Baş qərargahı olmayan siyasi partiyaların fəaliyyəti qadağan olunacaq

Azərbaycanda siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb olunacaq, əks halda həmin partiyalar qeydiyyata alınmayacaq, yaxud fəaliyyəti ləğv olunacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5-ci maddəsinə əlavələr təklif olunur.

Təklifə əsasən, Azərbaycandakı siyasi partiyalar hüquqi şəxs statusu almaq istəyərkən dövlət qurumlarına partiyanın rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair sənəd də təqdim etməli olacaq. Qərargahın yerləşdiyi yerə dair sənədin (qurumun hüquqi ünvanını təsdiq edən sənəd) təqdim olunması məcburiləşdiriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Hökumətin bu addımının nəyə xidmət etdiyini söyləmək çətindir. Azərbaycanda qeydiyyatdan keçmiş partiyaların əksəriyyətinin qərargahı mövcud deyil. Daha doğrusu, dövlət bu imkanı onlara yaratmır. Belə olduğu halda müxalifət partiyalarının qərargah əldə etmələri çətinləşir. Çünki sahibkarlar hakimiyyətin qəzəbinə gəlməkdən çəkinərək, müxalifət partiyalarına mülk icarəyə vermirlər. AXCP məhz bu səbəbdən uzun müddət idi ki, qərargah icarəyə götürə bilmirdi.

Hökumətin qanuna müvafiq dəyişikliklərdən sonra ondan necə istifadə edəcəyi maraq doğurur.

V.Nəsibov