Menu

Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub - ölən var

27.11.2026, 10:22
Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub - ölən var

Qaradağda yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Bu barədə "AzPolitika"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" markalı yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşın həyatını itirərək deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1993-cü il təvəllüdlü Əliyev Rəmzi Savet oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol