Menu

“Yollar açılmadıqca dotasiyanı azaltmayaq...” - Fazil Mustafa

25.11.2026, 14:48
“Yollar açılmadıqca dotasiyanı azaltmayaq...” - Fazil Mustafa

“Yaxın tarixdə bizi Ermənistanla bağlı münasibətlərdə maraqlandıran ən vacib məsələ TRIPP layihəsinin icrasına başlanması və bu işlərin həyata keçirilməsinə bölgədə maneçilik törədilməməsidir. Yaxın illərdə bu layihənin icrası ən böyük strateji hədəflərimizdən biri olan Naxçıvanla quru yolunun açılmasına, eyni zamanda Türkiyə ilə birbaşa quru əlaqələrimizin qurulmasına imkan yaradacaq”.

“AzPolitika” xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa səsləndirib.

Millət vəkili qeyd edib ki, hələlik quru yol mövcud deyil və bölgədə yaranmış vəziyyətə görə İran üzərindən də sabit daşınmalar imkanı arzulanan səviyyədə deyil. 

Onun sözlərinə görə, belə bir şəraitdə Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiyanın azaldılması narahatlıq doğurur: “Bu il büdcədə Naxçıvana ayrılan dotasiya 198 milyon manat nəzərdə tutulub. Bu da ötən ildəkindən 6,4 faiz aşağıdır. Fikrimcə, bu məsələ üzərində bir daha düşünməliyik. Çünki vəziyyət hələ ki yaxşılaşmayıb. Orada islahatların və iqtisadi canlanmanın həyata keçirilməsi üçün çox ciddi təşəbbüslər göstərilir, yerli idarəedicilər də bu istiqamətdə çalışırlar. Amma bütün məsələlərin sonu gəlib yol məsələsinə dirənir. Yol açılmadıqca hansısa ciddi layihəni arzuolunan səviyyədə həyata keçirmək mümkün olmur”.

Fazil Mustafa Naxçıvanda mövcud olan sosial problemlərə və işsizlik məsələsinə də diqqət çəkib. O bildirib ki, səhiyyə sahəsində kadrların böyük əksəriyyətinin Bakıda cəmləşməsi və yerlərdə bu sahədə müəyyən çatışmazlıqların olması səbəbindən xəstəliyə düçar olmuş insanların paytaxta gəlib-getməsində ciddi çətinliklər yaranır: “Bəzən insanlar müalicə olunmaqdan belə çəkinirlər. Çünki təyyarə bileti alıb, yanında iki-üç nəfərlə Bakıya gələrək bu müalicəni həyata keçirmək onlar üçün mümkün olmur. Ona görə də düşünürəm ki, hələ ki yollar açılmadıqca dotasiyanı azaltmaq doğru addım olmazdı. Hökumət başqa imkanları nəzərə alaraq bunu əksinə, artırmalıdır ki, heç olmasa xəstəliyə düçar olmuş insanlar ödənişsiz şəkildə bir dəfə Bakıya gəlib-getmək imkanı əldə etsinlər və həyatlarını sürdürə bilsinlər. Bu vəsait digər sosial məsələlərin həllində də insanlara köməklik edə bilərdi”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol