Bakının Binəqədi rayonunun 7-ci mikrorayonunda, Bakı Qars küçəsinin ətrafında yerləşən yolkənarı obyektlərin nömrələnməsi ərazidə söküntü işlərinin aparılacağı ilə bağlı müzakirələrə səbəb olub.
"AzPolitika" "Xəzər" TV-yə istinadla xəbər verir ki, bir neçə gün əvvəl obyektlərin üzərinə vurulan nömrələr sakinlər və sahibkarlar arasında müxtəlif ehtimalların yaranmasına səbəb olub. Onların bir qismi ərazidə mövcud yolun genişləndiriləcəyini, digərləri isə yeni yolun və ya parkın salınacağını ehtimal edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən şifahi şəkildə bildirilib ki, obyektlərin nömrələnməsi yol tikintisi layihəsinin ilkin mərhələsidir.
Məlumata görə, layihə çərçivəsində yaşayış komplekslərindən birinin Bakı Qars küçəsi ilə əlaqələndirilməsi məqsədilə avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulur.
Agentliyin açıqlamasına əsasən, təsdiqlənmiş layihəyə uyğun olaraq yol üçün ayrılmış zolağın sərhədləri müəyyənləşdirilir və həmin əraziyə düşən hər bir obyektə ayrıca inventar nömrəsi verilir.
Növbəti mərhələdə obyektlərin daxili və xarici ölçüləri götürülür, kadastr və qiymətləndirmə məlumatları müvafiq nömrələr əsasında sistemləşdirilir.
Əmlakın alınması, kompensasiyaların ödənilməsi və söküntü işlərinin aparılması ilə bağlı məsələlərin isə sonrakı mərhələlərdə rəsmiləşdiriləcəyi bildirilib.


Şərhlər