həmin aksiyalarda da Azərbaycan dövləti və rəhbərliyi haqqında böhtanlar səsləndirilmişdi.
Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyası ( AKP) daxilindən də dəstək alan bu qüvvələrin sosial şəbəkələrdə və bəzi media qurumlarında "terror" əsdirməsi iki qardaş ölkə arasında münasibətləri az qala böhran səviyyəsinə qaldırmışdı. Heç şübhəsiz, belə vəziyyətin yaranmasında Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və AKP-dən olan deputatların da bu kampaniyaya qoşulması rol oynamışdı.
Əlbəttə, Türkiyə dövlətində yüksək vəzifə tutan, eləcə də hakim partiyanın millət vəkili olan şəxslərin Azərbaycan dövlətinə qarşı yönələn belə kampaniyalarda iştirakı yolverilməzdir. Bunun səbəbləri araşdırılmalı, onların kimlərin maraqlarına xidmət etdiyi aydınlaşdırılmalıdır. Ən azı ona görə ki, bir daha bu cür hallar təkrarlanmasın.
Bəli, Azərbaycan və Türkiyə dostdurlar, qardaşdırlar və hər zaman qardaş olaraq qalacaq. Ancaq bu cür kampaniyalar iki ölkə münasibətlərinə zərbə vurur, xalqlarımız arasındakı qardaşlığı zədələyir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türkiyə əlaqələri üçün dediyi "Bir millət, iki dövlət" ifadəsi iki ölkə arasındakı strateji və qardaşlıq bağlarını simvollaşdırır. Bu tezis Azərbaycan ilə Türkiyənin tarixi, mədəni və mənəvi birliyini ifadə edən əsas dövlətçilik şüarlarından birinə çevrilmişdir. Ancaq Türkiyədə aparılan bu cür kampaniyalar Azərbaycan xalqını incidir, bu qardaşlığın dərin yara almasına səbəb olur. Məhz həm də buna görə, qardaşlığımıza zərbə vurmağa çalışanlar bağışlanılmamalı, cəzalandırılmalıdır.
Bu həm də Türkiyə xalqının tələbidir. Məsələ ondadır ki, Türkiyədə Azərbaycana qarşı aparılan kampaniya Türkiyə cəmiyyəti tərəfindən də şiddətlə qınanır. Baş verənlər bir daha göstərdi ki, siyasi dairələrin müəyyən hissəsinin davranışları ilə Türkiyə xalqının Azərbaycana münasibətini eyniləşdirmək olmaz. Türkiyədə Azərbaycanın dövlətçiliyinə, suverenliyinə və Prezident İlham Əliyevə hörmətlə yanaşan, iki ölkə arasındakı qardaşlığın qorunmasını vacib sayan kifayət qədər insan var. Onların mövqeyi də bu həssas dönəmdə xüsusi diqqətə layiqdir.
Bu baxımdan, sabiq baş nazir Binəli Yıldırım, MHP sədri Dövlət Baxçalı kimi siyasətçilərin Azərbaycana münasibəti, qardaşlıq əlaqələrinin qorunmasına verdikləri önəm təqdir olunmalıdır. Belə şəxslərin mövqeyi göstərir ki, siyasi fikir ayrılıqları, gündəlik siyasi maraqlar və ayrı-ayrı dairələrin iddiaları Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini müəyyən etməməlidir. Əsl qardaşlıq münasibəti məhz çətin məqamlarda, emosiyaların və siyasi qarşıdurmaların gücləndiyi vaxtlarda özünü göstərir. Qardaş ölkənin dövlətinə və xalqına qarşı yönələn əsassız ittihamlar qarşısında təmkinli, məsuliyyətli və ədalətli mövqe sərgiləmək də bu münasibətin mühüm göstəricisidir.
Binəli Yıldırım və Dövlət Baxçalının timsalında təqdir edilən yanaşma həm də ona görə əhəmiyyətlidir ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələr ayrı-ayrı şəxslərin və siyasi qrupların mövqeyindən daha geniş məna daşıyır. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi bağlara, qarşılıqlı etimada və strateji müttəfiqliyə söykənir. Ona görə də hər hansı siyasi kampaniyanın bu təməli sarsıtmasına imkan verilməməlidir.
Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycana qarşı kampaniya Türkiyə ictimaiyyətində də narazılıq doğurdu. Türkiyə cəmiyyətinin müxtəlif təbəqələrindən olan insanlar, o cümlədən millətçi çevrələr Azərbaycana qarşı səsləndirilən ittihamlara etirazlarını bildirdilər. Sosial şəbəkələrdəki müzakirələr, ayrı-ayrı şəxslərin açıqlamaları və ictimai reaksiyalar göstərdi ki, Türkiyədə Azərbaycanla əlaqələri milli maraqların mühüm tərkib hissəsi hesab edən geniş bir kəsim mövcuddur.

Bu məqam xüsusilə diqqətəlayiqdir. Çünki Azərbaycan-Türkiyə qardaşlığını qorumaq məsələsi Türkiyənin daxili siyasi düşərgələri arasındakı fərqlərdən üstün tutulmalıdır. İstər hakim partiyanın tərəfdarları, istər müxalif siyasi qüvvələr, istərsə də müxtəlif ideoloji baxışlara malik vətəndaşlar üçün iki ölkə arasındakı münasibətlərin strateji əhəmiyyəti aydın olmalıdır. Azərbaycanı hədəfə alan kampaniyaya qarşı müxtəlif siyasi və ictimai çevrələrdən etirazların səslənməsi də məhz bu baxımdan mühüm əlamətdir.
Əslində, baş verənlər Türkiyə cəmiyyətində Azərbaycanın hansı yeri tutduğunu da nümayiş etdirdi. Azərbaycana qarşı aparılan kampaniya ölkəmizin Türkiyə ictimaiyyətindəki nüfuzuna xələl gətirmək məqsədi daşısa da, bu cəhdlər baş tutmadı. Əsasız ittihamlar və təhqirlər üzərindən ictimai rəy formalaşdırmağa çalışanların qarşısında iki ölkənin qardaşlığını siyasi manipulyasiyaların predmetinə çevirməyə etiraz edənlər dayandı! Məlum oldu ki, Azərbaycanla münasibətləri gərginləşdirmək istəyən dairələrin mövqeyi Türkiyədəki bütün siyasi və ictimai qüvvələrin mövqeyi deyil.
Bununla belə bu hadisəni unutmaq, üzərindən sükutla keçmək də olmaz. Nəzərə almaq lazımdır ki, belə hadisələr cəmiyyətdə siyasi qütbləşməni dərinləşdirmək, qarşılıqlı ittihamları artırmaq və Azərbaycan-Türkiyə münasibətlərini daxili siyasi mübarizənin alətinə çevirmək riski yaradır.
Ən təhlükəli məqam da məhz budur: Azərbaycanla Türkiyə arasında münasibətlərə zərbə vurmaq cəhdi iki ölkənin qardaşlığına, dostluğuna xələl gətirməklə yanaşı, Türkiyənin öz daxilində də qarşıdurmanı gücləndirə bilər. Halbuki Azərbaycanla Türkiyənin strateji müttəfiqliyi nə ayrı-ayrı siyasi qrupların, nə də müvəqqəti ictimai kampaniyaların girovuna çevrilməlidir. Bu münasibətlərin qorunması hər iki ölkənin milli maraqlarına xidmət edir.

Prezident Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə telefon zəngi də bu baxımdan mühüm siyasi və mənəvi əhəmiyyət daşıyır. İki dövlət başçısı arasında birbaşa ünsiyyətin və qarşılıqlı etimadın qorunması münasibətlərin sağlam təməl üzərində davam etməsi üçün vacibdir. Bununla belə, dövlət başçıları arasındakı isti münasibətlər cəmiyyətdə yaranmış sualları və narahatlıqları avtomatik aradan qaldırmır. Qardaşlığın yalnız liderlər səviyyəsində deyil, siyasi dairələrdə, mediada və ictimai müstəvidə də qorunmasına ehtiyac var.
Bu səbəbdən, baş verənlərdən lazımi nəticələr çıxarılmalı, Azərbaycan dövlətinə və onun rəhbərliyinə qarşı böhtan xarakterli kampaniyaların təkrarlanmaması üçün məsuliyyətli mövqe ortaya qoyulmalıdır. Xüsusilə hakim partiya təmsilçilərinin və yüksək vəzifəli şəxslərin açıqlamaları daha böyük məsuliyyətlə müşayiət olunmalıdır. Çünki belə şəxslərin səsləndirdiyi fikirlər təkcə onların şəxsi mövqeyi kimi deyil, bəzən bütövlükdə siyasi hakimiyyətin yanaşması kimi də qəbul edilə bilər.
Azərbaycan xalqının Türkiyəyə münasibəti ayrı-ayrı şəxslərin davranışları ilə ölçülə bilməz. Eyni qaydada, Türkiyə xalqının Azərbaycana münasibətini də müəyyən qrupların təhqiramiz çıxışları əsasında qiymətləndirmək doğru deyil. İki xalqın münasibətləri daha dərin köklərə malikdir və bu əlaqələrin qorunması qarşılıqlı hörmət, həssaslıq və məsuliyyət tələb edir.
Nəticə etibarilə, son hadisələr bir həqiqəti yenidən ortaya qoydu: Azərbaycan-Türkiyə qardaşlığı böyük sərvətdir, lakin onu qorumaq üçün yalnız tarixi bağlara və siyasi bəyanatlara güvənmək kifayət deyil. Bu münasibətə xələl gətirən davranışlara vaxtında və prinsipial münasibət göstərilməli, qardaşlıq anlayışı gündəlik siyasi maraqlardan üstün tutulmalıdır.
Türkiyədə Azərbaycana həqiqi qardaş münasibəti göstərənlərin mövqeyi məhz buna görə dəyərlidir. Onlar sübut edirlər ki, siyasi fikir ayrılıqlarına baxmayaraq, Azərbaycanı dost və qardaş ölkə hesab edən, onun dövlətçiliyinə və xalqına hörmətlə yanaşan insanlar var. Bu insanlar iki ölkə arasındakı münasibətlərin sağlam gələcəyi üçün mühüm ictimai dayaqlardan biridir.
İndi əsas məsələ yaranmış gərginliyin aradan qaldırılması, qarşılıqlı etimadın qorunması və belə halların bir daha təkrarlanmaması üçün lazımi nəticələrin çıxarılmasıdır. Çünki Azərbaycanla Türkiyənin qardaşlığı ayrı-ayrı siyasi dairələrin deyil, hər iki xalqın ortaq dəyəridir. Bu dəyəri qorumaq isə hər iki tərəfin məsuliyyətidir.
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər