Əmək müqaviləsinin imzalanması işçi ilə işəgötürən arasında əmək münasibətlərinin hüquqi əsasını təşkil edir. Lakin bəzi hallarda işçilər müqavilənin bütün şərtləri ilə tanış olmadan, xüsusilə elektron qaydada təqdim edilən sənədləri tələsik təsdiqləyirlər. Bu isə gələcəkdə əməkhaqqı, iş saatları, məzuniyyət, vəzifə öhdəlikləri və işdən azad edilmə ilə bağlı hüquqi problemlərə səbəb ola bilər.
Bəs əmək müqaviləsini imzalamazdan əvvəl işçilər hansı şərtlərə xüsusi diqqət yetirməlidirlər? Müqavilənin məzmunu ilə tanış olmadan onu elektron qaydada təsdiqləmək hansı risklər yaradır?
Mövzu ilə bağlı "Azpolitika"ya danışan vəkil Etibar Qarayev bildirib ki, əmək müqaviləsinin imzalanması zamanı işçilərin hüquqlarının qorunması və gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınması baxımından sənədin bütün şərtləri ilə öncədən tanış olmaq vacibdir:
"Xüsusilə, son dövrlərdə əmək müqavilələrinin elektron qaydada imzalanması bəzi hallarda işçilərin sənədin məzmununa lazımi diqqət yetirməməsi ilə nəticələnə bilər. Müqavilədə əmək funksiyası, əməkhaqqı, iş vaxtı, sınaq müddəti və müqavilənin ləğvi ilə bağlı şərtlər əks olunmalıdır. İşəgötürən işçinin razılığı olmadan əmək funksiyasını dəyişə və ya müqaviləyə onun hüquqlarını məhdudlaşdıran müddəalar daxil edə bilməz. İşə qəbul zamanı əmək müqaviləsinin məzmununu oxumadan imzalanması sonradan əmək funksiyası, əməkhaqqı və digər şərtlər üzrə mübahisələrə səbəb ola bilər. Müqavilənin elektron şəkildə imzalanması məsələsi də məhz müqavilənin mətnini oxumadan imzalanmasına səbəb ola bilir. Müqavilənin nümunəvi formasının qanunvericiliklə müəyyən edilməsi, məzmun və şərtlərin işəgötürən tərəfindən hazırlanması hər bir müqavilənin bütün müddəalarının qanunvericiliyə tam uyğun olması demək deyil. Vəzifə və yerinə yetiriləcək işlər dəqiq müəyyən edilməlidir. “Digər tapşırıqları yerinə yetirmək” kimi ümumi ifadə işəgötürənə əmək funksiyasından kənar istənilən işi tələb etmək səlahiyyəti vermir.
Əməkhaqqı və ödəniş şərtləri.
Əməkhaqqının məbləğinin, ödəniş müddətlərinin, əlavələrin və mükafatların verilmə qaydası yoxlanılmalıdır. Mükafatın təminatlı ödəniş, yoxsa müəyyən nəticələrdən və işəgötürənin qərarından asılı həvəsləndirmə tədbiri olduğunu dəqiqləşdirilməlidir.
Müqavilənin müddəti...
Müqavilənin müddətli və ya müddətsiz bağlandığı müəyyən edilməlidir. Daimi xarakterli işlər üzrə, Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müqavilə müddətsiz bağlanmalıdır. Müddətli müqavilə təklif edildikdə onun hüquqi əsasını və bitmə tarixini dəqiqləşdirilməlidir.
Sınaq müddəti...
Sınağın tətbiqinə yol verilib-verilmədiyi və müddətinin qanuni hədlərə uyğunluğu yoxlanılmalıdır. Müqavilədə sınaq müddəti göstərilməyibsə, müqavilə sınaqsız bağlanmış hesab olunur. Sonradan birtərəfli əmrlə sınaq müəyyən edilə bilməz.
Xitam şərtləri...
Müqavilədə əlavə xitam halları nəzərdə tutulubsa, onların qanunvericiliyə uyğunluğu, tətbiq qaydası və ödənişlərə təsiri yoxlanılmalıdır. İşdənçıxarma müavinəti və digər təminatlar xitamın hüquqi əsasından asılı olaraq fərqlənə bilər.
Məxfilik məhdudiyyətləri...
Məxfi məlumatların dairəsi, öhdəliyin müddəti və pozuntuya görə nəzərdə tutulan məsuliyyət dəqiqləşdirilməlidir. İşdən ayrıldıqdan sonra analoji vəzifə funksiyaları işlər üzrə başqa işəgötürəndə işləməyi məhdudlaşdıran şərtin müqaviləyə daxil edilməsi onun avtomatik olaraq qanuni və icrası məcburi olması demək deyil; belə şərt ayrıca hüquqi baxımdan qiymətləndirilməlidir.
İş vaxtı və istirahət...
İş rejimi, istirahət günləri və məzuniyyət müddəti yoxlanılmalıdır. Şifahi razılaşdırılmış şərtlərin müqavilədə düzgün əks olunduğuna əmin olunmalıdır".
Ekspertin sözlərinə görə, Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsinə əsasən, müqavilə ilə işçinin qanunla müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsi azaldıla bilməz:
"İşçinin imzası qanuna zidd şərti qanuniləşdirmir. İmzalamazdan əvvəl müqaviləni və istinad etdiyi sənədləri oxumaq üçün vaxt istəmək mümkündür. Aydın olmayan şərtlərə dair yazılı izahat almaq, razılaşdırılmış dəyişikliklərin mətnə daxil edilməsini tələb etmək və elektron imzalanmış nüsxəni saxlamaq tövsiyə olunur. Hüquqi nəticəsi aydın olmayan bəndləri imzalamazdan əvvəl hüquqşünasla müzakirə edə bilərsiniz".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər