TƏK TƏSƏLLİMİZ...

Nurəddin İSMAYIL

Xocalı soyqırımı iyirminci əsrdə insanlığa qarşı törədilən ən qanlı cinayət hadisələrindən biridir. Bu cinayətin tarixi kokləri 200 il bundan əvvəl ermənilərin çar Rusiyası tərəfindən tarixi ərazilərimizə köçürülməsi, məskunlaşdırılması dövrü ilə başlamış və iyirminci əsr boyunca daha amansız xarakter almışdır.

1988-ci ildən sovet siyasi rəhbərliyinin xeyir-duasını alan ermənilər Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək üçün dəridən qabıqdan çıxır və bu alçaq siyasəti həyata keçirmək üçün ən qanlı cinayətlərə əl atmaqdan çəkinmirdi. Xocalı soyqırımı ermənilərin ayrı-ayrı dövrlərdə xalqımıza qarşı törətdiyi cinayətlərin kuliminasiya nöqtəsi oldu. 1992-cil fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndidə yerləşdirilən rus 366-cı motoatıcı alayının və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girərək dinc əhaliyə divan tutmuş, uşaq, qadın, qoca, cavan saya salmadan öz qanlı əməllərini gerçəkləşdirmişdir. 1990-cı il 20 yanvar qırğınını törədən sovet ordusu bu dəfə də öz töküntüsü - 366-cı alayını erməni silahlı dəstələrinə qoşaraq Xocalı soyqırımını həyata keçirməkdən çəkinmədi. Bu hadisə dünyanın gözü qarşısnda baş verirdi, amma heç bir beynəlxalq təşkilat, heç bir nüfuzlu dövlət Xocalı qətliamını qınayan addımlar atmadı. Bu gün Fələstində baş verən qanlı olaylara, kütləvi insan qırğınına göz yuman, İsraili kəskin qınamaq əvəzinə, onun hərbi cinayətlərinə haq qazandıran aparıcı dövlətlər, o zaman da Xocalı soyqırımına göz yummuş, erməni təcavüzünü durduran addımlar atmamışdı. Hər yerdə - Qərbdə, Rusiyada məkrli erməni təbliğatı işə düşmüş, Azərbaycan təklənmişdi. Erməni təcavüzünün ocağını körükləyən Rusiya bütün gücüylə o zamankı Ermənistan hakimiyyətinə mənfur niyyətlərini həyata keçirmək üçün dəstək verirdi.

Bu gün Rusiyanın təbliğatçısına çevrilən şəxslər unudur ki, Xocalı soyqırımı onun dəstəyi olmadan həyata keçirilə bilməzdi. Onun iradəsi olmadan 30 il torpaqlarımız erməni işğalına məruz qalmazdı. Ancaq baş verən bu qanlı hadisənin masştabı o qədər böyük, o qədər amansız idi ki, bunu gizlətmək, qırğına haqq qazandırmaq mümkün deyildi. Dünyanın bir sıra mötəbər informasiya vasitələri bu hadisənin bəşəri cinayət olduğunu, dinc əhaliyə amansız divan tutulduğunu yazmaq məcburiyyətində qalmışdı. Bəşəriyyət faşist Almaniyasında insanığa qarşı törədilən hərbi cinayətlərdən sonra hələ bu qədər vəhşiliyin, bu qədər dəhşətli hadisənin şahidi olmamışdır. Bir gecədə 25 min əhalisi olan bir şəhər yerlə yeksan edilmiş, yüzlərlə insan qətlə yetirilmiş, minlərlə insan əsir götürülmüş, qaçıb canını qurtarmaq istəyənlər yenidən gülləboran edilmiş, ya da şaxtada donub qalmışdı.

Dünən gördüyüm yuxuydu, nə idi bilməm,

Gördüm, heç vaxt görmədiyim cənnət qoxulu bir yerdəyəm.

Buranın bir tərəfi, içi qanla dolu qar üstündə donmuş körpələrin izi qalan Xocalıya,

Bir tərəfi şiş qayalı, cıdırları bədöy atsız Şuşaya bənzəyirdi.

Bənzəyirdi, bəzəklərindən tanıdığım xınalı kəkliklər,

Bənzəyirdi, xəcalətdən boyu qısılan əlçatmaz yüksəkliklər.

Xonça bəzədilmişdi burda qar üstdə qızılı qandan,

Hər şəhid bir pay tutmuşdu sanki Allaha şirin candan.

Göylər elə aydın, yerlər elə gözəldi,

Deyərdin bəs, ölmüşlərin cənnət yeridir burası.

Cənnət dedim, cənnət belə olurmuş?!

Allahım, bu nə cənnət ki, çəmənləri, çiçəkləri xəzan olub solurmuş?!

Kərpicləri dəlik-dəlik minarədən azan səsi yüksəlirdi,

Bədənləri kurşunlara hədəf olan insanların ruhu burda haray çəkir, inləyirdi.

İnləyirdi burda can bədənə, bədən cana həsrət qalan ana ruhlar, bala ruhlar,

Tikdirmiş sahibsiz qalan yurd içində Ruhdan özünə qala ruhlar.

Xocalı hadisəsindən bizi 30 ildən artıq zaman ayırır. Amma Xocalı soyqırımı əsrlər keçsə belə, heç vaxt yaddaşlardan silinməyəcək. Dövlətimiz bu soyqırımı dünyada tanıtmaq üçün bütün səylərini davam etdirməli, misli görünməyən bu erməni vəhşiliyini dəlil-sübutlarla beynəlxalq kürsülərə daşımalıdır.

Xocalı, ömrü boyu sağalmayan yaramızdır, təsəllimiz isə Qarabağın hər yerində olduğu kimi Xocalıda da bayrağımızın dalğalanması, Azərbaycan ordu hissələrinin marş sədaları altında o doğma yurdda addımlamasıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar