Menu

Şoyqunun "sağ əli"nə ağır cəza - Sabiq nazir müavinə hökm oxunub

19.11.2026, 20:32
Şoyqunun "sağ əli"nə ağır cəza - Sabiq nazir müavinə hökm oxunub

Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi noyabrın 19-da Rusiya müdafiə nazirinin sabiq birinci müavini Ruslan Tsalikov barəsində hökm oxuyub. O, cinayətkar birlik yaratmaq, rüşvət almaq, mənimsəmə və çirkli pulların yuyulması ittihamları ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Tsalikov üçün 18 il həbs cəzası tələb etsə də, məhkəmə ona 10 il koloniya cəzası kəsib. Hökmə əsasən sabiq nazir müavininə 500 milyon rubl məbləğində cərimə kəsilib. O, bütün dövlət mükafatlarından (o cümlədən "Vətən qarşısında xidmətlərinə görə" ordeninin tam kavalerliyindən) məhrum edilib. Ona 15 il müddətində dövlət qulluğunda vəzifə tutmaq qadağan olunub.

Qeyd edək ki, hələ may ayında məhkəmənin qərarı ilə Tsalikovun və ailə üzvlərinin ümumi dəyəri 5,5 milyard rubl olan əmlakı və maliyyə vəsaitləri dövlət nəfinə müsadirə edilmişdi. Dövlət ittihamçısının tələbi ilə qapalı rejimdə keçirilən proses zamanı ev dustaqlığında olan Tsalikov məhkəmə zalındaca həbs edilib.

Ruslan Tsalikov Rusiya Müdafiə Nazirliyinin sabiq rəhbəri Sergey Şoyqunun ən yaxın adamlarından biri hesab olunurdu. O, 2015-ci ildən müdafiə nazirinin birinci müavini vəzifəsini tutub və 2024-cü ilin iyununda - Şoyqunun istefasından dərhal sonra postunu tərk edib.

İstefadan sonra Tıva Ali Xuralının deputatı seçilən Tsalikovun Rusiya Federasiya Şurasının (Senat) üzvü olacağı gözlənilsə də, bu təyinat baş tutmayıb.

2026-cı ilin mart ayında Tsalikov saxlanılıb. Bu həbs Şoyqunun gedişindən sonra Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarına qarşı korrupsiya maddələri ilə açılan genişmiqyaslı cinayət işləri silsiləsinin davamı olub. Məlumata görə, istintaq zamanı Tsalikov həmin məmurların bəzilərinə qarşı ifadə də verib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol