Menu

Vəzifəlilərin biznesinə son qoyula bilər - Yeni qanun nələri dəyişəcək?

25.11.2026, 20:00
Vəzifəlilərin biznesinə son qoyula bilər - Yeni qanun nələri dəyişəcək?

Dövlət idarəçiliyində şəffaflığın təmin olunması, korrupsiya risklərinin azaldılması və vəzifəli şəxslərin şəxsi maraqları ilə xidməti fəaliyyətləri arasında yarana biləcək ziddiyyətlərin qarşısının alınması istiqamətində yeni qanun layihəsi hazırlanır. Sənəddə dövlət vəzifəli şəxslərinin biznes fəaliyyəti, sahibkarlıq subyektləri ilə əlaqələri və maraqlar toqquşmasının tənzimlənməsi ilə bağlı mühüm dəyişikliklərin nəzərdə tutulduğu bildirilir.

Bəs yeni qanun layihəsi məmurların biznes fəaliyyətinə hansı məhdudiyyətləri gətirəcək? Təklif olunan dəyişikliklər dövlət idarəçiliyində şəffaflığın artırılmasına və maraqlar toqquşmasının qarşısının alınmasına nə dərəcədə təsir göstərəcək?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, qanun layihəsi sərt nəzarət olduğu təqdirdə real nəticə verə bilər:

"Dünən müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul olunan qanun layihəsində yer alan müddəaların böyük əksəriyyəti əslində əvvəlki qanunvericilikdə də mövcud idi. Belə ki, vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsi, eləcə də öz səlahiyyətlərindən istifadə edərək şəxsi, yaxınlarının və üçüncü şəxslərin maraqlarını təmin etməməsi kimi məqamlar qanunlarda öz əksini tapmışdı. Amma yeni qanunun qəbul edilməsinin mövcud vəziyyəti köklü şəkildə dəyişəcəyinə inanmaq çətindir. Çünki bir çox halda vəzifəli şəxslərin adına rəsmi mülkiyyət belə qeydə alınmır, əmlaklar və biznes subyektləri başqalarının adına rəsmiləşdirilir. Real dəyişikliyin baş verməsi üçün sərt nəzarət mexanizmi tələb olunur. Əgər maraqların toqquşması və ya qanunsuz biznes fəaliyyəti aşkarlanan məmura qarşı konkret hüquqi addımlar atılarsa, məsələn vəzifədən uzaqlaşdırılma, cərimələrin tətbiqi, aktivlərə və biznesə həbs qoyulması, qanun çərçivəsində azadlıqdan məhrumetmə kimi cəzalar olarsa, bu zaman insanlar konkret seçim qarşısında qalarlar. Yəni ya dövlət vəzifəsi, parlament mandatı və siyasət, ya da biznes və ticarəti seçərlər. Qanunun icrasında "dəmir əl" prinsipi nümayiş olunmayana, konkret əlaqələr araşdırılıb şəxslər məsuliyyətə cəlb edilməyənə qədər bu qanun layihəsinin praktikada işlək olacağına inam zəifdir".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol