Nuru Paşanın qüruru və kosmopolitizmin zühuru

Dərc olunub: 06/02/2017 - 18:38

1meMəhəmməd Talıblı

Bu dava çox çəkəcək. Hələ qarşıda nəsillərin və düşüncələrin permament mübarizəsində xeyli ifşa səhnələri ilə üz-üzə qalacaqlar. Milli kimliyin dürüst xəritəsi gözlərə soxulmayana qədər diletantlar və tarix şüuru olmayanlar şər-böhtan atacaqlar.Təsisat yaddaşı formalaşmamış bir çoxları tarixi çox çək-çevir etməyə cəhd edəcək.Tarixi konteksdə ələ keçən bir şey tapa bilməyəndə, təhrif olunmuş kontekstual məlumatları tapıb fakt kimi ictimaiyyətə sırımağa çalışacaqlar. Həmin tarix ocağından ətrafı alovlandıracaq bir şey tapa bilməyəndə isə sönmüş ocağın külü ilə oynayacaqlar.

Səbəb sadədir: yaxın keçmişdə (1988) milətin mübarizə tarixində yer almayıblar! Milli mübarizə ilə əldə edilən cumhuriyyət dəyərlərinin əhəmiyyətini azaltmaq və ona qara yaxmaqla özlərini ağ rəngdə göstərməyə çalışacaqlar.

Deputat təyin olunan Araz Əlizadənin Nuru Paşa ilə bağlı dediklərini mən bu konteksdə qiymətləndirirəm. Cumhuriyyətə xidmət edən tarixi qəhrəmanlara bu mövqe ilə birinci deyil ki, rastlaşırıq. Bir il bundan öncə gənc deputatlardan olan birisi də cumhuriyyətin qurucusu M.Ə.Rəsulzadəni eyni savadsızlıqla aşağılayan fikirlər işlətmişdi.

Bilirəm cəzasızlıq mühitində yaşayırıq. Hüququn gücü yox, gücün hüququ işləyir. Cəmiyyətdə hətta ictimai qınaq da güclü deyil. Ona görə ağlına və ağzına gələni danışanların sayı sürətlə artır. Məsuliyyət hissi də çoxdan deformasiyaya uğrayıb. Deputat təyin olunanların çoxu özünü qır ata minmiş kimi aparırlar. Bilmirəm, bu nə qanunauyğunluqdur. Amma elə bil cəmiyyətdə ən nüfuzsuz insanların parlamentdə təmsil olunması qaydası və onların danışması ilə əsəblərimiz test edilir.

Tarixdən çox, konspiroloji yanaşmaya oxşayan həmin cəfəng fikrin müəllifi A.Əlizadə cəmiyyətdə qəzəblə qarşılanan həmin “tarixi” çıxışında bildirib: “Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması üçün şəraiti məhz Osmanlı imperiyası yaradıb: 1915-ci ildən sonra Osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı imperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru Paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi.”

1393530471_z1g3mtybkb7rfcic4omw7yxp3szsup

Təbii ki, çox gülməli iddialardır. Azərbaycanda Cumhuriyyətin yarandığı 1918-ci ildə Osmanlı dövləti Аzərbаycаnı və Dağıstanı xilаs еtmək üçün qərаrgаh yаrаtmışdı. Qafqaz İslаm Оrdusunun kоmаndаnı o vaxtı Türkiyənin müdafiə naziri olmuş Ənvər Paşanın qardaşı Nuru Paşanı idi. Nuru Paşa Bakıya gələnə qədər Bakı və Gəncə ətrafında Rus-erməni birləşmələrinin əsirliyindən necə qurtulması haqqında düşünən xalq Nuru Paşanı xilaskar obrazda görürdü. 15 sentyabr Bakının azad olması elə sevincə qarşılanırdı ki, həmin günü birmənalı olaraq milli sevinc və güvən günü kimi yaddaşlarda qalıb. Həmin tarixi gündən 15 gün sonra Mudros razılaşmasına görə Osmanlı Ordusu Azərbaycanı tərk etdi. Tarixi gerçəklik olub.

A.Əlizadənin “Nuru Paşanın qızıl gözləntisi” nə qədər gülməli görünməsinə baxmayaraq, cavab olaraq onu bildirim ki, Nuru Paşa Qafqaz İslam Ordusunun komandanı olmayana qədər Türkiyədə ən zəngin sahibkarlarından olub. Böyük maddi imkana sahib idi. O, qızıl qazanmaq ehtirasını ölümü ilə hər dəqiqə üz-üzə gələn Bakıda erməni-rus birləşmələri ilə vuruşmaqda niyə keçirməli idi ki? Hər şeyi olan bir şəxs məğər başqa bir xalqın torpaqları uğrunda qızıl müqabilində vuruşar? Absurd deyilmi?

İkincisi, Nuru Paşanın milli qüruru olmasaydı və sənin dediyin kimi “qızıl dalınca qaçsaydı” o zaman niyə Azərbaycanın müstəqilliyinə son qoyulandan sonra (28 aprel 1920) belə yenidən Azərbaycana qayıdırdı? ADR-in süqutundan sonra Nuru Paşa bununla yenə razılaşmadı. Gizli оlаrаq bir qrup türk zаbiti ilə Dağıstandаn kеçərək Şuşayа gəlir. Daha sonra bоlşеviklərə qаrşı döyüşlərə yenidən başlayıb, Arаn Qarabağ və Zаqаtаlа bölgələrində xаlqı bоlşеviklərə qаrşı üsyаnа qаldırmağa nail olmuşdu. O zaman bəs onun belə cəsur davranışı nə ilə bağlı olub? Ona nə qondarma bəhanə tapacaqsan?

nuru-pasa-turk-ordu

Bolşeviklərin ADR-ə qisasçı münasibəti göz önündə idi. Qeyri-bərabər döyüşdə bütün imkanları ilə vuruşmasına baxmayaraq Nuru Paşa məğlub olandan sonra öz suvari ordusu ilə Türkiyəyə qayıdır. Ərzuruma gələn Nuru Paşa oradan da Naxçıvan dəstəsinə qoşulur. Tarixdən çıxarılan dərs ondan ibarətdir ki, Nuru Paşanın hansı yerdə Azərbaycana xidmət imkanı olubsa həmin yerdə olub. Burada imkandan daha çox xilas sözü yerinə düşür.

Nuru Paşanın qüruru imkan vermədi ki, XIX əsrin əvvəllərində hələ qlobal səviyyədə demokratik dəstək mexanizmlərinin olmadığı bir qeyri-bərabər vəziyyətdə azəri türkləri erməni-rus birləşmələrinin genosidinə məruz qalsın. Amma XXI əsrin əvvəllərində kosmopolit və rus kafalı bir “deputat” zühür edib həmin tarixin şanlı səhifəsinə yalançı təftişçilik etməyi qüruruna yaraşdırır. İndi siz bircə dənə böyük bir Rus imperiyasında oxşar qəhrəmanlıq nümunəsi sadalayın. Fars və rus xalqının tarixində oxşar qəhrəmanlıq səlnaməsi tapmaq çətindir. Əzici gücün ortaya çıxardığı işğalçılıq faktları və xalqlar üzərində yalnız istismarçı örnəkləri mövcuddur. Zülmə məruz qalan ilə zülm edəni tarix tərəzisinə qoymaq təkcə tarixi gerçəkliklərdən xəbərsizlik deyil, həm də ədalətsizlikdir.

Düşmən təkcə torpaqlarını işğal edən və ona hər zaman ona göz tikən deyil. Düşmən həm də torpaqların təcavüzkarlar tərəfindən itkisinə haqq qazandıran və səni millət kimi aşağılayan insanlardırlar. Bütöv mənada götürdükdə milli düşmənlər eyni zamanda simvollara və qəhrəmanlara qarşı olanlardır. Mən bütün bunlarla tarixi şəxsiyyətlərin və hətta ən müqəddəs dəyərlərin belə müzakirəsinin qadağan olunmasının tərəfdarı olduğumu söyləmək istəmirəm. Əksər hadisələr tarix və tarixçilər üçün açıq müzakirə obyekti olmalıdır ki, tarixi dərslərin və ibrətlərin detalları aydın olsun.

Amma dərd orasıdır ki, Nuru Paşa haqqında danışan deputatın özü nə sanballı fikir sahibidir, nə də tarixi araşdırmaçı. Həmin şəxs tarixi qənaətləri yox, sadəcə neqativ hisslərini və mənfi emosionalarını ifadə edir. Düşünüb-daşınıb danışanlardan yox, danışandan sonra düşünürlərdəndir. Allah beləsini millətin təkcə tarixi saxtalaşdırmaq düşüncəsindən yox, həm də tarixi taleyini müəyyənləşdirmək imtiyazından qorusun!


loading...




Fikrinizi bildirin