Rusiya və Ukrayna həlak olmuş hərbçilərin meyitlərinin növbəti mübadiləsini həyata keçirir. Bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyevə istinadən RBK məlumat yayıb.
Deputatın sözlərinə görə, bu dəfə mübadilə “250-nin 22-yə” formulu üzrə aparılır — Ukrayna tərəfinə 250, Rusiya tərəfinə isə 22 hərbçinin meyiti təhvil verilir.
Ukraynanın “Xoču nayti” (“Tapmaq istəyirəm”) dövlət layihəsi noyabrın 26-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə 22 Rusiya hərbçisinin meyit və qalıqlarının repatriasiya çərçivəsində Rusiyaya qaytarıldığını bildirib. Layihənin məlumatına görə, Rusiyaya verilən meyit və qalıqların təxminən yarısı Donetsk vilayətinin Redkodub, Şandriqolovo və Novoselovka yaşayış məntəqələri ərazilərində aşkarlanıb; həmin ərazilər bu yaxınlarda Ukrayna qüvvələrinin əks-hücumu zamanı nəzarətə götürülüb. Ukrayna tərəfinə meyitlərin təhvil verilməsi barədə layihənin məlumatında qeyd olunmayıb.
Qeyd edək ki, əvvəlki mübadilə oktyabrın 22-də Belarus ərazisindəki “Novaya Quta” buraxılış məntəqəsində baş tutmuşdu. Həmin vaxt Ukraynaya 252, Rusiyaya isə 25 meyit qaytarılmışdı.
Bu cür mübadilələr ötən ilin yayında İstanbulda əldə edilmiş razılaşmalardan bəri mütəmadi xarakter daşıyır. Eyni zamanda, tərəflər Əbu-Dabidə keçirilən son görüşün yekunlarına əsasən irihəcmli əsir mübadiləsi barədə də razılığa gəliblər. Həmin mübadilənin dəqiq vaxtı hələ açıqlanmasa da, Kremlin mətbuat katibi Dmitri Peskov noyabrın 26-da siyahılar üzərində işin yekunlaşmaq üzrə olduğunu bildirib.
"AzPolitika.info"


Şərhlər