HƏRBİ SALAM VERƏ BİLMƏYƏN PROKURORUN KİMLİYİ BİLİNDİ - VİDEO (Yeniləndi)

Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanov Fəxri Xiyabanda sol əli ilə hərbi salam verməsi haqda yayılan xəbərlərə reaksiya verib.

Bununla bağlı “Qafqazinfo”ya açıqlama verən T. Qurbanov xiyabanda sol əllə hərbi salam verdiyini təsdiqləyib. Lakin bunun üçün əsaslı səbəblərinin olduğunu deyib: “Mənim sağ əlimin protez olması haqda deyilənlər yalandır. Amma sağ əlimdə problemlər var və ziyarət vaxtı həmin əlimi hərəkət etdirə bilmirdim.

Bundan başqa hərbi nizamnamədə də sol əllə hərbi salam verməklə bağlı heç bir qadağa yoxdur. Mən uzun illər hərbi sahədə fəaliyyət göstərmişəm və nəinki hərbi salam verməyi, bütün hərbi işləri çox gözəl bilirəm”.

"Sol əllə hərbi salam vermək doğru deyil. Bu cür hərəkətlər nizamnamədə də qadağandır”. Bunu isə Publika.az-a açıqlamasında Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev deyib. Prokurorun iddiasının əksinə olaraq, general bildirib ki, sol əllə hərbi salam vermək nizamnamənin tələblərinə ziddir: "Sol əllə salam vermək olmaz. Əgər sağ ələ nə isə olubsa, xəsarət alıbsa, o zaman sol əllə salam vermək şərt deyil. Farağatda dayanıb, baş əymək kifayət edir. Salamı dil ilə demək də olar, baş ilə vermək də. Bunun üçün sol əllə salam vermək doğru deyil. Bu, qadağandır”.

 

Azərbaycan Silahlı Qüvvələrinin Sıra Nizamnaməsində hərbi salamın necə verilməli olduğu ilə bağlı yazılan bəndləri təqdim edirik:

-Hərbi salam hərbçilərin dövlət və hərbi bayrağa, həmçinin bir - birinə nizamnamə ilə nəzərdə tutulan ehtiram hərəkətidir.

Azərbaycanda hərbi salam Azərbaycan Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun yerinə yetirilir. Bütün qoşun növləri həmçinin, polis və xüsusi xidmət orqanlarının əməkdaşları bu Nizamnamənin tələblərində qeyd olunan hərbi salam qaydasına əməl edirlər. Nizamnamədə yazılır:

- Hər bir hərbi qulluqçu özündən böyük komandir və ya rəislərə hərbi salam verməyə borcludur;

- Əsgəri salam dəqiq və cəld, sıra duruşu və hərəkəti qaydalarını düzgün yerinə yetirməklə verilir;

- Əsgəri salam verilərkən sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırmalı, barmaqlar bir yerdə, ovuc düz, dirsək çiyin səviyyəsində olmalıdır. Başı rəisə tərəf döndərdikdə əlin vəziyyəti dəyişmir;

- Əgər hərbi qulluqçu böyük rəisin yanından keçirsə o, rəisə üç addım qalmış hərbi salam verib tam addım atır və ümumi altı addım ataraq onun yanından sovuşur.

***

Mərhum Prezident Heydər Əliyevi anım günündə prokurorluq əməkdaşlarının Fəxri Xiyabanı - Heydər Əliyevin məzarını ziyarəti zamanı maraqlı hadisə baş verib. Yayılan videokadrlarda belə bir an diqqəti cəlb edib ki, prokurorlardan biri hərbi salamı sol əllə verib. 

Dünəndən etibarən düzgün hərbi salam verə bilməyən prokurorun kimliyi ciddi müzakirələrə səbəb olub.

İnternetdə, sosial şəbəkələrdəki müzakirələrdə hərbi salamı sol əllə verən prokurorun kimliyi açıqlanmasa da, prokurorun sağ əlinin protez olduğu, bu səbəbdən də hərbi salamı digər əliylə verdiyi iddiaları irəli sürülüb.

BakiPost.az-ın əldə etdiyi məlumata görə, sözügedən şəxs Bakı şəhər Prokurorluğunun prokurorluqda İstintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanovdur. Bundan əlavə, onun əlinin protez olması məlumatı da yalandır.

Baş Prokurorluqdan faktı sayta təsdiqləyiblər.

Məlumat üçün bildirək ki, 1991-ci ildən prokurorluq orqanlarında işləyən Tariyel Qurbanov əvvəllər Tovuzun, Qaradağın və Hacıqabulun prokuroru vəzifəsində işləyib. O, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar