Dünya ticarət marşrutlarının yenidən formalaşdığı, Şərqlə Qərb arasında alternativ nəqliyyat yollarının əhəmiyyətinin artdığı bir dövrdə Orta Dəhliz Azərbaycanın strateji imkanlarını genişləndirən əsas layihələrdən biri kimi diqqət çəkir. Xüsusilə Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yükdaşımaların artması ölkəmizin tranzit potensialını ön plana çıxarır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu infrastrukturu və Şərq-Qərb nəqliyyat əlaqələri Azərbaycanın regional logistika mərkəzinə çevrilməsi üçün mühüm imkanlar yaradır. Lakin bu potensialı reallaşdırmaq üçün infrastrukturun genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, daşımaların sürətinin və rəqabət qabiliyyətinin artırılması vacibdir.
Bəs Azərbaycan Orta Dəhlizin yaratdığı imkanlardan nə dərəcədə səmərəli istifadə edə biləcək və regionun əsas logistika mərkəzinə çevrilmək üçün hansı addımları atmalıdır?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, tranzit ölkə olmaqla regional logistika mərkəzinə çevrilmək arasında mahiyyət fərqi var:
"Klassik tranzit ölkə yüklərin sadəcə sərhəddən keçib getdiyi bir marşrut halqasıdır. Logistika mərkəzi isə yüklərin toplandığı, saxlandığı, çeşidləndiyi, emal olunduğu, əlavə dəyər qazandığı və yeni istiqamətlərə paylandığı əsas qovşaqdır. Azərbaycan bu gün məhz ikinci mərhələyə, real logistika habına çevrilmək xəttində irəliləyir və bu proses Orta Dəhlizin ümumi sürətini artırır. Orta Dəhliz Qazaxıstandan başlayıb Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan xəttdir və dəmir yolu, dəniz və avtomobil daşımalarını birləşdirən multimodal marşrutdur. Bir vaxtlar ehtiyat və ya alternativ sayılan bu yol indi regional və qlobal gərginliklər fonunda əsas dayaqlardan birinə çevrilib. Şimal istiqamətində Rusiya-Ukrayna müharibəsinin yaratdığı çətinliklər, cənub marşrutunda isə İran-ABŞ qarşıdurmasının doğurduğu risklər yük axınlarını Orta Dəhlizə yönəldir. Çindən blok qatarların Bakıya 12-20 gün ərzində çatması marşrutun vaxt üstünlüyünü açıq göstərir və dəniz yolu ilə Süveyş kanalı üzərindən gedən daşımalarla müqayisədə dəfələrlə sürətli alternativ yaradır. 2026-cı ildə Azərbaycanda tranzit daşımaların ötən illə müqayisədə altı dəfə artması və 2032-ci ilədək bu göstəricinin daha üç dəfə böyümə proqnozu dəhlizin potensialını təsdiqləyir. Azərbaycanın bu marşrutda mərkəzə çevrilməsinin əsasında coğrafi mövqeyi dayanır. Asiyadan gələn yük Xəzər dənizini keçmədən Azərbaycan üzərindən Avropaya yönələ bilmir. Bu coğrafi üstünlüyü real iqtisadi gücə çevirmək üçün vaxtında iri infrastruktur layihələri həyata keçirilib: Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və müvafiq nəqliyyat-logistika şəbəkəsi qurulub. Mövcud 15 milyon tonluq yük qəbulu potensialının gələcəkdə 25 milyon tona çatdırılması hədəfi bu infrastrukturun miqyasını göstərir".

Ekspertin sözlərinə görə, bu strategiyanın tam səmərə verməsi üçün rəqəmsallaşma vacibdir:
"Gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, rəqəmsal sənəd dövriyyəsi və yüklərin real vaxt rejimində izlənməsi daşımaların sürətini və şəffaflığını artırır. Bununla yanaşı, Azərbaycanın tamhüquqlu və açıq regional mərkəz kimi mövqeyini möhkəmləndirmək üçün bir sıra praktik məsələlər həllini gözləyir. İlk növbədə, Xəzər dənizində gəmilərin, xüsusilə konteyner və bərə gəmilərinin sayı artırılmalıdır. Marşrut boyunca vahid tarif siyasəti tətbiq olunmalı, yük göndərən tərəf daşınma xərclərini yük yola düşməzdən əvvəl dəqiq bilməlidir. Eyni zamanda, Xəzər dənizində su səviyyəsinin azalması daşımalarda məhdudiyyətlər yaradır. Bu səbəbdən Ələt limanı akvatoriyasında və yanaşma kanallarında dənizin dərinləşdirilməsi işləri ardıcıl aparılmalıdır. Nəticə etibarilə, coğrafi üstünlük və qurulmuş infrastruktur Azərbaycanı Orta Dəhlizin əsas dayağına çevirib. Vahid tariflər, güclü donanma, rəqəmsal idarəetmə və dibdərinləşdirmə işləri tamamlandıqca ölkə sadəcə tranzit xətti deyil, bölgənin əsas logistika və paylama mərkəzi kimi daha da möhkəmlənəcək".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər