Bu gün Azərbaycan parlamentinin sabiq sədri, Azərbaycanın ən məşhur siyasi mühaciri Rəsul Quliyevin ad günüdür. Onun 66 yaşı tamam olur. 16 ildir Amerikada yaşayan R.Quliyev ad günü ilə bağlı Facebook-da bunları yazıb:
“Mən heç vaxt ad günü keçirmirəm. Anadan olandan 17 yaşına qədər böyüdüyüm kənddə, reqionda yaşayış çox ağır idi, nəinki ad günü, hətta adın yadından çıxırdı. Ümumiyyətlə, heç vaxt ad günüm yadıma düşməyib. Bir dəfə 50 yaşımı dostlarım yığışıb gəlib, yadıma salıblar və məcbur ediblər qeyd edək. O məclisdə də bir dəfə çox qısaca məni təbrik ediblər və ad gününü yaddan çıxarmışıq. Bu gün e-maili, Facebook-u açanda yüzlərlə təbrikə rast gəldim. Düzü onların 90 faizini tanımıram. Hər birinizə cavab yazmaq çox uzun çəkər. Ona görə məni təbrik edənlərə ən səmimi arzularımı çatdırmaq istəyirəm”.
Rəsul Quliyev uzun illərdir xaricdə yaşasa da, hər il onun ad günü Bakıda da qeyd olunub. Dost-tanışları, sədri, lideri olduğu partiyanın üzvləri imkan daxilində R.Quliyevin ad gününü qeyd ediblər. Bu qeydetmə, adətən yeyib-içmək məclisində Rəsul Quliyevin şəninə bəlağətli tostlarla müşaiyyət olunub.

Lakin illərdən 2003 olanda hər şey tərsinə döndü. Rəsul Quliyev tutulacağından çəkinərək Azərbaycana qayıtmadı, Uca Tanrının ona bəxş etdiyi tarixi şansı əlindən qaçırdı... Bundan sonra Rəsul Quliyevin ictimai şüurdakı yüksəlişi eyni sürətlə tənəzzülə çevrildi. Paralel olaraq onun ad gününü xatırlayanların və qeyd edənlərin sayı da, illər ötdükcə azalmağa başladı...
Bu il Bakıda kimlərsə Rəsul Quliyevin ad gününü qeyd edibmi, bu barədə heç bir məlumata malik deyilik. Lakin tam əminliklə iddia edə bilərik ki, bu gün Bakıdakı heç bir məclisdə, qutlamada “gələcək prezidentin” sağlığına badə qaldırılmayıb...

Amma Rəsul Quliyevin siyasətdə həqiqətən də heç bir şansı qalmayıb. Bu vaxtdan sonra onun siyasi iddialarının reallaşması möcüzə olar. Çünki yaş üstünə gələn yaş Rəsul Quliyevi siyasi cəhətdən müdrikləşdirmək əvəzinə, onun olub-qalan müdrikliyini də apardı.
Bundan sonra bizə siyasətdə uduzmuş Rəsul Quliyevə şəxsi həyatında uğurlar arzulamaqdan başqa bir iş qalmır.
Rasim ƏLİYEV
AzPolitika.info

Şərhlər