Baş nazirin müavini üçün ədəbi tərifçi

Dərc olunub: 26/12/2016 - 00:20

Etibar EliyevEtibar ƏLİYEV

Yazıçı Elçin “Baş” adlı bir roman yazıb. Yazılan istənilən bədii əsərin qaydası belədir: tənqidçilər rəy bildirməlidirlər. Belə də oldu. Roman işıq üzü görən kimi sərt tənqidə, üzr istəyirəm, sərt tərifə məruz qaldı. Tənqidçi Əsəd Cahangir roman haqqında elə fikirlər yazıb ki, Elçin müəllimin əsəri durmadan Nobel Komitəsinə təqdim edəcəyini düşünür adam.

Tənqidçi hətta dözməyib, bu barədə kitab da yazıb…

“525-ci qəzet” yazır ki, “On üçüncü gecə” tanınmış tənqidçi Əsəd Cahangirin sayca dördüncü kitabıdır: “Təzəcə işıq üzü görən kitabda müəllifin Elçin yaradıcılığı – hekayələri, məqalələri, dram əsərləri, onlar əsasında hazırlanmış tamaşalar və nəhayət, “Baş” romanı haqda yazıları yer alıb”.

Bu məqsədlə qəzet tanınmış tərifçidən müsahibə də götürüb. Həmin müsahibədə Əsəd müəllim öz kitabını da tərifçilərə payladığını etiraf edir: “Kitabı hələlik rəyinə ehtiyac duyduğum ən yaxın çevrə adamlarına hədiyyə etmişəm. Elə şəxslər var, onların rəyi mənim üçün çox önəmlidir və xoşdur ki, müsbət rəydədirlər, məsələn, professor Nizami Cəfərov”.

Deməli, kitab rəy üçün ölkənin ən görkəmli tərifçilərindən biri olan Nizami Cəfərova da təqdim edilib. Tərif sxemi elə də mürəkkəb deyil: Əsəd Cahangir Elçinin romanını bir tənqidçi kimi tərifləyir, Nizami Cəfərov da bir tənqidçi kimi Əsəd Cahangirin kitabını tərifləyəcək, sonda isə Elçin bunların hər ikisini əsaslı tərifə görə tərifləyəcək. Bizim ədəbiyyat işimiz belədir.

Tənqidçi Əsədin bəzi tənqidləri olduqca maraqlıdır. Məsələn: “Elçin mənə anlaşıqlı yazıçıdır. Onun əsərlərində özümü görə bilirəm. Onun Mahmud, Məmmədağa və digər obrazları öz psixotipinə görə mənə yaxındır. O, şüuraltımda olan məsələləri aydın şüur işığına çıxarıb və özümüdərkimə kömək edib. Elçinin əsərlərini oxuduqca öz həyatım haqda bədii informasiya almışam. Bəzən isə bu əsərlərdə yazılanlar sonradan başıma gəlib və bu, məni heyrətləndirib. Yəni bu əsərlərin müəllifində öncəgörənlik var. Elçinin “Baş” romanı bu qənaətimi bir daha təsdiqlədi. Yazıçı bu romanda metafizik-ilahi həqiqətlərə yönəlib və bədii düşüncəmizin gələcək konturlarını cızıb. Mən bu romanı çoxdan gözləyirdim və nəhayət ki, o yazıldı”.

Əməlli başlı yıxıb sürüyüb, elə deyilmi? Əslində, bir oxucu təəssüratıdır, özünün şüuraltını təzə dərk etmiş oxucunun…

Keçək şüur məsələlərinə. Ən maraqlısı odur ki, jurnalist ərinməyərək ona “Metafizik-ilahi həqiqətlər nədir” sualını verib. İndi siz onun cavabına baxın, başqa sözlə, aldı görək nə dedi:
“Fizika qanunları dışına çıxan həqiqətlər. Metafizik aləmdə Nyuton qanunları işləmir. Bu həqiqətləri beş ənənəvi duyğu orqanı ilə yox, altıncı duyğu ilə qavramaq olar. Metafizika bədən yox, ruhla bağlıdır. Bədən fizika qanunlarına tabedir, ruh isə metafizik mövcudluqdur, transsendent məndir. Elçinin son romanı olan “Baş”ın qəhrəmanı general Sisyanovun ruhudur, yəni metafizik varlıqdır. Romanın əsasında milli, ümumbəşəri və ilahi vəhdət, yəni tövhid ideyası durur. Bu, postmodernist plüralizmin gətirdiyi xaosdan sonra monist təfəkkürlə şərtlənən nizama qayıdışdır”.
Təbii ki, tənqidçinin bu ifadələri Elçinə xoş gəlmək üçündür. Amma yəqin Elçin də bilir ki, bu ifadələr tənqid üçün, üzr istəyirəm, tərif üçün yerində işlədilmir. Metafizika “fizikadan sonra gələn” mənasını verir. Bu anlayışı eramızdan əvvəl 1-ci əsərdə A. Rodosskiy işlədib. O zaman isə fizika qanunlarından söhbət belə gedə bilməzdi. Nyuton isə qanunlarını 17-ci əsrdə yazdı. Onun qanunlarının, Elçinin əsərinin metafizikaya nə dəxli var? Maritenə görə metafizikanın əzəmətini və miskinliyini bilmirlər. Onun böyüklüyü nədir? Müdriklik. Bəs, miskinliyi? O, insan biliyidir. Elə miskinliyin bir nümunəsi də onun haqqında bilməyib danışmaqdır.

Bəs “metafizik-ilahi” anlayışı nə olan şeydir? Bu sahədə savadı olan adi tələbə də bilir ki, elmi (empirik) biliklər metafizik biliklərdən və dini biliklərdən (dini ehkamdan) fərqləndiyi kimi, metafizika da elmdən və dindən ciddi sərhədlə ayrılır. Onları necə birləşdirmək olar? O, həyatın, dünyanın, gerçəyin ilkin mənşəyi ilə məşğuldursa, hər şeyin Tanrıdan başladığını deyən – ilahi olanla metafizikanı hansı yolla birləşdirmək mümkündür?

Axı niyə bizdə adamlara elə gəlir ki, “metafizika” sözünü tez-tez işlədəndə fikirlər dərin və doğru olur. Hər kəs bilməlidir ki, metafizika elə bilik, elə baxışdır ki, elmə zidd ola bilməz, sadəcə elmin söz deyə bilmədiyi sahədə elmi biliklərə qarşı getmədən doktrin irəli sürməkdir. Zamanında “fizika” elm demək idi elə, metafizika isə elmdən sonraya bağlı idi. Əslində, ədəbi əsəri heç bir əsas olmadan metafizikaya bağlamaq onu zəifliyinin sübutu ola bilər.
Eliota görə tənqid müəyyən məqsədə xidmət etməlidir. Bizim tənqidçilərin məqsədi isə yalnız tərifdir.

Əsəd Cahangir Elçini və əsərini xeyli tərifləyəndən sonra birdən yadına düşür ki, tənqidçidir axı. Və elm adamlarını yıxıb-sürüyür:
“Elmin üç mərhələsi var. Birincisi cəhalət mərhələsidir və bu, elmdə ilk addımını atanlara aiddir. İkincisi, müəyyən bilik qazanmış və özünü çox savadlı bilənlərə aiddir. Bu mərhələ insanda təkəbbür doğurur. Üçüncüsü, bu təkəbbürü, eqonu dəf edənlərə aiddir. Onlar biliyin elə həddinə çatırlar ki, sokratik bir dillə, “bircə onu bilirəm ki, heç nə bilmirəm” deyirlər. Bizim alimlər ən yaxşı halda ikinci mərhələyə çatır, üçüncüyə keçə bilmirlər. Təkəbbür üçüncü mərhələ keçməyə onlara imkan vermir. Mənəvi dayazlıq, intellektual kasadlıq, qısqanclıq, mənəm-mənəmlik də burdan doğur”.

Tənqidçinin tənqidi də belə olur. Sokrat həyat fəlsəfəsinin qədim və möhtəşəm təmsilçisidir. Onun Delfi məbədinin divarından oxuduğu müdriklik haqda sözlərin elmə heç bir bağlılığı yoxdur. Məgər Nyuton öz qanunlarını irəli sürəndən sonra deməli idi ki, “mən heç nə bilmirəm”. Onun başına hərə bir alma atar, hamı ona gülərdi. Alim, bilgi adamı, ekspert bilənə deyilir. Konkret hansısa sahənin bilicisi olana. Onların dərəcəsi də ola bilər. Doktor, akademik və s. Amma onların hamısı biləndir. Onlar müdrik olmaya bilər, yaxşı adam sayılmaya bilər, hökumətdə vəzifə tutmaya bilər, amma gerçək alimlər öz sahəsini və işini biləndir.

Yazıçı da gərək gerçək yazıçı, tənqidçi də gərək gerçək tənqidçi olsun!


loading...


Fikrinizi bildirin