Rusiya hərbi aviasiyasının Ukraynanın Kiyev vilayətinə zərbəsi nəticəsində dağıdılmış binanın dağıntıları altından iki nəfərin meyiti çıxarılıb.
"Report"un məlumatına görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında bildirib.
"Rusiyanın Kiyev vilayətində beşmərtəbəli binaya endirdiyi hava zərbəsi nəticəsində 18 yaşlı gənc də olmaqla, iki nəfər ölüb, aralarında bir uşaq olmaqla daha dörd nəfər yaralanıb", - bəyanatda deyilir.
Xilasedicilər itkin düşmüş 11 nəfərin axtarışını davam etdirirlər.
13:35
Ukraynanın Kiyev vilayətindəki Dimerdə Rusiya dronunun hücumundan sonra yaşayış binasının dağıntıları altında 14 nəfər qala bilər.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.
"Səhərdən Kiyev vilayətindəki Dimerdə axtarış-xilasetmə əməliyyatı davam edir. Rusiya dronunun hücumu nəticəsində beşmərtəbəli binanın bloku qismən dağılıb. Artıq doqquz nəfər təxliyə edilib, yanğın lokallaşdırılıb. Lakin, təəssüf ki, dağıntılar altında hələ də insanlar ola bilər: 14 nəfər əlaqəyə çıxmır. Bütün lazımi xidmətlər yerində işləyir", - paylaşımda qeyd olunub.
Zelenskinin sözlərinə görə, ümumilikdə bu həftə Rusiya ordusu Ukraynanın 20-dən çox regionuna hücum edib. "Rusiya 2700-ə yaxın dron, 1460-a yaxın aviabomba və müxtəlif tipli 165 raket atıb", - o dəqiqləşdirib.
Rusiyanın artan hücumları ilə əlaqədar olaraq Ukrayna lideri ABŞ-ni PURL proqramı çərçivəsində tərəfdaşların artıq ödənişi etdiyi "Patriot" sistemləri üçün raketlərin Ukraynaya verilməsinə icazə verməyə çağırıb.


Şərhlər