GENERALLA MERİN TORPAQ “MÜHARİBƏSİ”... – Saxta sənədlərlə dövləti talan edirlər!

Hacıbala Abutalıbovla "Araz İnşaat LTD"-nin şübhəli sövdələşməsi

Bakıda iri məmurların, generalların adı keçən çoxmilyonluq torpaq çəkişməsində yeni məhkəmə mərhələsi başlayıb. Sabah 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun iddiası əsasında başlayan prosesdə 3 hektardan artıq qiymətli torpaq sahəsinin kimə məxsus olduğu aydınlaşdırılacaq.

Dava nəyin davasıdır?

Xatırladaq ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub-qərb hissəsində yerləşən bu torpaq sahəsi Zığ bələdiyyəsinin 2002-2004-cü il tarixli sərəncamları ilə vətəndaşlara satılıb. 2 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin 03 iyul 2012-ci il tarixli qərarı ilə bələdiyyədən torpaq alan bu vətəndaşların Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər şöbəsinə qarşı iddiaları təmin olunub və bu şöbəyə həvalə olunub ki, torpaqların planı və ölçüsü tərtib edilsin, habelə torpaqların alqı-satqısına dair aktlar qeydə alınsın. Vətəndaşlar bu məhkəmə qərarı əsasında da Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaqla, torpaqların qanuni mülkiyyətçisinə çevriliblər. 2013-cü ildə isə alqı-satqı yolu ilə bu torpaqların bir hissəsi 3-cü şəxslərə satılıb. Bakı sakinləri Fərzəliyev Vahid Qüdrət oğlu, Məmmədov Namiq Valeh oğlu, Məmmədov Xəqani Məmməd oğlu və İbrahimova Şəbnəm Eldar qızı tamamilə qanuni əsaslarla aldıqları ümumilikdə 12 sot torpaq üzərində tikinti işlərinə başlamaq istəyərkən isə Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı olduğu bildirilən Rəcəb Hüseynov adlı şəxs əraziyə gələrək torpaqların ona məxsus olduğunu bildirib və tikintinin dayandırılmasını tələb edib. Bundan sonra Rəcəb Hüseynov və Hacıbala Abutalıbovun qardaşının şərikli şirkətləri olduğu bildirilən “Araz İnşaat LTD” MMC Suraxanı Rayon Məhkəməsində iddia qaldıraraq ərazidə tikintinin qadağan olunması, alqı-satqı əməliyyatlarının dayandırılması haqda qətnamə qəbul olunmasını istəyib. Suraxanı məhkəməsi bu iddianı təmin etsə də, apellyasiya instansiyasında qərar ləğv olunub. Lakin iddiaçı tərəf Ali Məhkəməyə şikayət edib və may ayının 16-da Ali Məhkəmə Suraxanı məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması haqda qərar verib.

Elə bu ərəfələrdə isə Hacıbala Abutalıbovun Zığ bələdiyyəsinin verdiyi sərəncamların ləğv olunması barədə iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində proses başlayıb. Mayın 30-da baş tutan ilk iclasda cavabdeh Xəqani Məmmədovun vəkili Xalid Bağırov mübahisəli ərazinin kimə məxsus olduğunu müəyyənləşdirmək üçün Dövlət Torpaq Komitəsindən xəritə tələb olunması haqda vəsatət qaldırıb və Hacıbala Abutalıbovun vəkillərinin anlaşılmaz etirazlarına baxmayaraq, hakim bu vəsatəti təmin edib. Sabahkı iclasda torpağın Zığ bələdiyyəsinə, yoxsa Bakı Şəhər İcra Hakimiyyətinə məxsus olduğuna aydınlıq gətiriləcək.

Üz-üzə duran tərəflər kimlərdir?

Bütün bunlar isə bu torpaq çəkişməsinin hüquqi və görünən tərəfləridir. Lakin məsələnin görünməyən tərəfləri də var və onlar daha maraqlıdır.

Məsələ ondadır ki, hazırki real bazar dəyəri 5-6 milyon manat olan 3 hektarlıq torpaq çəkişməsinin bir tərəfində Hacıbala Abutalıbov və onun ailə üzvləri – qardaşı, qardaşının kürəkəni olan YAP-ın Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, onların biznes şəriki və BŞİH-in əməkdaşı olduğu deyilən “Araz İnşaat LTD” MMC-nin sahibi Rəcəb Hüseynov var, digər tərəfində isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun yaxınları – qardaşı Aslan Şirinov və bacısı oğlu Ələmşah Cəfərov. Və əldə olunacaq qənimətdə payı olan digər yüksək vəzifəlilər, generallar, mənsəb sahibləri...

General Həsən Şirinovun yaxınları 5-6 milyonluq torpaq sahəsini ələ keçirmək üçün ortaya Zığ bələdiyyəsinin sərəncamları əsasında əldə olunmuş Reyestrdən çıxarışları, qarşı tərəf – Hacıbala Abutalıbovun yaxınları isə BŞİH başçısının 2010-cu ildə verildiyi bildirilən, lakin Torpaq və Əmlak komitələri tərəfindən təsdiq olunmayan sərəncamını qoyurlar...

Hacıbala Abutalıbovun şübhəli sərəncamı...

Tərəflərin “Azpolitika”ya təqdim etdikləri sənədlərdən belə görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.05.2005-ci il tarixli 126 saylı sərəncamı ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivinin cənub hissəsində yaşayış binalarının tikintisi üçün “Araz İnşaat LTD” MMC-yə icarə əsasında 4.2 ha torpaq sahəsi ayrılsa da, sonradan barəsində danışdığımız sərəncamla bu rəqəm 7,3 ha-ya çatdırılıb. Daha dəqiqi, 2013-cü ildə ortaya belə bir sənəd çıxarılıb ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 517 saylı, 30.12.2010-cu il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının yuxarıda qeyd etdiyimiz 126 saylı, 20.05.2005-ci il tarixli sərəncamına qismən dəyişiklik edilərək, ayrılmış TORPAQ SAHƏSİNİN MÖVCUD ÖLÇÜLƏRİ DƏQİQLƏŞDİRİLƏRƏK, 7.3154 ha müəyyən edilmişdir.

Və beləliklə də bu sərəncamla Həsən Şirinovun yaxınlarının və digər vətəndaşların iddia etdikləri və məhkəmə qərarı ilə özəlləşdirdikləri ümumilikdə 3 hektar torpaq sahəsi də “Araz İnşaat LTD” MMC-yə verilmişdir.

Lakin yuxarıda da qeyd etdiyimiz kimi, Torpaq və Əmlak Komitələri Hacıbala Abutalıbovun 2010-cu ildə verildiyi iddia olunan bu sərəncamından xəbərsizdirlər. Bunu həmin dövlət qurumları rəsmi sənədlərlə təsdiq etmişlər (Sənədlərin fotosürətləri yazıya əlavə olunur).

Həsən Şirinovun yaxınları iddia edirlər ki, Hacıbala Abutalıbovun 2010-cu ildə verildiyi iddia olunan sərəncamı saxtadır, əslində 2013-cü ildə verilərək köhnə tarixə rəsmiləşdirilib.

Qarşı tərəf – “Araz İnşaat LTD” MMC-nin sahibləri isə iddia edirlər ki, əslində Zığ bələdiyyəsinin ortaya qoyulan sərəncamları saxtadır. Ərazi Zığ bələdiyyəsinə məxsus olmadığından belə sərəncamlar verilə bilməzdi.

Bu bir dövlət talanıdır!

“Azpolitika”nın araşdırmalarından sonra gəlinən qənaət isə budur ki, hər iki tərəfin sənədinin qanuniliyi ciddi şübhə doğurur və əslində burda tipik dövlət talanı baş verir. Dövlət öz mülkiyyətinə sahib çıxa bilmədiyindən aralarında yüksək vəzifəlilərin, generalların olduğu 2 qüdrətli dairə dövlətin bu qiymətli torpağını ələ keçirmək üçün mübarizə aparır. Hacıbala Abutalıbovun yaxınları bu məqsədə çatmaq üçün onun digər dövlət qurumları tərəfindən təsdiq olunmayan sərəncamını, general Həsən Şirinovun yaxınları isə Zığ bələdiyyəsinin qanuniliyi şübhə doğuran sənədlərini ortaya qoyurlar.

Təsadüfi deyil ki, BŞİH başçısının 2005-ci il tarixli 126 saylı sərəncamı ilə “Araz İnşaat LTD” MMC-yə 4.2 hektar torpaq ayrıldığı halda, bu şirkət həmin vaxt 7 hektardan artıq ərazini hasarlayıb.

Öhdəliyini yerinə yetirməyən şirkətə... əlavə 3 hektar...

Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, BŞİH başçısının 20.05.2005 tarixli 126 saylə sərəncamı ilə (Fotosürəti yazıya əlavə olunur) “Araz İnşaat LTD” MMC-nin üzərinə bir sıra öhdəliklər qoyulur və sənədin sonunda yazılır:

“Yuxarıda qeyd edilən bəndlər sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv olunması məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır”.

Lakin nə işdirsə “Araz İnşaat LTD” MMC üzərindən keçən 5 il ərzində ərazidə daşı daş üstünə qoymadığı halda Hacıbala Abutalıbov sərəncamın ləğv olunmasını gündəmə gətirmək əvəzinə yeni bir sərəncamla bu şirkətə əlavə olaraq 3 hektardan artıq ərazi bağışlayır. Və yenə də üzərindən keçən 4 ildə şirkət öz öhdəliklərini yerinə yetirmədiyi halda cənab Abutalıbov dövlət adından vətəndaşlara verilmiş mülkiyyət sənədlərini heçə sayaraq “Araz İnşaat”ın maraqlarını müdafiə eütmək üçün məhkəmələrdə dava açır.

Yeri gəlmişkən, “Araz İnşaat LTD” MMC BŞİH başçısının 126 saylı sərəncamı ilə icarəyə götürdüyü torpaqların vergisini ödəməkdən imtina etdiyinə görə 2011-ci ildə Vergilər Nazirliyi tərəfindən də məhkəməyə verilib və məğlub olub.

Bütün bunlar bu şirkətlə BŞİH rəhbərliyi arasında şübhəli sövdələşmələrdən xəbər verir və “Araz İnşaat LTD” MMC-nin qeyri-rəsmi sahibinin Abutalıbovlar ailəsi olduğu haqda iddialara inandırıcılıq qazandırır.

Məhkəmələr öz ampluasındadır...

Azərbaycan dövləti adından qərarlar verən məhkəmələr isə, həmişə olduğu kimi, bu işdə də dövlətin maraqlarını qorumaq əvəzinə özlərinin şəxsi maraqlarını önə çəkərək, rüşvətə geniş meydan açmaqla, gah bu, gah da digər tərəfin maraqlarını təmin edən qərarlar verirlər.

Hələlik bundan ən çox ziyan görən isə “vicdanlı alıcı” kimi qanuni əsaslarla, notarial qaydada alqı-satqı yolu ilə general Həsən Şirinovun yaxınlarından torpaq alaraq, bu çəkişmənin ortasına düşən, nəticədə külli miqdarda ziyanla üzləşən vətəndaşlar - Fərzəliyev Vahid Qüdrət oğlu, Məmmədov Namiq Valeh oğlu, Məmmədov Xəqani Məmməd oğlu və İbrahimova Şəbnəm Eldar qızıdır. Azərbaycan dövləti adından verilmiş rəsmi mülkiyyət sənədinə aldanaraq torpaq fırıldağı ilə üzləşmiş bu 4 nəfərin ümumi ziyanı 200 min dollardan artıqdır.

Korrupsiya İdarəsinə şikayət...

Qeyd edək ki, 1 ildən artıqdır davam edən məhkəmələrin sonu görünmədiyindən, 2 qüdrətli çevrənin torpaq çəkişməsində fırıldaqla üzləşmiş bu vətəndaşlar Həsən Şirinovun qardaşından və bacısı oğlundan pullarını geri tələb etməyə başlayıblar. Əks halda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edəcəklərini bildirirlər.

Mövzuya qayıdacağıq.

Rasim ƏLİYEV

Azpolitika.info

Məqaləyə aid sənədlər:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar