Ermənistan Təhlükəsizlik Şurasının(TŞ) katibi Alen Simonyan küçədə Qarabağdan gedən bir qrup erməninin etirazı ilə qarşılaşıb.
“AzPolitika” xəbər verir ki, Ermənistan mediasında yayımlanan görüntülərdə Simonyanın ünvanına təhqirlər səsləndirildiyi görünür.
Etiraza səbəb Qarabağda doğulmuş ermənilərin yeni pasportlarda doğum yeri kimi Azərbaycanın adının göstərilməsidir. Onlar pasportlarında keçimiş qonrama separatçı qurumun adının göstərilməsini istəyirlər. Simonyana yaxınlaşan jurnalistlərdən biri ona və hakimiyyətə ünvanlanan ittihamlara cavab verməsini istəyib.
O, cavabında həmin şəxsləri Qarabağı qoyub qaçmaqda günahlandırıb: “Bəs onda burada nə işiniz var, burada nə edirsiniz?”
Simonyan həmin erməniləri boş yerə səs-küy qaldıraraq ajiotaj yaratmaqda ittiham edib. Jurnalist ona bu ermənilərin pasportlarına “Azərbaycan” yazılmasını istəmədiklərini çatdırıb. Simonyan cavabında deyib: “Bəs onlar harada doğulublar? Bu insanlar orada doğulublarsa, harada… hansı ölkənin pasportunda belə yazılmır? Bəs nə yazılmalıdır, orada doğulubsa, harada yazılmalıdır, nə yazılmalıdır?”.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər