ABŞ-ın Yaxın Şərqdə hərbi qüvvələrini artırması İranla mümkün müharibə ehtimalını yenidən gündəmə gətirib. Regiona üçüncü təyyarədaşıyan gəminin göndərilməsi Vaşinqtonun hərbi imkanlarını gücləndirməklə yanaşı, Tehrana qarşı mümkün əməliyyatlarla bağlı sualları da artırıb. ABŞ Prezidenti Donald Trampın İrana qarşı əlavə hərbi tədbirləri nəzərdən keçirməsi vəziyyəti daha da diqqətçəkən edir. Bəs bu hərbi hazırlıq genişmiqyaslı hücumun anonsudur, yoxsa İranı güzəştlərə məcbur etmək üçün siyasi və hərbi təzyiq vasitəsidir? ABŞ və İran arasında böyük müharibə başlaya bilərmi?
Mövzunu "AzPolitika"ya şərh edən politoloq Oqtay Qasımov bildirib ki, ABŞ ilə İran arasında gərginlik artan xətt üzrə inkişaf edir. ABŞ Prezidenti Donald Trampın bu məsələ ilə bağlı dəfələrlə ziddiyyətli açıqlamalar verməsi isə Vaşinqtonun Tehrana qarşı gələcək addımlarını proqnozlaşdırmağı çətinləşdirir:
"Hazırda ABŞ administrasiyasında İranla bağlı bir neçə mümkün ssenarinin müzakirə olunduğunu düşünürəm. Bunlardan birincisi hərbi əməliyyatların dayandırılması və diplomatik kanallar vasitəsilə nəticə əldə edilməsini nəzərdə tutur. İkinci yanaşmanın tərəfdarları isə iqtisadi blokada və dəniz mühasirəsinin uzadılmasına, sanksiyaların daha da sərtləşdirilməsinə, bununla da İranın zəiflədilərək razılığa məcbur edilməsinə çalışırlar. Üçüncü ssenari isə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların həyata keçirilməsini və ağır zərbələrlə Tehranın razılaşmaya məcbur edilməsini nəzərdə tutur. Donald Tramp hələlik bu variantlardan heç biri ilə bağlı konkret qərar verməyib. Xüsusilə, aralıq seçkilərindən sonra demokratların Senat və Nümayəndələr Palatasında üstünlük əldə etməsi onun siyasi manevr imkanlarını müəyyən qədər məhdudlaşdırır. Bununla belə, Trampın qarşısında əvvəlki siyasi təzyiqlərdən fərqli vəziyyət yaranıb və o, gözlənilməz qərarlar qəbul edə bilər. Hazırda üç təyyarədaşıyan gəminin bölgəyə cəmləşdirilməsi, böyük hərbi kontingentin yerləşdirilməsi və əlavə 10 min hərbçinin regiona göndərilməsinin planlaşdırılması, həm psixoloji, həm də hərbi təzyiq vasitəsi kimi qiymətləndirilə bilər".

Politoloqun sözlərinə görə, Trampın İranla bağlı ziddiyyətli bəyanatları da konkret proqnozlar verməyi çətinləşdirir:
"Belə ki, bir neçə gün əvvəl ABŞ Prezidenti İran üzərində qələbə qazandığını və ölkənin resurslarının 99 faizinin məhv edildiyini açıqlayıb. Təbii ki, bu açıqlamalar mövcud reallığı əks etdirmir. Bununla belə, ABŞ-ın bölgədə bu qədər böyük hərbi qüvvə cəmləşdirməsi hərbi eskalasiya riskini kifayət qədər artırır. Nəzərə almaq lazımdır ki, iki gün sonra Donald Tramp, Si Cinpin və Vladimir Putin arasında üçtərəfli görüşün keçirilməsi də gözlənilir. Böyük ehtimalla, müzakirəyə çıxarılacaq əsas məsələlərdən biri İran və Yaxın Şərqdəki vəziyyət olacaq. Həmin görüşdə əldə ediləcək mümkün razılaşmalar və müzakirələrin nəticələri ABŞ-ın İranla bağlı gələcək strategiyasına təsir göstərə bilər. Lakin bütün hallarda regionda hərbi eskalasiya riski kifayət qədər yüksək olaraq qalır".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər