Menu

Brüsseldə güc balansı dəyişir? – “Fon der Lyayeni vəzifədən uzaqlaşdırmağa çalışacağıq”

23.11.2026, 11:15
Brüsseldə güc balansı dəyişir? – “Fon der Lyayeni vəzifədən uzaqlaşdırmağa çalışacağıq”

Avropanın ifrat sağçı siyasi qüvvələri 2029-cu ildə keçiriləcək Avropa Parlamenti seçkilərindən sonra Brüsseldəki siyasi güc balansını öz xeyirlərinə dəyişməyi hədəfləyirlər.

"AzPolitika" xəbər verir ki, bu barədə “Politico” nəşrinin dərc etdiyi məqalədə geniş bəhs olunub.

Avropa Parlamentində “Patriotlar Avropa üçün” (Patriots for Europe) fraksiyasının həmsədri, Macarıstanın hakim FİDES partiyasının üzvü Kinqa Qal bildirib ki, bu məqsədə çatmaq üçün ifrat sağçılar ilk növbədə ayrı-ayrı Avropa ölkələrində hakimiyyətə gəlməli və milli hökumətlər vasitəsilə Avropa İttifaqının (Aİ) siyasətinə təsir imkanlarını genişləndirməlidirlər.

Onun sözlərinə görə, əsas prioritet üzv partiyaların öz ölkələrində keçirilən seçkilərdə qələbə qazanmasına və hökumətlərdə təmsil olunmasına dəstək verməkdir: "Bu, bizə Avropa İttifaqı Şurası səviyyəsində ciddi dəyişikliklərə nail olmaq imkanı yaradacaq".

K.Qal qarşıdakı dövrdə Fransa, İtaliya və Polşada baş tutacaq seçkilərin Aİ-dəki siyasi mənzərəni köklü şəkildə dəyişə biləcəyini vurğulayıb. O, həmçinin Avropa Parlamentindəki “Patriotlar Avropa üçün”, “Avropa Mühafizəkarları və İslahatçıları” və “Suveren Millətlər Avropası” fraksiyaları arasında əməkdaşlığın daha da sıxlaşdırılmasının vacibliyini qeyd edib.

Siyasətçi hesab edir ki, Avropa Xalq Partiyası (EPP) yaxın illərdə ifrat sağçılarla əməkdaşlığa qoyulan qeyri-rəsmi siyasi məhdudiyyətləri tamamilə aradan qaldırmağa məcbur olacaq. Çünki milyonlarla seçicinin siyasi iradəsini görməzdən gəlmək artıq mümkün deyil.

Bundan əlavə, macarıstanlı deputat Avropa Komissiyasının səlahiyyətlərinin məhdudlaşdırılmasını və daha çox qərarvermə hüququnun yenidən üzv dövlətlərə qaytarılmasını əsas hədəflərdən biri kimi göstərib.

Kinqa Qal təmsil etdiyi qrupun Aİ Şurasında təsir imkanları artacağı təqdirdə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin vəzifədən uzaqlaşdırılmasına çalışıb-çalışmayacaqları ilə bağlı suala da qəti cavab verib:

“Bəli. Biz artıq Avropa Parlamentində buna cəhd etmişik”.

Xatırladaq ki, K.Qal bu fikirləri ilə son iki il ərzində irəli sürülmüş, lakin uğursuzluqla nəticələnmiş iki etimadsızlıq təşəbbüsünə işarə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol