ERMƏNİ ƏBLƏHLİYİ

Nurəddin İsmayıl

Ermənistan məkrli oyunlarını davam etdirir. Azərbaycanın apardığı son antiterror əməliyyatından sonra başı əzilən, ordusu pərən-pərən düşən, hərbi srukturları iflic olan bu dövlət olanlardan nəticə çıxarmaqdansa, sərsəm, revanşist cəhdləri ilə özünü yenidən bataqlığa sürükləyir.

Paşinyan hakimiyyəti bir yandan sülhdən, bir-birinin ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını tanımaqdan danışdığı halda, digər yandan beynəlxalq platformalarda Azərbaycana qarşı sanksiyalara, siyasi təzyiqlərə yol açan hiyləgər siyasətini davam etdirir. Əlbəttə, bu dövlətin yönəticiləri hər zaman olduğu kimi, bu gün də onu yönəldən dövlətlərin diktəsi ilə hərəkət edir və düçar olduğu ağır, sarsıdıcı məğlubiyyətin qisasını almaq həvəsi ilə çabalar göstərir.

Maraqlıdır, bir dövlətin mövcudluğunu təhdid edən daha hansı faktorlar ortaya gəlməlidir ki, bu dövlətin düşünən başları öz xalqını, xəyali xəritələr cızıb “böyük Ermənistan” yaratmaq kimi sərsəm ideyalardan, boş xülyalardan uzaqlaşdırsın, onlara bugünkü reallıqlar çərçivəsində yaşamağın qaçılmaz olduğunu anlatsın? Başa salsın ki, əhatə olunduğu dövlətlərlə barış içində, təhlükəsiz yaşamaq istəyirsə, bölgədə olmayan keçmişinə boylanmaq əvəzinə, bölgədə qalıcı gələcəyi haqqında düşünsün. Lakin görünən odur ki, bu tayfa tarixin haqlı olaraq onlara yaşatdığı acı təcrübədən, öz əbləhlikləri ucbatından başına gələn müsibətlərdən nəticə çıxarmaq, Cənubi Qafqazdakı pozucu fəaliyyətindən geri durmaq istəmir, başının altına yastıq qoyduğu dövlətlərin himayəsinə sığınaraq yenə də avantürist planlar qurur. Yenə də hərbi ritorika, revanşizmə meyillənmə, silahlanma çağırışları qabarır. Dəyəri milyardlarla ölçülən bəxşiş edilmiş rus silahını bir antiterror əməliiyatla itirən Ermənistan, bu dəfə Fransanın, Hindistanın və digər ermənipərəst dövlətlərin əliylə silahlanmaya can atır, öz ərazisini bölgədə yer tutmaq istəyən yeni güclərin platsdarmına çevirmək istəyir.

Rusiyanın barış missiyasının bitdiyini elan edib, ikitərəfli formatda keçirilən görüşlərin vacibliyini gündəmə gətirən Ermənistan, üçüncü dövlətlərin sülh danışıqlarına qoşulması üçün altdan iş aparır. İş təkcə bununla bitmir. Bitmiş Qarabağ məsələsi yeni tələblərlə yenidən Avropa Birliyinin, AŞPA-nın, beynəlxalq təşkilatların gündəliyinə daşınır. Bu cəhdlərin əbəs olduğunu anlamayanlar unudur ki, minlərlə şəhidin qanı bahasına işğaldan azad edilən Qarabağ daha oların separatçı rejiminin hər yerində at oynatdığı Qarabağ deyil və burada yaşamını davam etdirmək istəyən hər bir erməni yalnız Azərbaycan qanunları çərçivəsində qala bilər. Vaxtilə onlara ən böyük status verilməsini tələb edənlər və bu statusdan imtina edib, Qarabağı Ermənistana birləşdirmək tələbini irəli sürənlər bilməlidir ki, indi onların bir statusu var: sakini olduğu ərazimizdə digər vətəndaşlarımız kimi yaşamaq, fəaliyyət göstərmək.

Azərbaycan baş verənlərin, bu ölkənin arxada bizim əleyhimizə hansı planlar cızdığının fərqindədir və müharibənin qalibi olmasına baxmayaraq, iki ölkə arasında, bütövlükdə regionda sülhün, təhlükəsizliyin bərqərar olması üçün öz səylərini israrla davam etdirir. Dövlət başçısının hər bir platformada səsləndirdiyi barış çağırışları xarici siyasətin bütün vektorlarında dövlətimizə qarşı yönələ biləcək təhdidləri, siyasi təzyiqləri neytrallaşdırmağa, əleyhdarlarımıza ipucu verməməyə hesablanıb. Hərbi qələbənin sonrakı dövrü, qələbəni qoruyub saxlamaq naminə barış diplomatiyası aparılmasını tələb edir. Bu baxımdan Azərbaycan dövləti öz modern hərbi gücünü dünyaya nümayiş etdirməklə yanaşı, Ermənistanın ölkəmizə qarşı beynəlxalq səviyyədə apardığı təxribat planlarını pozmağın diplomatik yoluna daha çox üstünlük verir. 

Səfirlərin, rəsmi statusla ölkmizə səfər edən dövlət yetkililərinin vəhşicəsinə dağıdılmış, viran edilmiş və bu gün bərpa, quruculuq işlərinə başlanmış işğaldan azad edilən ərazilərə səfərlərinin təşkil edilməsi, beynəlxalq əhəmiyyətli zirvə görüşlərinə ev sahibliyi, istər postsovet ölkələri, istərsə də Qərb ölkələri ilə qarşılıqlı faydalı ikili əməkdaşlıqların ardıcıl şəkildə davam etdirilməsi, türk dövlətləri təşkilatı çərçivəsində aktiv fəaliyyət, qardaş Türkiyə ilə beynəlxalq platformalarda eyni mövqedən çıxış edilməsi Azərbaycanın diplomatik, siyasi sahədə əldə etdiyi uğurlardır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar