Azərbaycanda əmək pensiyası alan və eyni zamanda əmək fəaliyyətini davam etdirən vətəndaşların pensiya təminatı məsələsi yenidən müzakirə mövzusuna çevrilə bilər. Belə ki, işləyən pensiyaçılar əmək fəaliyyəti dövründə sosial sığorta ödənişləri etmələrinə baxmayaraq, onların pensiyalarına yenidən baxılması və əlavə ödənişlərin hesablanması məsələsi suallar doğurur. Bəs işləyən pensiyaçıların əmək fəaliyyəti müddətində ödədikləri sosial sığorta haqları onların təqaüdlərinin artırılmasına əsas verə bilərmi? Mövcud qanunvericilikdə bu proses necə tənzimlənir və işləyən pensiyaçıların pensiyalarına yenidən baxılması üçün hansı dəyişikliklərə ehtiyac var?
Mövzunu "AzPolitika"ya şərh edən "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda işləyən pensiyaçıların təqaüdlərinə yenidən baxılması mümkündür və bunun üçün qanunvericilikdə müəyyən mexanizmlər mövcuddur:

"Belə ki, pensiyaçı pensiya yaşına çatdıqdan sonra işləməyə davam edirsə, onun fərdi hesabında əmək fəaliyyəti dövründə toplanan sosial sığorta haqları pensiya kapitalının artmasına səbəb olur. Bu kapital müəyyən edilən şərtlər daxilində pensiyanın yenidən hesablanmasında nəzərə alınır. Lakin burada əsas məsələ işləyən pensiyaçının əməkhaqqından tutulan sosial sığorta ödənişlərinin onun pensiyasına necə təsir etməsidir. Mövcud qaydalara əsasən, yaşa görə əmək pensiyası alan və işləməyə davam edən şəxsin pensiyası onun müraciəti əsasında, pensiya təyin olunduqdan sonra fərdi hesabında toplanan kapitalı nəzərə alınmaqla yenidən hesablana bilər. Bu, əsasən, altı il işlədikdən sonra mümkün olur. Pensiyaçı işləməyə davam etdikcə onun sosial sığorta kapitalının artması gələcəkdə pensiyanın məbləğinin yüksəlməsinə imkan yaradır. Məncə, bu mexanizmin daha çevik olması da müzakirə edilə bilər. Çünki pensiya yaşına çatmasına baxmayaraq əmək fəaliyyətini davam etdirən insanlar həm iqtisadiyyata töhfə verir, həm də sosial sığorta sisteminə vəsait ödəyirlər. Ona görə də onların ödədikləri sığorta haqlarının pensiya təminatında daha operativ və ədalətli şəkildə əks olunması məqsədəuyğundur".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər