Menu

KTMT Ermənistanın hüquqlarını dondurmağa hazırlaşır - İrəvan isə təşkilatdan uzaqlaşır

04.11.2026, 17:46
KTMT Ermənistanın hüquqlarını dondurmağa hazırlaşır - İrəvan isə təşkilatdan uzaqlaşır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalatbek Masadikov Minskdə keçirilən 4-cü Avrasiya Təhlükəsizliyi Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Ermənistanın təşkilat içindəki kvota pozisiyaları üzrə səsvermə və namizəd irəli sürmək hüququnun dondurulması ilə bağlı qərar layihəsi təqdim edib.

Masadikovun sözlərinə görə, əgər KTMT Kollektiv Təhlükəsizlik Şurası müvafiq gündəliyi təsdiq edərsə, məsələ noyabrın 10-da keçiriləcək iclasda müzakirə oluna bilər. Təşkilatın Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət büdcəyə aidiyyəti borclarını ödənmədikdə, Şura borc tam ödənilənədək həmin ölkənin müvafiq hüquqlarını dayandıra bilər.

Ermənistan uzun müddətdir ki, hərbi ittifaqın işini boykot edir. Bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın KTMT-yə münasibətini dəyişmədiyini və bu yapıya geri dönmək niyyətində olmadığını açıqlamışdı:

“Bu təşkilatdakı fəaliyyətimizi uzun zaman əvvəl dayandırdıq, üzvlüyümüzü dondurduq” – deyə Mirzoyan vurğulamışdı.

Avqust ayında isə Baş nazir Nikol Paşinyan KTMT-nin Ermənistanı təşkilat üzvlüyündən çıxaracağı təqdirdə bundan yalnız məmnun olacağını bildirmişdi.

Rusiya tərəfinin təqdim etdiyi qərar layihəsinin qəbul olunub-olunmayacağı və Ermənistanın təşkilatdakı gələcək statusu yaxın günlərdə keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra bəlli olacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol