Qış mövsümünün başlaması ilə Azərbaycanda təbii qaz və elektrik enerjisi üzrə mövcud istehlak limitlərinin yenidən nəzərdən keçirilməsi məsələsi aktuallaşıb. Xüsusilə qışı sərt keçən dağlıq rayonlarda yaşayan əhali üçün hazırkı limitlərin yetərli olub-olmaması müzakirə doğurur. Milli Məclisin deputatı Vüqar Bayramov da qaz limitlərinin, o cümlədən dağlıq ərazilər üzrə istehlak normalarının tənzimlənməsini təklif edib. Bəs bu təklif nə dərəcədə əsaslıdır? Dağlıq rayonlarda yaşayan vətəndaşlar üçün ayrıca kommunal limitlər və güzəştli tariflər tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, kommunal istehlak limitləri müəyyənləşdirilərkən regionların iqlim şəraiti nəzərə alınmalıdır:
"Qış mövsümündə təbii qaz və elektrik enerjisi istehlakının artması xüsusilə dağlıq və qışı sərt keçən rayonlarda yaşayan əhali üçün əlavə maliyyə yükü yaradır. Bu baxımdan kommunal enerji tariflərinin və istehlak limitlərinin regionlar üzrə fərqləndirilməsi məsələsi iqtisadi cəhətdən əsaslandırılan yanaşmadır. Əhalinin enerji istehlakı üzrə tarif pillələri müəyyənləşdirilərkən ölkənin müxtəlif bölgələrindəki iqlim fərqləri nəzərə alınmalıdır. Hazırda tətbiq edilən vahid istehlak hədləri bütün regionlarda eyni istehlak imkanlarını və ehtiyaclarını əks etdirmir. Dağlıq rayonlarda qış mövsümü daha uzun çəkir, havanın temperaturu aşağı olur və yaşayış evlərinin qızdırılmasına daha çox enerji sərf edilir. Belə ərazilərdə yaşayan ailənin illik qaz istehlakı ilə qışı mülayim keçən bölgədə olan ailənin istehlakını eyni meyarla qiymətləndirmək iqtisadi baxımdan tam düzgün yanaşma deyil. Burada söhbət kiməsə əlavə güzəşt verilməsindən yox, real istehlak ehtiyaclarının və iqlim şəraitinin nəzərə alınmasından gedir. Hazırda mövcud qiymət sistemində təbii qaz üzrə əhali abonentləri üçün illik üçpilləli tarif mexanizmi tətbiq edilir. Burada diqqət yetirilməli əsas məsələ qaz üzrə həddin illik, elektrik enerjisi üzrə həddin isə aylıq hesablanmasıdır. Dağlıq rayonlarda qış aylarında enerji istehlakı kəskin artır. Xüsusilə elektrik enerjisi ilə qızdırılan evlərdə aylıq 200 və ya 300 kilovat-saatlıq tarif pillələrinin aşılması daha tez baş verə bilər. Ona görə də təkcə illik və aylıq istehlak göstəricilərinə deyil, həmin istehlakın hansı mövsümdə və hansı zərurətdən yarandığına da baxılmalıdır”.
Vüqar Oruc hesab edir ki, ilk növbədə dağlıq və soyuq iqlimli ərazilər üzrə diferensiallaşdırılmış tarif mexanizminin tətbiqi imkanları araşdırılmalıdır. Onun fikrincə, qaz üzrə illik güzəştli istehlak həddinin iqlim şəraitinə uyğun artırılması, elektrik enerjisi üzrə isə qış aylarında əlavə güzəştli istehlak intervalının müəyyənləşdirilməsi məqsədəuyğun ola bilər:

“Biz hesab edirik ki, dağlıq rayonlarda qaz üzrə 1200 kubmetrlik güzəştli tarif həddinə yenidən baxılması mümkündür. Çünki həmin ərazilərdə mənzilin və fərdi yaşayış evinin qızdırılması üçün daha çox təbii qaza ehtiyac yaranır. Elektrik enerjisi üzrə də qış aylarında əlavə güzəştli istehlak həddinin tətbiqi müzakirə edilə bilər. Lakin bunun üçün əvvəlcə regionlar üzrə faktiki istehlak statistikası araşdırılmalıdır. Hansı ərazilərdə elektrik enerjisinin əsasən məişət ehtiyaclarına, hansılarda isə isitmə məqsədilə istifadə olunduğu fərqləndirilməlidir. Əks halda bütün rayonlara eyni güzəştin tətbiqi həm iqtisadi baxımdan səmərəsiz, həm də sosial yöndən ədalətsiz nəticələr yarada bilər. Güzəştlərin müəyyənləşdirilməsində yalnız inzibati rayon bölgüsü əsas götürülməməlidir. Çünki eyni rayonun müxtəlif yaşayış məntəqələrində belə iqlim şəraiti fərqlənə bilər. Buna görə də yüksəklik, qış mövsümünün müddəti, orta temperatur, istilik sisteminin növü və yaşayış evlərinin enerji səmərəliliyi nəzərə alınmalıdır. Bizim təklifimiz bütün dağlıq rayonlarda yaşayan abonentlərin avtomatik olaraq eyni güzəşt əldə etməsi deyil. Daha düzgün yanaşma faktiki iqlim göstəricilərinə əsaslanan mexanizmin yaradılmasıdır. Məsələn, qış mövsümü daha uzun və temperatur göstəriciləri daha aşağı olan yaşayış məntəqələri ilə mülayim iqlimli ərazilər arasında fərq qoyulmalıdır. Eyni zamanda, mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunan yaşayış məntəqələri ilə fərdi qaydada qaz və elektrik enerjisi hesabına qızdırılan evlər də ayrıca qiymətləndirilməlidir. Bu məsələyə yenidən baxılması əhalinin kommunal xərclərinin daha ədalətli bölüşdürülməsinə xidmət edə bilər. Əsas məqsəd enerji tariflərini süni şəkildə aşağı salmaq deyil, əhalinin real ehtiyaclarına uyğun tarif siyasəti formalaşdırmaqdır. İqlim şəraiti daha sərt olan ərazilərdə yaşayan vətəndaşlar yalnız yaşadıqları coğrafiyaya görə daha yüksək kommunal xərc yükü ilə üzləşməməlidirlər. Bu baxımdan dağlıq rayonlar üzrə güzəştli istehlak limitlərinin artırılması təklifini iqtisadi və sosial baxımdan əsaslı hesab edirəm”.
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər