Menu

BATAN 300 MİLYONLUQ GƏMİ... - “Merkuri” korveti necə ucuz dronların güdazına verlilib? + VİDEO

24.11.2026, 11:31
BATAN 300 MİLYONLUQ GƏMİ... - “Merkuri” korveti necə ucuz dronların güdazına verlilib? + VİDEO

Krım körpüsünə sarsıdıcı zərbənin ardınca uzaq Liviya sahillərində Rusiya hərbi donanmasının ən bahalı və müasir hərbi gəmilərindən olan “Merkuri” korvetinin vurulması təkcə beynəlxalq müstəvidə deyil, Rusiyanın özündə də kifayət qədər ciddi əks-səda doğurub.

Məlum olduğu kimi, noyabrın 21-dən 22-nə keçən gecə Liviyanın Benqazi limanında baş verən partlayışdan sonra ən müasir Rusiya korveti olan “Merkuri” yanıb və batıb. Ukrayna Prezidenti Volodimir Zelenski gəminin Ukrayna dəniz dronlarının hücumu nəticəsində məhv edildiyini təsdiqləyib. Onun sözlərinə görə, əməliyyatda yeddi Ukrayna pilotsuz qayığı iştirak edib. O qeyd edib ki, “Merkuri”dən əlavə, onun göyərtəsindəki “Ka-27” helikopteri də məhv edilib və silah daşımaq üçün istifadə edilən Rusiyanın “MV Anqara” gəmisi vurulub.

Artıq bu əməliyyatlarla bağlı görüntülər sosial mediada, o cümlədən Zelenskinin özü tərəfindən də yayımlanıb.

Peyk görüntülərinə və şərqi Liviya hakimiyyətinin açıqlamalarına görə, korvet tamamilə yanıb, aşıb və batıb. Onun yalnız burnu suyun üzərində qalıb...

“Merkuri”-nin işi xüsusi əhəmiyyətli, o cümlədən hərbi yükləri daşıyan böyük gəmiləri müşayiət etmək, onların təhlükəsizliyini təmin etmək olub. Rusiya hərbi donanmasında cəmi 9 ədəd bu tipli korvet olub. Onlardan biri təmirdədir, biri isə ("Merkuri") artıq yoxdur...

İdarə olunan raket silahlanmasına malik “20380” layihəli çoxməqsədli korvet olan “Merkuri” 2023-cü ilin may ayında Rusiya Qara Dəniz Donanmasına qəbul edilib və Rusiya Hərbi Dəniz Qüvvələrinin ən yeni döyüş gəmilərindən biri olub. O, rəsmi olaraq Qara Dəniz Donanmasının bir hissəsi olsa da, Bosfor və Dardanel boğazlarının hərbi gəmilər üçün bağlanması səbəbindən Qara dənizə girə bilməyib və Aralıq dənizində xidmət edib.

Ən maraqlısı isə bu gəminin və onu vuran dronların qiymətindəki fərqdir. “Merkuri”nin tikintisi üçün dəqiq müqavilə qiyməti rəsmi olaraq dərc olunmayıb, lakin “Project 20380” korvet seriyasının dəyəri ilə bağlı açıq məlumatlara görə, onun qiyməti təxminən 280-350 milyon ABŞ dolları aralığında qiymətləndirilir. Yəni, ortalama təxminən 315 milyon dollar. Bu, olduqca böyük məbləğdir və zatən ciddi çətinliklərlə üzləşən Rusiya ordusu və hərbi donanması üçün böyük itkidir. Əlavə edək ki, onunla eyni vaxtda vurulan “MV Anqara” gəmisi də az dəyərə malik deyil. Üstəlik, bu gəmidə də onlarla milyon dəyərində hərbi yük olub ki, bu yükün də Xəlifə Həftar ordusu və Rusiyanın “Afrika korpusu” üçün nəzərdə tutulduğu bildirilir.

Benqazi limanına hücum edən yeddi Ukrayna hərbi-dəniz dronunun isə ümumi dəyəri təxminən 1,8-2,8 milyon dollar qiymətləndirilir. Yəni, bu dronların birinin qiyməti cəmi 300 min dollar civarındadır.

Canlı qüvvə itkisinə gəlincə, bu barədə məlumatlar müxtəlifdir. Liviya tibb müəssisələrindəki mənbələr on nəfərin yüngül yaralandığını, ölüm hadisəsinin olmadığını bildirib. Lakin “Əl-Cəzirə” mənbələri partlayış və yanğın zamanı həm Rusiya, həm də Liviya vətəndaşlarının öldüyünü iddia edirlər.

Rusiya Müdafiə Nazirliyi və Rusiya hakimiyyəti hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Lakin Rusiya Z- kanalları bu məsələyə xüsusi ndiqqət çəkirlər. Onlar ilk növbədə Rusiya hərbi komandanlığını və hərbi donanma rəhbərliyini məsuliyyətsizlikdə, səriştəsizlikdə, hətta xəyanətdə ittiham edirlər. Çünki Ukraynanın Liviya paytaxtı Tripolidə yerləşən və BMT tərəfindən tanınan Milli Birlik Hökuməti ilə sıx hərbi əməkdaşlığı heç kimə sirr deyil. Eləcə də orada Ukraynanın hərbi mövcudluğu məlumdur. Rusiya hərbi rəhbərliyinin bunu nəzərə alaraq lazımi tədbirləri görməməsi sərt tənqid olunur.

Ən əsası isə Z-kanallar bir məsələni xüsusi qeyd edirlər - “Merkuri”-yə hücum öncəsi həmin bölgədə ABŞ-nin kəşfiyyat aviasiyası görünüb, eynilə Krım körpüsünə hücumdan öncə olduğu kimi…

E.Qüdrətoğlu

“AzPolitika.info” 


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol