ƏDALƏT VƏ MƏRHƏMƏT

Dərc olunub: 14/09/2017 - 21:06

elemdarƏləmdar Məmmədov,
keçmiş prokuror

IV hadisə

Kişi sözü

1993-cü ilin axırlarında Zaqatala rayonundakı tütün məntəqələrinin birindən 4 nəfər şəxs “Qaz 53” markalı maşınla tütün məmulatını oğurlayarkən, milis işçiləri tərəfindən yaxalanırlar.

Şəxslərdən biri qaçıb gizlənir. Cinayət Məcəlləsinin 88-1 maddəsi ilə (xüsusi ilə külli miqdarda talama) cinayət işi başlanılır və 3 nəfər şübhəli şəxs kimi saxlanılır. Sürücü Gürcüstan Respublikasının Zaqatala ilə həmsərhəd olan Siqinaki rayon sakini Dato adlı şəxs idi. 3 gün tamamında yanıma 4 azyaşlı qız uşağı ilə (böyüyünün 8, kiçiyinin 2 yaşı var idi) qədim gürcü əsilzadələrinə məxsus libasda bir qadın gəldi. Özünü təqdim etdi. Nino adlı qadın Datonun arvadı idi. Çətin ailə vəziyyətindən danışdı. Oğlu olmadığına görə, qaynanası və böyük qaynı tərəfindən incidildiyini, Datonun vərəm xəstəliyinə tutulmasını, Dato həbs edilərsə ailəsinin dağılacağını bildirdi. Datonu kabinetimə gətizdirdim. Ailəsi ilə görüşü çox həyəcanlı alındı. Kiçik qızı atasının boynuna sarılaraq buraxmırdı. Rentgen müayinəsi zamanı Datonun vərəm xəstəsi olması təsdiq olundu. Mən, mülkiyyət əleyhinə olan cinayətlərdə vurulmuş ziyan ödəndikdə həbsə almanın əleyhinə olmuşam. Lakin Gürcüstan vətəndaşlarını həbsə almadan məhkəməyə vermək təhlükəli idi. Mən Nino və Datoya bildirdim ki, Gürcüstan vətəndaşları kişi sözü vermələrinə baxmayaraq, həbsə almadan məhkəməyə verildikdə, adətən qaçıb gizlənirlər. Məhkəməyə gəlmirlər. Cavabında Nino dedi:

- Kişilər sözlərindən qaça bilərlər. Mən gürcü knyazlarının nəslindənəm. Sizə namusum üzərinə söz verirəm ki, ərim bütün çağırışlara gələcək. Əgər gəlməsə, ən aşağısı Datodan boşanacağam.

Mən də söz verdim ki, Dato bütün çağırışlara vaxtında gəlsə, məhkəmədə ona şərti cəza verilməsinə səy edəcəyəm. Milis rəisi və müstəntiqin etirazlarına baxmayaraq, Dato barəsində şəxsi iltizam qəti-imkan tədbiri seçildi. Dato bütün çağırışlara vaxtında gəlir və istintaqa kömək göstərirdi. Cinayət işi baxılması üçün Ali Məhkəməyə göndərildi.

Prokurorluq orqanlarında müəllimlərimdən hesab etdiyim, xeyirxah əməllər üçün yaranmış, hər tərəfli hüquqi biliyə malik, Respublika prokurorunun müavini işləmiş, həmin vaxt Ali Məhkəmə üzvü olan Vaqif Nəzərovdan işi icraatına götürməsini xahiş etdim. Bir neçə gündən sonra Vaqif müəllim zəng edərək, işin onun icraatında olduğunu bildirdi. Təxminən 10 gündən sonra Vaqif müəllim gəldi. Dövlət ittihamını prokurorluğun təcrübəli kadrlarından, uzun illər rayon prokuroru işləmiş Firudin Məmmədov müdafiə edirdi. Mənim Datoya şərti cəza verilməsi barədə əsaslandırılmış dəlillərimlə hər ikisi razılaşdı. Lakin Firudin müəllim məhkəmə çıxışında Datoya 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzası istədi. Məhkəmə son sözü saat 16-ya təyin etdi. Vaqif müəllim sözünə əməl edəcəyini, Datoya şərti cəza verəcəyini bildirdi. Saat 16-da Dato məhkəməyə gəlmədi. Həyəcanlı anlar başladı. Məhkəmə iclası səhər saat 10-a təxirə salındı. Səhərisi gün də Dato gəlib çıxmadı. Mən çox pis vəziyyətdə qalmışdım. Dato gəlməsəydi, işin onun haqqında olan hissəsi əlavə istintaqa qaytarılacaq, mənim və müstəntiqin barəsində xüsusi qərardad çıxarılacaqdı. Əsl təqsirkar isə, mən özüm idim.

Məhkəmə saat 15-ədək təxirə salındı. Saat 14:30-da Dato ilə Nino kabinetimə daxil oldular. Ninonun üzü tam örtülü idi. Yalnız gözləri görünürdü. Mən Datonu maşına otuzdurub, məhkəməyə apardım. Vaqif müəllim sözünü tutdu. Datonun cəzası şərti hesab edildi. Məhkəmədən sonra Nino və Dato mənim yanıma gəldilər. Nino üzünü açanda dəhşətə gəldim. Onun üzü qara-qançir olmuşdu. Hadisə belə baş vermişdi: Prokurorun 10 il azadlıqdan məhrum edilmə çıxışından sonra qardaşı Datonu evlərinə aparır. Ailə müşavirəsi keçirərkən, qərara gəlirlər ki, Dato məhkəməyə getməsin. Nino buna kəskin etiraz etdikdə qaynanası və böyük qaynı onu vəhşicəsinə döyüb, həyətdəki daxmaya salıb, ağzını bağlayırlar. Nino səhərə kimi daxmada qalır. Qapını açıb onu buraxdıqdan sonra evdə olan qoşalülə ov tüfəngini doldurub, qaynanası və qayınları olan otağa girir. Tavana atəş açır və deyir:

- Mən namusum üzərinə əmin etmişəm. Əgər Dato məhkəməyə getməsə, özümü və onu öldürəcəyəm.

Bundan sonra onlar məhkəməyə gəlirlər. Nino bir çox kişilərin edə bilməyəcəyini etmişdi. Sözünün üstündə “kişi” kimi durmuşdu.

V hadisə

Yalançı şahidlər

18 fevral 1977-ci ildə saat 11 radələrində Masallı rayon milis şöbəsinin SƏDM xətti üzrə 2 əməkdaşı Boradigah bazarında 2 nəfər qonşu rayon sakinini saxlayırlar. Onlar satış qiyməti 13 manat olan 3 düyməli yapon istehsalı 56 ölçüdə köynəklərin hər birini 25 manata Qızılavarlı İsmayıldan aldıqlarını bildirirlər. Toplanmış material müstəntiq Ərzulla Cavadova təqdim olunur. Milis əməkdaşları bir neçə dəfə İsmayılın evinə getsələr də, hər dəfə evdə olmadığını, bazara getdiyini bildirirlər.

Ə.Cavadov material üzrə CM-nin 153-cü maddəsinin 2-ci hissəsi ilə (möhtəkirlik) cinayət işi başlayır. İsmayıl müqəssir sifətində cəlb edilir və istintaqdan qaçıb gizləndiyinə görə, barəsində həbs qəti-imkan tədbiri seçilməklə axtarış elan olunur. Təxminən 20 gündən sonra 14 uşaq atası İsmayıl prokuror Aydın Hüseynovun yanına gəlir və bildirir ki, o, 12 fevral 1977-c il tarixdən Pyatiqorsk şəhərində olmuş, 18 fevral 1977-ci ildə Moskva vaxtı ilə saat 9:50 reysi ilə Pyatiqorsk şəhərindən Leninqrad şəhərinə uçmuş, yalnız dünən evinə qayıdarkən, barəsində cinayət işi başlanmasını və axtarıldığını bilmişdir. İsmayıl təyyarə biletini prokurora təqdim edir.

Prokuror Aydın Hüseynov cinayət işini tələb edərək istintaqın aparılmasını prokurorluğun müstəntiqi Kərim Məmmədova tapşırır. İsmayıl haqqında həbs qəti-imkan tədbiri ləğv edilir və “zərərçəkmişlərin” barəsində CM-nin 178-ci maddəsinin 2-ci hissəsi ilə (bilə-bilə yalan xəbərçilik etmə) cinayət işi başlanılır. Yalançı şahidlərin hər ikisinə CM-nin 178-ci maddəsinin 2-ci hissəsi ilə ittiham elan edilməklə, barələrində həbs qəti-imkan tədbiri seçilir. Kərim Məmmədovun apardığı 3 günlük istintaq zamanı yalançı sahidlərin ətraf rayonlarda da “xidmət göstərmələri”, bir neçə cinayət işində zərərçəkmiş olmaları məlum olur. Təkcə bunu demək kifayətdir ki, yalançı şahidlər 48 və 50 ölçüdə paltar geyindikləri halda, aldıqları köynəklər 56 ölçüdə idi.

Prokuror və müstəntiqin qərəzli olması bəhanəsi ilə 3 gündən sonra cinayət işi Masallı rayon prokurorluğundan götürülür və 15 gün Respublika prokurorluğunun kabinetlərində gəzdikdən sonra istintaqın davam etdirilməsi Cəlilabad rayon prokurorluğunun müstəntiqi Fazil Hacıyevə tapşırılır. Fazil Hacıyev Pyatiqorsk və Leninqrad şəhərlərinə ezam edilir. İsmayılın kirayə qaldığı evlərdə olur. Ev sahiblərini dindirir, şəkillər üzrə tanıma keçirir və İsmayılın həqiqətən 12 fevral 1977-ci ildən Pyatiqorsk şəhərində olmasını, 18 fevral 1977-ci ildə 9:50 reysi ilə Pyatiqorskidən Leninqrad şəhərinə uçmasını və mart ayının əvvələrinə qədər orada qalmasını müəyyən edir.
9 ay davam edən istintaqın yekununda Masallı rayon milis şöbəsinin rəisi və SƏDM əməkdaşları vəzifələrindən çıxarılırlar. “Yalançı şahidlər” CM-nin 178-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək barələrində həbs qəti-imkan tədbiri gücündə saxlanılmaqla iş baxılması üçün məhkəməyə göndərilir.

Cinayət işinin İsmayıl haqqında olan hissəsi xitam olunur. Cinayət işinin məhkəmə baxışında dövlət ittihamını prokuror köməkçisi kimi mən müdafiə edirdim. Yüzlərlə cinayət işində dövlət ittihamını müdafiə etmişəm. Lakin heç bir vaxt prokurorun ittiham nitqindən sonra alqış səsləri eşitməmişəm. Məhkəmənin gedişini izləyənlərin çox olması nəzərə alınaraq məhkəmə araşdırması rayon mədəniyyət evində aparılırdı. Mən müttəhimlərin hər ikisinə 7 il azadlıqdan məhrum edilmə cəzası xahiş edəndə zalı alqış səsləri bürüdü. Məhkəmənin hökmü ilə müttəhimlərin hər ikisi 6 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edildilər. Ədalət qismən qalib gəldi. “Qismən” ona görə deyirəm ki, yalançı şahidlərin xidməti nəticəsində əmələ gəlmiş cinayət işləri üzrə bütün hökmlər ləğv edilməli, işlərə təzədən baxılmalı, işlərdə imzası olan bütün əməliyyatçılar, müstəntiqlər, hətta prokuror və hakimlər cavab verməli idilər. Lakin o quruluş və sistem öz “övladlarını” qorumaq məcburiyyətində idi.

VI hadisə

Qeyri-adi qərar

1999-cu il payız aylarında Gəncə-Bakı yolunun Goran hissəsində dəhşətli yol qəzası baş verdi. Yüksək sürətlə hərəkət edən LEXUS markalı maşın eyni istiqamətdə hərəkətdə olan “Qaz 24” markalı maşının arxa sol qapısına çırpılmış, “Qaz 24” markalı maşın zərbədən aşaraq alovlanmış, maşında olan 8 nəfərdən 5 nəfəri yanaraq ölmüşdülər.

Yolun Goran hissəsində asfalt örtüyü yaxşı vəziyyətdə idi. Lakin 2 km Yevlax istiqamətində 500 metrlik yol yararsız hala düşmüşdü. Yola bələd olmayan sürücülər yüksək sürətlə hərəkət edir və yolun yararsız hissəsinə çatanda qəza şəraiti yaranırdı. Kürdəmirdən olan “Qaz 24” markalı maşının sürücüsü yolun yararsız hissəsinə çatanda tormozun əyləcinə basır və maşın yolun qismən sol tərəfinə meyllənməklə orta xətti keçir. Arxadan gələn LEXUS markalı maşının sürücüsü tormazdan istifadə etsə də, sürət böyük olduğuna görə qəzanın qarşısını ala bilmir və bədbəxt hadisə baş verir. LEXUS markalı maşının sürücüsü Anzor və sərnişin – məhşur incəsənət ustası Gürcüstan vətəndaşları idilər. Mən onları qəbul edərkən, Anzor özünü prokurorluq işçisi kimi təqdim etdi. Gürcüstan respublikasında məhkəmə-hüquq islahatı bizdən əvvəl başladığına görə Anzordan hazırkı şəraitdə prokurorluğun işi, məhkəmə prokurorluq münasibətləri və digər hüquqi məsələlər barədə soruşduqda o, karıxdı, cavab verə bilmədi. Əvvəllər prokurorluqda işlədiyini, 5 il bundan əvvəl ərizəsi ilə orqandan xaric olunmasını və hazırda biznes fəaliyyəti ilə məşğul olduğunu bildirdi. Anzor danışarkən bir neçə dəfə erməni müraciət forması olan “arə” işlətmişdi.

Onun özünü yalandan prokurorluq işçisi kimi təqdim etməsi məni əvvəllər təcrübədə olmayan qəti qərar qəbul etməyə vadar etdi. Hüquqşünaslar bilirlər ki, yol-nəqliyyat hadisələrində şəxsin təqsirli olub-olmaması avto-texniki ekspertizanın rəyindən asılıdır. Yəni, rəy olmadan ittiham elan olunması qeyri-mümkündür. Buna baxmayaraq sürücü haqqında CPM-nin 167-ci maddəsinə əsasən (ittiham elan olunmadan həbsə alma) həbs qəti-imkan tədbiri seçildi (Qanundan çəkilmə). Səhərisi günü sürücünün ailə üzvləri, o cümlədən, incəsənət ustası olan bacısı gəldi. Ekspertiza rəyi olmadan həbsə almağımın qanunsuz olduğunu bildirdilər. Bacısı da danışarkən “arə” işlədirdi. Məlum oldu ki, onun əri ermənidir.

Hadisənin 3-cü günü Baş Prokurorluqdan zəng edərək bildirdilər ki, Gürcüstan Respublikası Baş Prokurorluğundan gələcək nümayəndəni iş materialları ilə tanış etmək lazımdır. Gürcüstan Respublikasının Baş Prokurorluğunun istintaqa nəzarət şöbəsinin rəisi kimi özünü təqdim edən şəxs, hadisə yerinin müayinə protokolu ilə tanış oldu (70 metr tormoz izi var idi). Polisin həyətində saxlanılan maşınlara baxdı. “Yəqin ki, hər iki sürücünün təqsiri var. Amma 30 illik təcrübəmdə ilk dəfədir görürəm ki, avto-texniki ekspertizanın rəyi olmadan sürücü həbs edilsin. Siz böyük risk etmisiniz” – dedi.

Gürcüstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbərlərindən biri iki dəfə Goranboy rayon icra hakimiyyətinin başçısı Ağa Əkbərovun yanına gəldi. Hər iki halda mənimlə görüşdü. Buna baxmayaraq, qəti-imkan tədbirini dəyişmədim. Ağa Əkbərov tərəfsiz görünməyə çalışsa da, qəlbən mənim hərəkətimi bəyənirdi. Çoxlu zənglər və xahişlər olurdu. Lakin mən qərarımda israrlı idim. Hadisənin 9-cu günü müstəntiq avto-texniki ekspertizanın rəyini gətirdi. Ekspertizanın rəyinə görə hər iki sürücü yol-hərəkət qaydalarını kobud şəkildə pozmuşdular. “Qaz 24” markalı maşının sürücüsü hadisə zamanı ölmüşdü. Anzora CM-nin 208-ci maddəsinin 3-cü hissəsi ilə ittiham elan olundu. Barəsində seçilmiş həbs qəti-imkan tədbiri gücündə saxlanıldı.

Ardı var


loading...




Fikrinizi bildirin