Menu

Xəzər sahilində yeni qaydalar: Hansı tikililər söküləcək, harada qadağan olunacaq?

27.11.2026, 12:15
Xəzər sahilində yeni qaydalar: Hansı tikililər söküləcək, harada qadağan olunacaq?

Xəzər dənizinin Azərbaycan sahilboyu ərazilərində torpaqdan istifadə, tikinti və idarəetmə qaydaları dəyişə bilər. Noyabrın 16-da imzalanan fərmanla sahilyanı ərazilərin zonalaşdırılması, torpaq istifadəsinə nəzarətin gücləndirilməsi və rəqəmsal idarəetmə sisteminin tətbiqi nəzərdə tutulur. Yeni mexanizm bir tərəfdən sahilboyu ərazilərin daha sistemli idarə olunmasına, digər tərəfdən isə qanunsuz tikililərlə bağlı nəzarətin sərtləşməsinə yol aça bilər. 

Bəs yeni qaydalar vətəndaşların mülkiyyət hüquqlarına necə təsir edəcək? Sahilyanı ərazilərdə hansı tikinti məhdudiyyətləri tətbiq oluna bilər və rəqəmsal idarəetmə torpaq mübahisələrinin qarşısını ala biləcəkmi? 

Mövzu ilə bağlı "AzPolitika"ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, Xəzər dənizinin sahilboyu ərazilərində tikinti və torpaq istifadəsi ilə bağlı tətbiq ediləcək yeni qaydalar sahədə ciddi tənzimləmələrə və nəzarət mexanizmlərinin gücləndirilməsinə səbəb olacaq:

"Prosesin konkret bir quruma həvalə olunması mövcud vəziyyətin təhlil edilməsinə və qanunsuzluqların aşkarlanmasına imkan verəcək. Bundan sonra fəaliyyətin qanunvericiliyə uyğun davam etməsi üçün vahid çərçivə planı hazırlanacaq. Yeni yanaşma çərçivəsində sahilboyu ərazilərdə zonalaşdırma aparılacaq və yaşayış, kommersiya, eləcə də turizm obyektlərinin tikintisinə icazə verilən sahələr dəqiq müəyyənləşdiriləcək. Ekoloji cəhətdən həssas ərazilərdə isə tikinti məhdudiyyətləri tətbiq oluna bilər. Eyni zamanda, sahil mühafizə zolağında sənədsiz torpaq istismarının və özbaşına tikililərin qarşısının alınması əsas istiqamətlərdən biri olacaq ki, bu sahədə inzibati və cinayət məsuliyyətinin sərtləşdirilməsi də nəzərdə tutulur. Torpaq əldə etmək və ondan istifadə qaydaları da dəyişəcək. Prosesin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "vahid pəncərə" prinsipi ilə həyata keçirilməsi torpaq bölgüsündə şəffaflığı təmin edəcək. Bundan əlavə, yaradılacaq yeni informasiya sistemi kadastr rolunu oynayacaq və ərazidə mövcud olan, eləcə də tikintisi davam edən obyektlər barədə məlumatları rəqəmsal formada izləməyə imkan verəcək. Yeni qaydaların vətəndaşların hüquqlarına təsirinə gəlincə, bu, əmlakın hüquqi statusundan asılı olacaq. Əgər vətəndaşın mülkiyyət hüququ qanuni şəkildə rəsmiləşdirilibsə və heç bir qanun pozuntusu yoxdursa, yeni qaydalar bu hüquqa mənfi təsir göstərə bilməz. Lakin istifadə hüququ müvəqqəti xarakter daşıdığı üçün bu sahədə müəyyən dəyişikliklər qaçılmazdır. Yeni yanaşmalar torpaq istifadəsinin yenidən bölgüsünü tələb edir. Xüsusilə müqavilə müddəti başa çatan və ya bitmək üzrə olan istifadəçilər fərqli şərtlərlə qarşılaşa bilərlər. Hökumətin sahilboyu ərazilərə həssas yanaşması və idarəetmənin yeni mexanizmə keçməsi istifadə hüquqlarında yenilənmələrə və yerdəyişmələrə gətirib çıxaracaq".


Ekspertin sözlərinə görə, sahilyanı ərazilərdə mübahisələrin əsas səbəbi torpaq sahələrinin sərhədləri, təyinatı və hüquqi statusu ilə bağlı qeyri-müəyyənlikdir:

Rəqəmsal sahə idarəetmə sistemi torpaq sahələrinin yerləşməsini və kimə mənsub olduğunu elektron formada dəqiq ortaya çıxaracaq. Vahid informasiya bazasında torpaqların elektron xəritəsi, mülkiyyət və istifadə hüquqları, tikinti icazələri və zonalaşdırma məlumatları ardıcıllıqla yerləşdiriləcək. Bu da mülkiyyət münasibətlərində şəffaflığı artıracaq, bir sıra məhkəmə işlərinin yekunlaşmasına və gələcək mübahisələrin qarşısının alınmasına ciddi töhfə verəcək. Bununla belə, illər ərzində yığılıb qalmış problemlərin birdən-birə həll olunacağını gözləmək olmaz. Həmin ərazilərdə sənədləri tam qaydasında olmasa belə, illərlə investisiya yatıran biznes dairələri və obyektlər mövcuddur ki, bu da müəyyən mübahisələr yarada bilər. Lakin dövlət həm vətəndaşların, həm biznesin, həm də ictimai maraqların qorunmasında maraqlıdır. Əsas məqsəd sahilyanı zonanı ekoloji təmizlik, şəhərsalma, ticarət və vətəndaş məmnuniyyəti prinsiplərinə uyğun yenidən təşkil etməkdir. Rəqəmsallaşma prosesi mərhələli şəkildə sənədlərin dəqiqləşdirilməsi ilə yekunlaşacaq və nəticədə bütün tərəflərin maraqları uzlaşdırılacaq".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol