Milli Şuranın fəxri sədri, RATİ üzvü, kinorejissor Rüstəm İbrahimbəyov Rusiyada fəaliyyət göstərən Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) son qurultayında yaxın münasibətləri olan, Baş nazirinin sabiq 1-ci müavini Abbas Abbasovun bu qurumdan uzaqlaşdırılmasına qəribə şəkildə münasibət bildirib.
O, AzNews.az-a açıqlamasında bu məsələ barədə danışmaq istəmədiyini deyib: “Mən Abbas Abbasovun “AzerRos”dan uzaqlaşdırılması barədə heç bir şey danışmaq istəmirəm. Öz işləridir, indi məşğulam, ümumiyyətlə danışmaq imkanım yoxdur”.
R.İbrahimbəyov “Azərbaycana gəlmək haqqında düşünürsünüzmü?” sualına da korrekt cavab verib: “Qayıtmaq fikrim yoxdur. Qayıtmağımın heç bir işə xeyri olmayacaq, əksinə ziyanı olacaq”.
Qeyd edək ki, dekabr ayının 17-də Rusiyanın paytaxtı Moskva şəhərində “AzerRos”un 6-cı qurultayında Ağsaqqallar Şurası ləğv edilib və nəticədə Abbas Abbasov “AzerRos”dan uzaqlaşdırılıb. Həmin qurultayda “AzerRos”un bu vəziyyətə düşməsində Abbas Abbasov ittiham edilib.

Şərhlər