“Könül xanıma çox yaxın olan bir müavin onun agent kimi uzaqlaşdırılmasını təklif etdi…”
Ümid Partiyası sədrinin Ailə, Qadın və Uşaq məsələləri üzrə keçmiş müavini Könül Quliyevanın İqbal Ağazadə ilə bağlı sensasiyalı bəyanatına bu partiyadan cavab verilib. Ümid Partiyası sədrinin müavini Elman Abbasovun AzPolitika.info-ya göndərdiyi cavab məqaləsini təqdim edirik.
“Kim günahkardır, kim zərərçəkəndir ??!
Ümid Partiyası sədrinin Ailə, Qadın və Uşaq məsələləri üzrə keçmiş müavini Könül Quliyeva 8 ay bundan əvvəl başına gələnlərlə bağlı bəlli mətbuat orqanlarına açıqlama verib. Əslində özü özünü ifşa və təkzib edən yazıya görə Könül xanıma cavab vermək istəməzdik. Çünki məntiqi və ağlı yerində olan hər bir kəs, istər MTN-də Könül xanımın dindirlməsində alınan izahatın, istərsə də Könül xanımın açıqlamasının Ümid Partiyasının sədri İqbal Ağazadənin əleyhinə olduğunu anlayır və dərhal belə bir sual yaranır ki, hər iki halda məsələ İ.Ağazadənin əleyhinədirsə, burada nədən günahkar elə partiya sədridir? Açıqlamada bir çox yazılanların müəllifin təxəyyülünün məhsulu olduğu və bəzi suallar yaratdığı üçün biz də həmin sualları qoyur və maraqlı olanlara bəzi məqamları çatdırmaq istəyirik.
Əvvəlcə, bir məsələyə aydınlıq gətirmək istəyirik; hadisə olub və günlərlə partiyada müzakirə aparılıb. Sorğularla bağlı Könül xanım səmimi olmayıb və hər gün məsələ ilə bağlı başqa-başqa şeylər danışıb, həqiqəti gizlətməyə çalışıb. Digər ifadə verən şəxslərin də izahatı sorulub. Məsələ qadınlarla bağlı olduğu üçün digər qadınlar məsələnin ictimailəşməsinə razılıq verməyiblər. Bundan başqa Könül xanımım qeyri-səmimi olması və bu səbəbdən partiyadaşlar arasında güvənini itirməsi onun mətbuat konfransında nə deyəcəyi və ya kimin əleyhinə danışacağı şübhəsini doğurub.

Yazıdan sitat: “Təxminən 10 saata yaxın sorğu-suallar, psixoloji basqılardan sonra mənə bildirdilər ki, həmin təhqirlər Ümid Partiyasından E.Ə. tərəfindən olunub. O isə bu əməlini sənin üzərinə atıb”. Xatırladırıq ki, ilk aparılan və ifadə verən siz olmusunuz. Necə ola bilər ki, verilməyən ifadədə kimsə səni günahkar bilsin?? Və aparılan adamlar sənin ifadən əsasında aparılıb.
Başqa bir sual: qurulmuş oyunda oyun quran öz əleyhinə izahat aldırıb özünü “ifşa” etməsi məntiqlə mümkündürmü?
Quliyevanın açıqlamasından növbəti sitat: “Səhəri gün mayın 24-də partiyaya gələrək hər şeyi İqbal Ağazadəyə danışmaq istəyirdim. Müstəntiqlər məndən tələb etmişdilər ki, onun əleyhinə ifadəyə məcbur edildiyimi və zorla imzaladığımı ona bildirməyim. Çox çətin durumda qalmışdım. Olanların əksəriyyətini ona danışsam da, onunla bağlı hissəni deməyə tərəddüd edirdim. Lakin söhbət əsnasında gördüm ki, İ.Ağazadənin bütün ifadələrdən ətraflı xəbəri var. Orda olan hər şeyi tam olaraq bilir və hətta mənim unutduğum məqamları da tez-tez yadıma salırdı”. Müəllifə yenə də xatırlatmaq istəyirik ki, yuxarıda qeyd etdiyimiz kimi orada sənə verilən bütün suallar aparılan və dindirilən hər bir şəxsə verilib. Səndən fərqli olaraq, həmin qadınlar hər şeyi İ. Ağazadəyə olduğu kimi danışıblar və partiya sədri bu səbəbdən hər şeydən məlumatlı olub.
“Maraqlıdır ki, partiyadan MTN-ə aparılan hər üç qadından dindirilmə zamanı İqbal Ağazadəyə qarşı ifadə alınsa da, o, yalnız mənim üzərimə sərt şəkildə gəlirdi. Hansısa səbəbə görə, ifadə verən digər qadınların sözlərinə tamamilə inanırdı” - Xanıma daha bir sual; səmimi olmayan, yalan danışan, sədrinin əleyhinə olmayan şeylərlə bağlı izahat verən və özünü çox aqressiv aparan biri ilə necə danışılmalı idi sizcə?

“Məni üzən ən vacib məqam o idi ki, guya mən qurum tərəfindən xüsusi tapşırıq alıb, icazə verilən yerə qədər danışıram. “Divani-Hikmət” çay evində ərizə yazan zaman mənə tapşırdı ki, sənə nömrə veriildiyini və yenidən səninlə əlaqə qurmalarını qətiyyən partiyada kimsəyə bildirmə. Özü isə bütün müavinləri iclasa toplayaraq, mənim iştirakım olmadan yazdığım ərizəni onlara oxuyub və partiyada fikir yaratmağa çalışıb ki, bunun MTN-lə ciddi əlaqəsi var. Guya mən əməliyyatçılarla telefonla danışır, görüşür, məsləhətlər alır və onların fikirlərini çatdırıram. Hətta, guya nazirə göndərdiyi məktubuna da aldığı cavaba əsasən bu qənaətə gəlib ki, mən MTN-lə əməkdaşlıq edirəm. Bu böhtan və cəfəngiyyatların müəllifi olan İ.Ağazadənin mənə qarşı belə davranmasından açıq-aydın anladım ki, bu onun özünün maraqlı olduğu bir oyundur”. Burada yazılanlar isə cəfəngiyyatdan başqa bir şey deyil, müəllifin və ya ona informasiyanı çatdıranın təxəyyülüdür. Doğrudur, müzakirə aparılıb, amma nə Eldar Mahmudovun cavabı əsasında onun orqana işlədiyi, nə də digər söhbətlər olmayıb. Sadəcə adamın qeyri səmimi olduğu, etimadını itirdiyi, partiya sədrinin və üzvlərinin əleyhinə ifadə verdiyi üçün partiyadan uzaqlaşdırılması, bu məsələnin ictimailəşdirilməsi müzakirə olunub. Və Könül xanıma çox yaxın adamlardan olan bir müavin onun agent kimi uzaqlaşdırılmasını təklif edib və etirazla qarşılanıb. Qərara alınıb ki, qadın olduğu üçün özünün istefa verməsi təklif olunsun və baş verən hadisənin iştirakçıları qadınlar olduğu üçün onların ailə vəziyyəti nəzərə alınaraq məsələ ictimailəşdirilməsin.
Sitat: “Hətta, mənim telefonumdan ona şablon mesajlar gedib ki, mən məşğulam. Mənim üçün bu gün də çox maraqlıdır ki, əgər mən ona oyun qurmuşdumsa və onlar mənim dostlarımdırsa, onda mənim mobil telefonumdan hətta kənar adamlara belə gedib-gələn zəngləri İqbal Ağazadə haradan və necə bilirdi?”
Sizin mesajları mesaj yazdığınız adamlar danışıb. Siz orada olanda kimlərlə mesajlaşmısınızsa (söhbət partiya üzvü olanlardan gedir, mənə nəsə başqa fakt məlum deyil) onlar bu barədə açıq məlumat verirdilər - hamıya.
Birdə müəllifə bildirmək istəyirik ki, yaddaşınızı təzələsəniz yaxşı olar. Xatırlatmaq istəyirik ki, təkcə bir dəfə sizin telefondan gedib-gələn zənglərin çıxarılması tələb olunub. Siz ikinci dəfə MTN əməkdaşı ilə görüşdükdən sonra. O zaman görüşü boynunuza alıb səmimi olmadığınız üçün bu sizdən tələb edilib və siz də ağlamısınız. Görüşünüzü bilməsinə səbəb isə partiya sədrinizə danışdıqlarınızı bir saatdan sonra zəng edib təkzib etməyiniz olub.
Xanım o qədər irəli gedib ki, uzun müddət yanaşı işlədiyi müavinləri də aşağılamaqdan çəkinməyib. Quliyeva yazır: “Texniki işçi təfəkküründə olan şəxslərə siyasi status verib siyasi vitrin bəzəməklə deyil. O gözü qıpıq etdiyin bəzi sevimli funksionerlərinə istənilən bir jurnalist yaxınlaşıb hansısa bir siyasi soru sorsa, gözlərini döyəcəklər”.
K.Quliyeva o qədər əsəbləşib ki, özünü texniki işçilikdən müavin postuna yüksəldildiyini unudub. Burada da qeyri-səmimilik var, texniki işçi olub, vəzifəcə yüksəlməkdə qəbahətmi var? Və ən azından partiya sədrinin müavinlərinin demək olar ki, hamısı ali təhsilli, ictimai nüfuza malik insanlardır.
Hə, böcək məsələsinə gəlincə, burada da haqlı deyilsiniz. Doğrudur, otaqlarda “böcəklər” olub, özüdə canlı “böcəklər”, amma indi yoxdurlar, uzaqlaşdırılıblar.
Qaldı bundan sonra K.Quliyevanın hüquqi müstəviyə müraciət etməsinə, Sizi istefaya göndərəndən bu məsələdə sərbəstsən, necə istəyirsən elə davran, mesajını açıq verdik. O, 8 ay bundan əvvəl partiyadan uzaqlaşdırlıb (İstefa ərizəsini yazmağı sədr israrla bildirib, əks təqdirdə əmrlə çıxarılacağını deyib ). Partiyadan uzaqlaşdırldıqdan sonra açıqlama verməkdə, hüquqi müstəvidə mübarizə aparmaqda sərbəst olduğu halda bunu 8 ay gözləməli olub. Yenə sual ortaya çıxır, niyə və hansı səbəbdən indi açıqlama vermək qərarı verib? Əgər qorxurdusa, bu qorxu onun üzərindən necə götürülüb? Bu sualları verdikcə müəllifin nəinki həmin dövrdə, elə indi də məncə açıqlama verməsində səmimi olmadığı ortaya çıxır və buyurub hüquqi müstəviyə müraciət edə bilər.
Çox yazmaq olar, amma burada bitirməyi məsləhət bilirik. Hamıya bəllidir ki, qarşıdan parlament seçkiləri gəlir. Bəzi müxalifət partiyaları arasında parlament seçkilərində birgə iştirakla bağlı danışıqların getdiyi bir zamanda bu cür yazıların dövriyyəyə buraxılmasını təsadüfi hesab etmirik.
Göründüyü kimi, həm hadisədə, həm açıqlamada hədəf İqbal Ağazadə və Ümid Partiyasıdır.
P.S. Yazının dəsti xəttindən kimlərin göstərişi ilə yazıldığı, nəyə xidmət etdiyini yaxşı bilir, sadəcə çox-çox ayıb deyirik. Həmçinin burada bu mövzuya nöqtə qoymaq istəyirik. Və K.Quliyevaya xatırlatmaq istəyirik ki, biz yenə də qadın olduğu üçün etik normalara riayət edirik. Problemlərini bizim hesabımıza həll etməyə çalışmasın.
Yazını oxuyanlar isə sadəcə bir suala cavab axtarsınlar: K.Quliyeva getdiyi yerdə İ.Ağazadənin əleyhinə ifadə verir (fərqi yoxdur - zor ya xoş), İ, Ağazadənin əleyhinə danışır mətbuatda. Kim günahkardır, kim zərərçəkəndir sizcə??!”

Şərhlər