DÜNYANIN GÜCLÜ LİDERƏ EHTİYACI VAR

Şəmsəddin Əliyev, Hüquqşünas

“Siz, insanları nəyisə etməyə vadar etməklə Lider ola bilməzsiniz. Bu, liderlik yox, zorakılıqdır”

ABŞ-nin eks-prezidenti Duayt Eyzenhauer

BMT-nin Baş Assambleyasının 66-cı sessiyasında beynəlxalq münasibətlərin ekstremal və burulğan bir zonada olması haqda fikirlər yer alıb. Bu, böyük bir gəminin əlverişsiz hava şəraitində səmtini itirməsinə bənzəyir. Gəmi dost komandaya və dəqiq kompasa malik olmadığından, düzgün kurs götürə bilmir. Ona görə də dünyanın qlobal idarəçilik mexanizminin təşkilində deformasiyalar var.

Ekstremal şərait yerində olmayan liderlərin bəşəri maraqlara və hamılıqla tanınan beynəlxalq normalara hörmətsizliyi nəticəsində yaranır. Adama elə gəlir ki, dünyanı idarə edən personalar vahid bir gəminin sərnişinləri ilə dostcasına davranmır və dünya ictimaiyyətinin iradəsinə uyğun çalışmaq istəmir. Şəxsi maraqlar ümumi maraqları üstələdiyindən tufan sakitləşib, günəş ətrafa şəfəq saçsa belə, komandanın fəaliyyəti səmərə vermir. Münaqişələr, hegemonluq virusu və iqtisadi böhran yeni çeşiddə baş verməkdə davam edir.

ABŞ-nin sabiq dövlət katibi, hazırda Stenford Universitetinin professoru olan Kondoliza Rays BMT Baş Assambleyasının 66-cı sessiyasında həmin dövrü belə xarakterizə edir: “Sonrakı aylar və illərdə də BMT-nin missiyası burulğanlı şəraitlə müşayiət olunacaq. Ancaq bu gərgin şərait dünyada demokratiyanın dəyişməsi ilə əlaqədardır. Avtoritar rejimlərdəki saxta sabitlik burada üstünlük təşkil edir. Demokratiya zamana uyğun təkmilləşməlidir”.

Baş verən antidemokratik metaforalardan belə qənaətə gəlmək olar ki, dünyanın burulğanlı zonadan - ekstremal şəraitdən çıxa bilməsi üçün hələ zəmin yoxdur. Tanınmış Britaniya sosioloqu, müasir cəmiyyətin tədqiqatı ilə məşğul olan Z.Bauman da açıqlamalarında oxşar fikirlərə yer verir. Z.Baumanın təsəvvüründə müasir dünyadakı durum dənizdəki gəminin yox, havada kursunu itirən təyyarənin sərnişinlərinin xilas olmaq üçün haray qoparmasına bənzəyir. Sən demə, kabinədə pilotlar yoxmuş... Beynəlxalq aləmdəki müasir vəziyyət burada daha dəqiq əks olunur.

Təcrübəli ekspertlərə görə, BMT-nin missiyası dəqiq deyil, yaranmış ekstremal vəziyyət məcrasına yönəlmir. Dünya intəhasız dəryada üzən gəmidə sanki taleyin girovuna çevrilib. Kompasın əqrəbləri aydın səbəblərdən müxtəlif zidd tərəflərə əyilir. Dünənə qədər doğru sandığımız istiqamətlər, bu gün yanlış yozulur. Dünya tədricən qeyri-müəyyən, ziddiyyətli və münaqişəli bir “quruma” çevrilir. Belə bir gərgin və təlatümlü şəraitdə hamını qane edəcək bir liderə tələb və ehtiyac əhəmiyyətli dərəcədə güclənir. Yeni və mürəkkəb qərarların qəbul edilməsi gərək olur. Qərb sosioloqu Ziqmund Baumanın fikri ilə ifadə etsəm, “Yuxarıdan komanda gözləyən və suyun axarı istiqamətinə üzən liderlər dünyanı fəlakətə aparır. Belələrindən qurtulmağın vaxtı çoxdan çatıb”.

Amerikanın aparıcı politoloqlarından olan Z.Bjezinskiyə görə isə Amerika sistemindəki kəskin böhran belə deməyə əsas verir ki, 2025-ci ilədək dünyanın yeni Liderinin ortaya çıxmasını gözləmək əbəsdir...

Onun fikrincə, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra dünya ABŞ-dən yeni liderin ərsəyə gələcəyini gözləsə də, bu baş vermədi. Dünyaya hökmranlıq edə biləcək bir dövlət artıq yoxdur (Zamanında ABŞ-nin sabiq Prezidenti Barak Obamanın “Amerika 100 il ərzində də dünyaya liderlik edəcək” proqnozu özünü doğrultmadı). Beynəlxalq arenada qeyri-müəyyənlik, qaçılmaz risklər və arzuolunmaz nəticələr ABŞ-nin nüfuzunun kəskin azalmasına səbəb olub. Amerikalı politoloqun baxışlarına görə, Vaşinqtonun xarici tərəfdaşları bunu yaxşı başa düşürlər. Politoloq yüksək çinli Çin məmurunun həyəcanlı və açıq müraciətini də dünyaya çatdırır: “Allah xatirinə, Amerikanın nüfuzunun düşməsinə imkan verməyin”(?). Amma “dəyirman” öz işindədir...

Görünən odur ki, dünyanın həqiqi bir lideri olmadan bəşəriyyətin rifahı və təhlükəsizliyinin təmini mürəkkəbləşir. Sərhədlərin və ərazi bütövlüyünün toxunulmazlığı silahla hədələnəcək! Güc tətbiq ediləcək! Ərköyün liderlər Beynəlxalq hüququn prinsiplərinə açıq hörmətsizlik ifadə edirlər. Cəzasızlıq mühiti “ərköyünləri” şirnikləndirir... “Özününküləşdirmək” istəyi və “Mən belə istəyirəm” şüarları bəzi dövlət başçıları üçün bir prinsipə və funksiyaya çevrilib...

Böyük Britaniyanın “Daily Telegraph” qəzetində 2012-ci ildə dərc olunan “Dünyanın ehtiyac duyduğu Lider zuhur edəcəkmi?” başlıqlı məqalə də maraqlıdır.

Zənnimcə, dünyanın 1941-1945-ci illərdəki liderlərə - Stalinə, Çörçillə, Ruzveltə, De Qolla, eləcə də Koffi Annana sözün həqiqi mənasında böyük ehtiyacı var.

Lider siyasi yeniliklərin elementlərinə uyğun, dünyanın xəritəsini xatırladan coğrafiyasına və ümumi maraqlar naminə hamını qane edəcək zəruri dəyişiklikləri nə vaxt, necə edəcəyini bilməli, sosial-siyasi, iqtisadi proseslərin tənzimlənməsi prosesində özünə inanmalı, ensiklopedik erudisiyaya, siyasi elitada yüksək nüfuza və zəngin xarizmaya malik olmalı, hakimiyyətdə idarəçiliyin əsas metodlarını bilərək qərarların qəbulu zamanı ümumi maraqları nəzərə almağı bacarmalıdır. Onun inteqral (bütöv) yükü və vəsaitləri liderlik funksiyasının realizə olunmasına kifayət etməlidir.

1998-ci ildə ABŞ-nin o vaxtkı dövlət katibi Madlen Olbrayt avtoritar təfəkkürə xas bir ifadə işlətmişdi: “Bizim İraqa qarşı güc tətbiq etməyimiz qəbul edilməlidir, çünki bu, Amerikadır - bizik və dəyişməzik! Biz ucalıqda və yüksəklikdə olduğumuz üçün gələcəyi digər ölkələrdən yaxşı görürük”.(?!)

Qənaətimə görə, deyilənlər ötən əsrin təsadüfən işlədilən təşəxxüslü ifadələri deyil, başqa ölkələrə xor baxmağın və təkəbbürlüyün bariz nümunəsidir. 2011-ci ildə ABŞ-nin dövlət katibi, xanım Hillari Klinton da oxşar bir fikir söyləmişdi: “Dünyada hökm sürən çətin şəraitdə mən və Prezident Obama işə başlayıb, amerikalıya xas liderliyi möhkəmləndirə bildik. Bu, Amerika taleyidir – biz liderik, ona görə!”

Amerikanların taleyində messian (Messian- yəni Mesiha təsəvvürü, yəhudi dininə görə, güya yəhudi xalqını xilas etmək üçün zühur edəcək xilaskara işarə edilir.) təqdimat həmişə olub. Bu, körpənin ana südünə bağlanması kimi yozulur. Hətta buna uyğun başqa bir misal elə Amerikanın özündə dövriyyəyə buraxılıb və məşhur bir zarafata çevrilib. Tanınmış amerikalı idmançı və aktyor Çak Norris suya tullanıb çıxandan sonra güya idmançı islanmırmış, daha dəqiq –(zarafat mənasında) su çaknorrisləşirmiş.

Qlobal Liderlik strategiyası Amerikanın xarici siyasətində əsas cəhət kimi qəbul edilir.

Sabiq Prezident Barak Obamanın administrasiyası tərəfindən hazırlanmış Milli Təhlükəsizlik Strategiyasında deyilir: “Bizim Milli Təhlükəsizlik Strategiyamız hiylədən ibarət deyil. XXI əsrdə bizim maraqların səmərəli həyata keçirilməsi üçün liderlik ambisiyamız yenilənməlidir”. Sual yaranır: Bu yenilik nədən ibarət olmalıdır?

Amerika artıq jandarm-siyasi mühafizə funksiyalarının və bəşəriyyətin qlobal təhlükəsizliyinin təmin edilməsi işinin öhdəsindən gələ bilmir. Dövlətlər beynəlxalq hüququn prinsiplərindən irəli gələn öhdəliklərin icrasına sayğısızliq göstərir, bəzən məsuliyyətsiz bəyanatlar verir. Güclü dövlətlər başqa dövlətlərin daxili işlərinə müdaxilədən çəkinmir. Hamının tərəfdar çıxdığı insan hüquq və azadlıqlarını ifadə edən beynəlxalq paktların prioritetliyi kağız üzərində qalıb. Bir sıra ölkələrin beynəlxalq münasibətlərin idarə olunmasında iştirakı beynəlxalq aləmdə məmnunluq yaratmır. Beynəlxaq aləmdə sülhə təhlükə var...

Yenə ABŞ-nin sabiq Prezidenti Barak Obamaya istinadən, qeyd edirəm: “Amerikanın hegemonluğu ümumdünya tarixinin nadir səhifələrindəndir.” Amerika isteblişmentinın diskursiv (formal məntiqi nəticələrə əsaslanan) idrakında alimlərin bir-birini tamamlayan fikirləri çoxdur. Məsələn, qeyd olunur ki, Amerikanın müstəsna qüdrəti onun iqtisadiyyatı və ölkənin nəhəng hərbi xərclərilə şərtlənir. Dünyanın güclü dövləti kimi beynəlxalq münasibətlərin tənzimlənməsində ABŞ-nin liderlik rolu yüksəkdir. ABŞ beynəlxalq dəniz strategiyasının inkişafında da siyahıya başçılıq edir və s.

2011-ci ildə Liviyada baş verən hadisələrlə Amerika Avropaya və dünyaya göstərmək istəyirdi ki, NATO-ya üzv dövlətlərə nisbətdə güya hərbi xərclərini azaltmaq niyyətindədir. Amma Liviyada baş verənlər yalnız seyr edildi. ABŞ Asiya-Sakit Okean regionunda Çinin mövqeyinin möhkəmlənməsinin şahidi olduqca, Asiyaya qayıtdıqlarını bəyan etdilər və “bu region Amerika siyasətinin özəyidir”, – deyə, yenə ağalığa başladılar.

Hələ 1995-ci ildə ABŞ Prezidenti Bill Klinton Qərargah rəislərinin birləşmiş komitəsinin üzvlərinə müraciət edərək bildirmişdi ki, “ABŞ Rusiyanın olmasına razıdır, amma onun böyük, hökmran və qüdrətli dövlət olmasına heç vaxt imkan verilməyəcək”.

Bu gün hamıya bəllidir ki, ABŞ dünyanın bütün istiqamətlərində və beynəlxalq təşkilatlarda liderliyini qorumağa, dünya siyasətində və diplomatiyasında özünün ardıcıl istehkam xəttini müdafiə etməyə qadir olduğunu sübut etməyə çalışır. Bundan sonra isə... Ümumdünya ticarət mərkəzinin yerlə-yeksan edilməsilə təkəbbürlüyün acısını daddılar.

NATO-nun yeni, XXI əsrin tələblərinə cavab verən strateji konsepsiyasında Amerikanın dünyaya liderliyi ilə bağlı qeydlər edilib: “Biz, NATO-nun siyasi liderləri, alyansın yenilənməsini davam etdirərək, onun təyinatına uyğun olmasını və XXI əsrin təhlükəsizliyini təmin etməklə, hərbi-siyasi alyansın bütün dünyaya səmərə verə biləcək (bacarığına) əzmkarlığına inanırıq...”

Beynəlxalq Təşkilatlar ABŞ-nin liderlik ruhuna uyğun fəaliyyətlərini davam etdirə bilməyəndə, haqlarında sərt tədbir görülür. Məsələn, YUNESKO 2011-ci ildə Fələstinin müstəqilliyini tanıdığına görə ABŞ təşkilata üzvlük haqqını ödəməkdən imtina etmişdi.

Amerika tədqiqatçısı H. Hilsona görə, ABŞ-nin liderliyi təkmil və ideal deyil. Dünya problemlərinin həllində onun rolu azalmaqda davam edir. Alternativlər onu qane etməyəndə, o, hərəkətə keçir. Medalın əks tərəfində başqa şeylər var. ABŞ-nin beynəlxalq birliklər çərçivəsində liderliyə cəhd etməsi həmişə müvəffəqiyyətə səbəb olmur. “Lider adlandırmaq azdır, beynəlxalq aləm gərək səni qəbul etsin” fikri artıq aforizmə çevrilib. Amerika hər hansı bir məsələdə ”həddin aşılacağını“ sezdikdə mürəkkəb və manevredici siyasət həyata keçirir.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ABŞ dünyada nəhəng bir orduya və həmçinin iqtisadiyyata malik tək ölkəyə çevrildi(SSRİ-nin dağılmasında MKİ-nin həmin dövrdəki rəhbəri böyük Buşun rolu danılmazdır.).

11 sentyabr 2001-ci ildə ABŞ öz tarixində heç vaxt görünməyən terror hücumuna məruz qaldı. Qaçırılan üç hava laynerinə sahiblənən terrorçular Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin qülləsinə və Pentaqonun binasına sarı kurs götürdü. Nəticədə 3000 adam həlak oldu. Bu qəfil hücum Amerikanı xarici siyasətində korrektələr etməyə vadar etdi. Prezident C.Buş terrora qarşı müharibə elan etdi və ABŞ-nin rəhbərliyi altında yaradılan beynəlxalq hərbi kontingent Əfqanıstana daxil oldu. ABŞ Konqresinin qəbul etdiyi “Patriotik Akt”la polisin səlahiyyətləri hədsiz dərəcədə genişləndirildi. Beynəlxalq ictimaiyyətin sərt qınağına baxmayaraq, vətəndaşların hüquq və azadlıqları məhdudlaşdırıldı, insanlar heç bir hüquqi araşdırma olmadan, təqsirsizlik prezumpsiyasına zidd şəkildə həbsə məruz qaldılar. İslamafobiyaya və irqi ayrıseçkiliyə geniş meydan açıldı. Həmin vaxtlarda Nobel mükafatı laureatı, Misir yazıçısı Nəcib Məhfuz Amerika və Avropaya xitab etmişdi: “İnsanları, islam dininə mənsub olanları təqib etmək yetər! Daha çox o hadisələrin baş verməsinə səbəb olan və onu doğuran şəraiti öyrənib, onunla mübarizə aparın”.

Dünyada baş verən ədalətsizliklər, “ağalar-qullar” dünyasi bəşəriyyətə qarşı açıq hörmətsizlikdir. Sivil dünyanin genişlənməsinə istək azdir. Hərbi arsenalların nümayişi üçün platsdarmlar axtarışına daha çox maraq var.

İsveçrənin məşhur təqdiqatçısı Andre Bonnar cəmiyyətlə təbiəti müqayisə edərək, yazır: “Təbiətdə sivilizasiya həm özünün, həm də bitkilərin inkişaf mərhələsini yaşamaq deməkdir. Bitki ərsəyə gəlib bar verir və sonra saralıb-solmaqla həyatı tükənir. Amma... onlar tam məhv olmurlar, gələcək nəsil üçün qorunurlar... Uğursuzluğa düçar olsalar belə, ümidi özlərində saxlaya bilirlər, vecsiz bir şeyə çevrilmirlər...” Avropa antik sivilizasiyadan və dağılmış antik Romadan çox şey götürdü.

Liderlik ambisiyasi barədə düşünən başqa dövlətlər də var. Çinin bu sirada haqqı bəlkə də daha çoxdur. Ölkə əhalinin sayına və xarici ticarətinə görə dünyada birinci, Ümumi Daxili Məhsulun həcminə görə ikinci yeri tutur. Pekin artiq dünyada baş verənləri kənardan seyr edə bilmir. Beynəlxalq münasibətlərdəki ayrıseçkilik halları onun maraqlarına sərt toxunur. 2011-ci ildə Liviyadaki müharibə şəraitində Çin 35 min vətəndaşını çevik şəkildə hərbi münaqişənin alovundan xilas edə bildi. Rusiya isə ancaq min vətəndaşını xilas edə bilmişdi.

ÇXR təkcə ölkəsinin yox, bütövlükdə dünyanın inkişafında maraqlıdır. ÇXR-in Dövlət Şurasinin üzvü Binqo: “Çin hər şeydən əvvəl 1,5 milyard əhalisinin vəziyyətinə görə yox, həm də dünya xalqlarının və onların rifah halının yaxşılaşdırılmasına görə məsuliyyət daşıyir”. “Məsuliyyət daşıyır” o deməkdir ki, böyük dövlət - Çin, üzərinə düşən məsuliyyəti anlayır və öz ambisiyalarını ümumi maraqlar naminə məhdudlaşdırır. Çinin dünyada hökmranlıq iddiasinda olan dövlətlər arasındakı ziddiyyətlərin aradan qaldırılmasına yetərincə gücü və bacarığı var. Çinin müasir beynəlxalq hüquq münasibətlərinin fövqündəki statusunu politoloqlar, beynəlxalq hüquq üzrə dünya ekspertləri qəbul və təqdir edir. Məsələn, T.V Kolpakova (Trans-baykal Unverstetinin təqdiqatçısı) “Yeni Regionalizm: Qlobal İnteqrasiya proseslərində Çinin təsirinin gücləndirilməsi mexanizmi” adlı məqaləsində qeyd edir ki, “İdeolji planda Çin inkişaf etmiş böyük dövlət obrazında özünü təqdim edir. Ayrı-ayrı hallarda və şəraitdən asılı olaraq Çin “qlobal dövlət”, “Regional dövlət” və ya “inkişaf edən dövlət” olaraq qəbul edilir. Çin dünyada özünü komfort səviyyədə inkişaf etmiş, həm də inkişaf edən ölkə kimi hiss edir”.

Fransız filosofu M.Fuko isə Fransanın liderliyini keçmişdəki Romaya bənzədir. Fransanın 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında gedən müharibədə hərbi manevrlərin dayandırılmasında liderlik etməsi haqda məlumatlar da var.(?) Digər tərəfdən, beynəlxalq mediada yayılan informasiyalara görə, Fransa Prezidenti N.Sarkozi Britaniya Baş naziri D.Kemeronla birlikdə 2011-ci ildə Liviyada baş verən hərbi müdaxilənin əsas təşəbbüskarlarından olublar.

Xatırlatmaq yerinə düşərdi ki, Fransa De Qoll vaxtında aydın səmada şimşək tək çaxan qətiyyəti ilə, NATO-dan çıxması barədə qərarla böyük nüfuz qazanmışdı. 2009-cu ildə Fransanın yenidən Şimali Atlantika hərbi blokuna qayıtması dünya siyasiləri tərəfindən Parisin Qərbin hərbi strukturunda və planlarında əhəmiyyətli yer tuta bilmək cəhdi kimi dəyərləndirildi.

Bu gün Almaniya və Fransa arasında açıq liderlik mübarizəsi hiss olunur. Bu canfəşanlıq avronun iqtisadi zonaya təsiri və Avropanın inteqrasiyası ilə sıx bağlıdır.

N.Sarkozinin Fransanın Prezdenti vəzifəsində çalışdığı dövrdə onun müşaviri olmuş Alain Minc “Şpigel” qəzetinə verdiyi müsahibəsində Sarkozinin Almaniya kansleri Angela Merkellə münasibətini belə xarakterizə edir: ”Sarkozi Angela Merkeli sevməyə başlayib”...

Böyük Britaniyanın da özünün milli təhlükəsizlik strategiyasinda və dünya işlərində liderliyə can atmasi hiss olunur. Ölkə texnologiya və elm sahəsində, kreativ sənaye, habelə tibbdə liderliyini qoruyub saxlaya bilib. Dünyanın qabaqcıl və seçilən universitetləri orada cəmlənib. Ölkənin 2010-cu ildə qəbul edilən Milli Təhlükəsizlik Strategiyasında qeyd olunur ki, Böyük Britanya yoxsulluqla mübarizədə və yoxsul ölkələrə göstərdiyi dəstəyə görə dünyada liderlik edir. Daha sonra sənəddə vurğulanır: “Böyük Britaniya nüfuzlu Beynəlxalıq Təşkilatların - NATO, BMT, AŞ, G-8, G-20 ölkələrilə əməkdaşliqda nadir-unikal mövqeyə malikdir”.

Liderlik bəzən böyük maddi itkilər və insan itkisi ilə bağlı olur. Bu mənada Almaniyanı misal göstərmək olar. XX əsrin sonlarında Almaniyanın birləşməsindən sonra Avropa ölkələrində, dünyada alman hegemonluğunun qorxusu yayılmğa başladı. Bu gün isə Avropa Almaniyada lider qıtlığının olmasını narahatlıqla qarşılayır. Daha çox maliyyə böhranının yaşanması aydın sezilir. Almaniya İsveçrə Konfederasiyası kimi mərkəzi Avropa və cənubi Avropanın qovşağında yerləşən kontinental müstəqil dövlət kimi qəbul edilir. Amma Berlin beynəlxalq arenada təsir imkanlarının zəifləməsini həzm edə bilmir. “Şpigel” yazır: “Son illər ərzində iri beynəlxalq təşkilatlarda bir alman əsillinin olmaması diqqət çəkir. Avropa Komissiyasında da kadr məsələlərinin həlli Almaniya üçün uğurlu olmayıb”.

Almaniynın sabiq xarici işlər naziri Y.Fişer hesab edir ki, Avropanın aparıcı ölkəsi bu məsələlərdə digər dövlətlərə uduzur.

Son illər Türkiyənin də liderlik potensialı, Aralıq dənizi regionunda və Yaxın şərqdə güclənməsi diqqət çəkir.

Ötən onilliklər ərzində ölkənin iqtisadi imkanlari yüksələn xətlə inkişaf edir. Avropa ölkələrində işləyən türkiyəlilər vətənə qaydirlar. Türkiyənin xarici siyasətini önə çəkərək demək olar ki, dünya Türkiyədən çox şey gözləyir. Ankara gələcək onilliklər üçün xarici siyasətinin inkişafı və uğurla həyata keçirilməsi üzrə geniş layihələr planlaşdırır. Türkiyə ilk öncə Avropa İttifaqına üzv olmaqda israrlıdır, regiona inteqrasiya kursunu əzmlə davam etdirir, regional münasqişlərin həllində mühüm rol oynayır. Eyni zamanda, dünyada qlobal məsələlərin həllində fəal iştirak etməyə üstünlük verir. Nəhayət, Ankara Beynəlxalq təşkilatlarda “həlledici rol” tutmağa və dünyanın on iri iqtisadi birliyində olmağa layiq olduğunu artıq sübut edib. 2011-ci ildə “Time” jurnalının oxucularının R.T.Ərdoğanı “ilin şəxsi və adamı” seçməsi çox şeydən xəbər verir. Bütün bunlar Türkiyənin xarici siyasətində ehtiva edilən metodoloji və əməli prinsiplərin hamının tərəfdar çıxdığı kriteryalara uyğun həyata keçirilməsinin canlı təzahürüdür.

Beləliklə, Türkiyə liderlik mövqeyində söz sahibidir. Cənubi Qafqaz regionunda və beynəlxalq aləmdə sülhün təmin edilməsini, Ermənistan və Azərbaycan arasinda sülh sazişinin imzalanmasi məqsədilə Azərbaycan tərəfinin təqdim etdiyi beş baza prinsiplərini qəbul və təqdir edir. Dünyanin xarici siyasi məsələlərinin həllində güclü dövlətlərlə bir sirada addımlaya bilir. Yeganə Türkiyə dövlətidir ki, qonşu ölkələrlə münasibətləri yalniz qarşılıqlı əməkdaşliq ruhunda davam etdirir. Onun qonşu ölkələrlə iqtisadi əməkdaşliğı möhkəmlənir. Türkiyə hətta Ermənistan kimi ölkəni tərəfdaş hesab edərək onunla əməkdaşliq etməkdən çəkinmir.

Liderlik də bir ambisiyadir. Rusiyanın sözün yaxşı mənasında belə bir ambisiyası varmı? 2020-ci ilin Milli Təhlükəsizlik Strategiyasında qeyd olunur ki, Rusiya Federeasiyasının dünya iqtisadiyyatında dövlət-lider mövqeyini möhkəmləndirmək üçün kifayət edəcək potensialı var. Dünyanın əmək bölgüsündə səmərəli iştirak etmək, qlobal rəqabət qabiliyyətli milli təsərüffatda inkişafa nail olmaq, müdafiə potensialının, dövlət və ictimai təhlükəsizlik səviyyəsinin yüksəldilməsi Rusiya Milli Strategiyasının qayəsini təşkil edir.

Bəzi rus alimləri də çox maraqli fikirlər yayır və Rusiyanın dünyada qlobal mədəni liderlik qabiliyyətini elmi əsaslarla izah edirlər(S.V.Kortunov və A.V.Burqalov). Rusiyanin xarici siyasət konsepyasında BMT-nin mərkəzi və koordinasiya rolu önə çəkilərək sivil münasibətlər müstəvisində dünyanın inkişafının yüksəldilməsinə xüsusi önəm verilir. Rusiya siyasilərinin və alimlərinin mövqeyinə görə özünün liderlik funksiyasını Arktikada və postsovet məkanında həyata keçirmək üçün tam imkanları var və bu, onun ambisiyası, yəni şərəf məsələsidir.

Rusiyanın indiki ərazisi MDB-nin digər ölkələrinin əhatə etdiyi məkandan böyükdür. ÜDM həcmi də elə bu həddədir. Rusiyanın əhalisi də çoxdur. Rus dili dünyada istifadəsinə görə 5-ci yerdədir, MDB məkaninda yüksək əhəmiyyət kəsb edir. Postsovet məkanında lokal münaqişələrin həlli üçün belə bir fikir formalaşib: ”Bu proseslərin həlli, açarı Moskvadadir”. Dünya miqyasinda MDB-yə rəhbərlik də, faktiki olaraq liderlikdir. MDB dünya ərazsinin 16,4%-ni əhatə edir. Dünya ehtiyat fondunda olan neftin təxminən 40%-i MDB-nin payına düşür, təbii qazin 40%-i, kömürün 40%-i, enerji istehsalının 40%-i, dünyanı əhatə edən meşə fondunun 25%-i, dünya su ehtiyatlarının təxminən 11%-i, əkinə yararlı torpaq sahəsinin 13%-i məhz Rusiyanın payına düşür. Lakin görünən odur ki, əmtəə istehsalına görə MDB-nin xidməti, habelə payı çox azdır, cüzidir.

Beləliklə, Rusyanın regional kəsimdəki liderlik ambisyasi üçün müəyyən əsaslar olsa belə, həm ərazi, həm də praktik mənada hələ çox iş görmək lazım gəlir. Rusyanın müəyyən sahədə lideryə çevrilməsi üçün həllini tapmalı olan planlar çoxdur. Onun enerji sahəsində potensial fəaliyyəti və inkişafı liderlik rolunda müstəsna önəm kəsb edir. Bu mənada Rusya enerji ehtiyatlarının eksportu və energetikanın inkişafı ilə bağlı göstəriciləri aparıcı yer tutur.

Qərbin özü də Rusiyanı energetika üzrə əzəmətli dövlət adlandırır, Moskvanın siyasi məqsədlər naminə enerji alətindən istifadə etməsinə tez-tez işarə edirlər. Rusiyanın 2030-cu illər üçün qəbul edilmiş Energetika Strategiyasında ehtiva edilən tədbirlər planı enerji sahəsində onun liderlik fenomeninə cavab vermir. Məsələn, bu strategiyada yeni, güclü və modernləşmiş neftayırma zavodlarının ritmik fəaliyyətinə böyük tapşırıqlar-planlar qoyulur, 2030-cu ildə neftin emalı Rusiyada artıb 89-90% -ə çatmalıdır. ABŞ-nin neft emalı zavodlarında və bəzi Avropa ölkələrində bu rəqəm hazırda üstünlük təşkil edir. Hətta Rusiya 2030-cu ilə qədər bu rəqəmlərə nail olsa belə, 1 ton neftdən benzinin alınmasına görə ABŞ-dən geri qalır. Amerkanın neft istehsal edən zavodlarında 1 ton xam neftdən 450-500 litr benzin hasil olunur, Rusyada isə bu göstərici 250-270 litr təşkil edir.

1961-ci ildə heç bir hərbi tərəf olmadığını bəyan edən dünyanın 120 dövlətinin üzv olduğu, 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi, BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan “Tərəfsiz Dövlətlər Hərəkatı” İndoneziyanın paytaxtı Cakartada təsis edildi. Hərəkatın yaradılması ideyası 1955-ci ildə Banduq Konfransında (İndoneziyada) irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və Marşal İosit Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda “Bitərəf Dövlətlər Hərəkatı” kimi yaradıldı.

Azərbaycan özünün xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçdiyindən 26 may 2011-ci ildə İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdil dəstəyilə QH-yə tam hüquqlu üzv qəbul olunub.

2019-cu ilin 25-26 oktyabrında Bakı şəhərində Hərəkatın 18-ci Zirvə Görüşündə sədrlik 2019-2022-ci illər üzrə Azərbaycana keçmişdi. Amma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hərakata səmərəli sədrliyi dövründə qazanılan təcrübəni nəzərə alaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilin sonuna qədər uzadıldı. 120 BMT-yə üzv dövlətin yüksək səviyyəli səlahiyyətli nümayəndələri, 42 beynəlxalq təşkilat nümayəndələrinin iştirak etdiyi Hərakata İlham Əliyevin sədrlik etməsi onun Liderlik keyfiyyətlərinin canlı təzahürüdür.

Zaqafqaziyada Azərbaycan lider dövlət kimi təmsil olunur. Azərbaycanda 2003-cü ildə ÜDM 7 milyard dollar təşkil edirdisə, 2023-cü ilin yekununa görə bu rəqəm 72 milyard dollar təşkil edir. Əgər valyuta ehtiyatlarımız 2003-cü ildə 1,6 milyard dollar idisə, bu gün artıq bu rəqəm 69,5 milyarddır. İqtisadi, sosial, siyasi və hərbi quruculuq sahəsində inkişaf tempi regionda yüksələn xətlə davam edir.

Dünyanın üçüncü dünya müharibəsinə faktiki olaraq çox yaxınlaşması güclü bir Liderə ehtiyacı şərtləndirir, labüd edir. Bəşəriyyətin təhlükəsizliyini və dünyada SÜLHÜN qorunmasını təmin edəcək BMT varsa belə, ədalətli gücü olmadığından, o, aciz durumdadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar