KİTABYANDIRANLAR VƏ RUH ÖLDÜRƏNLƏR

Dərc olunub: 20/02/2018 - 09:30

скачанные файлыMəhəmməd Talıblı

Gənclik illərimizə düşən ölkəmizin qalmaqallı keçid dövründə Bayram Bayramovun parlamentdəki çıxışına görə kitabını cırmaq, yandırmaq yarışını dəqiq xatırlayıram. Mən də o zaman hələ zəif olan yüzlərlə kitabı olan kitabxanamın içərisində onun əsərlərini axtarırdım. Milli oyanış havası ilə gənclik emosiyalarım üst-üstə düşsə də, kitabı məndə olmadığı üçün cırmağa imkanım olmamışdı. Amma deyə bilmirəm, kitabı olsaydı belə, bəlkə də cırmazdım. Bəlkə də əksinə…

“Daş yuxuları”ndan sonra Əkrəm Əylisli də ona bənzər hücumların “qonağı” oldu. Onda isə müəllifin kitabları evimdə var idi, amma bu dəfə də onları cıracaq və ya yandıracaq yaşda deyildim. Düşünərək danışa biləcəyim başımı, yaşıma yaraşan işlərə sərf etməli idim. İndi Anarın kitabları ilə oxşar davranırlar. Bunları edən narazılarmı haqlıdır, yoxsa özünü ziyalı sayanlarmı? Gərək bu haqda dərindən düşünək…

Kitab yandırmaq müəllifi tonqala atmaq deyil. Bunu onun şəxsinə və ideyalarına zərbə də saymaq olmaz. Onda o məntiqlə XV əsrdə İohan Qutenberqin kitab çapı üçün etdiyi ixtira ilə fəxr edən bəşəriyyət, indi onun ləğvi fikrinə də düşməlidir. Çünki bəzi kitablar dedektiv janrlarla cinayətkar aləmə kart-blanş verib, ona yeni üsullar öyrədilməsinə yardım edir və onlara ağlagəlməz ideyalar verməkdə davam edərək, cinayətkarlığı təşviq edirlər. Cinayətkların etdiyi qətllərə görə bıçağı düşünüb tapana lənət oxumayın! Milyonlarla insanı ölümün pəncəsindən xilas edən həkim bıçağına da minnətdarlığı unutmayın! Tikanları görən gözlər, gərək gülləri də görsün…

Azərbaycanda kitab ənənəsinin tarixi qısa deyil. Hətta orta əsrlərdə belə Azərbaycanda kitab emalatxanaları fəaliyyət göstərirdi. Elmi və bədii əsərlər kitab halına salınırdı. Bu formada olan emalatxanalar Red-ə-Rəşiddə, Şeyx Şəfidə, Marağa kitabxanasında mövcud olmuşdu. Hətta indinin özündə dünyanın məşhur muzeylərində Cəfər Təbrizi, Kəmaləddin Behzad, Sultan Məhəmməd kimi rəssam və xəttatların ortaya çıxardığı kitablar saxlanılır. Amma biz müasirlərin əsərlərini cırırıq. O müasirlər ki, uzun illərdir ədəbi yaradıcılığı məmurluğa qurban veriblər. Məmur kimlikləri yaradıcı obrazlarını xeyli kölgədə qoyub. Anar da, Elçin də bu sıraya öncüllük edənlərdəndir. Bu seçim də onların haqqı…

Kitab yandırmaq son addımdırmı? Azad media imkanları yox səviyyəsindədir. Amma sosial şəbəkə kimi geniş informasiya bolluğunda “üzməyə“ ki, dərin sular var. Bu qədər geniş imkanların olduğu sosial şəbəkələrdə “yaşıl işıqda” gözləyib, müzakirə mühitini seyr edən milyonların müqayisə imkanını əldən buraxıb, nədən kitab müəlliflərinə qarşı olan və sivil mübarizə üsulu kimi görünməyən kitabyandırmaq kampaniyasına qoşulaq? Bu müstəvi özündə hər bir şəxsin yönəltdiyi sorğunu, status qeydləri, şərhi və məqalə kimi bundan daha böyük təsir gücünü özündə saxlamırmı? Barmağımızın ucunu klaviaturaya toxundurmaqla, bütün dünyanı ekrana gətirən bizim nəsil qədər hansı nəslin belə bir texnoloji imkanı olub? Sürətlə dəyişən dünyada mübarizə formaları, üsulları və sosial şərtləri də dəyişməyibmi?

Orta əsr dövrlərində padşahın qəzəbinə gələnləri oda atırdılar. İndi qəzəbə tuş gələnlərin isə kitabların da daha oda atmırlar. Çünki imkanlar və fürsətlər azad sözün daşıyıcılarının xeyrinə dəyişib. O zamanlar təsir vasitəsi çox ağrı-acı tələb edirdi. İndi yeni ifadə imkanları və böyük pəncərələr açılıb. Bu məqaləni yazmaq üçün mənə 1-2 saat kifayət etdiyi halda, iki əsr bundan öncə aylar lazım olardı. O dövrdə bir hərfi yazmaq üçün taxtanın üzərindəki hərfləri saxlamaqdan ötəri bıçaqla içərisini oyurdular. İndi nə ağacın için, nə də insan beyninin için oymaq kimi bir dərdimiz yoxdur. İnsanın beynini “yumaq” isə vəhşilik hesab olunmur, yaradıcı iş sayılır. İndi həmin informasiya gözləyən beynə ekologiyanı çirkləndirən kitab tüstüsü yox, sağlam təfəkkürdən süzülüb gələn ağıl ətri lazımdır. Onda insanlar tüstüdən zəhərlənməzlər, ətirdən məmnun olarlar.

Yersiz mübahisəni və ya cığallığı intellektual müzakirədən aşağı tutduqca, cəmiyyətdə həqiqətin doğuluşu üçün zəmin formalaşdırmaq tamamilə mümkündür. O zaman bir məqalə səviyyəsində olan cavabların biri-birini əvəz etməsi sonda kitabların çapına yol açacaq. Bu, kitablara da tələbatı artıracaq. Hələ 2 əsr öncə də belə olmuşdu. XVIII əsrdə kitaba tələbat o qədər artmışdı ki, kitab çapı ilə bağlı yeni üsullar düşünülməyə başlanıldı. Saksoniyalı mühəndis Fridrix Kenik həmkarı Anderas Bauerlə bir araya gələrək, buxarla işləyən çap maşınlarını işə saldılar ki, kitab çapına kömək etsinlər. Mədəni dünya ölkələri kitaba marağı elə səviyyəyə çatdırıblar ki, kitab nəşri – poliqrafiya hazırda əsas sənaye sahəsinə çevrilib.

Yeri düşmüşkən bir haşiyə çıxım: 1830-cu ildə Şuşada mətbəə fəaliyyətə başladı. XX əsrin əvvələrində Orucov qardaşlarının fəaliyyəti mövcud olub. Çağdaş dövrümüzdə bu işi daha çox fədakarlıqla, dişi-dırnağı ilə “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu görür. Zamanlar arasında bu əlaqəni görmək mübaliğə deyil, buna haqq edənlərin layiq olduqları Haqqı kitab kimi rəfinə qoymaqdır. Bu da kitaba olan münasibətdir.
Ziyalı obrazını hər birimiz haradansa tapıb çıxarır və formalaşdırırıq. Kitablardan oxuyuruq, canlı nümunələrdən əxz edirik, tarixi şəxsiyyətlərin həyatlarını vərəqləyirik, bədii əsərlərin obrazlarından mənimsəyirik. Mənim də özüm üçün formalaşdırdığım ziyalı obrazının çoxsaylı məziyyətləri içərisində bir əlaməti xüsusi fərqləndirirəm. Şəffaf keçmişinə görə rahat, amma cəmiyyətin gələcəyinə görə narahat olanı, mən, düşüncəmdə formalaşdırdığım ziyalı obrazına daxil edirəm. Ona görə, elə bil hər zaman gerçək ziyalını narahat görməyi arzulayıram. Düşüncə, narahatlıq və bəzən tərəddüdlərlə dolu təzadlar içərisində gerçək ziyalı özünü sanki narahat hiss edəndə, problemi “dərisi” ilə hiss etdiyini sezirsən.

Ziyalı, məncə, beləcə “komfort zonasında” olmayanda, o, daha çox cəmiyyətin ziyalısı olur, nəinki kiçik bir qrupun maraq dairəsinə daxil olanda və onun daşıyıcısına çevriləndə. İmkanlarını daraldan və özünü məhdudlaşdıran dar çevrə ziyalısından isə ümumiyyətlə cəmiyyətin gözləntiləri də olmur. Bu od-alov söhbətinin həmin gözləntilərin özünün doğrultmamasından meydana çıxdığını düşünürəm.

Cəmiyyətin reaksiyası səbəbsiz deyil. Anlaşılandır, amma təqdir olunan da deyil. Çünki cəmiyyət özünün arzuladığı ziyalı obrazının çərçivələrinə sığan yazıçısının, elm adamının onun halına yanmaq ehtiyacını umur. Umulan ziyalıların isə davranışları məyusluq doğuranda isə onun rezonansı daha ucadan, səsli-küylü gəlir. Kütlədə isə bir üsyankarlıq, barışmazlıq ruhu olduğuna görə yazıçısının əsərlərini göydən yerə vurmaq istəyir. Kitabyandıranlara qarşı yazıçı Anarın da reakasiyası özünü çox gözləmətdi. Kitablarını yandıranları cahil adlanırdı. Mənə elə gəlir ki, Anar müəllim bu məsələ ilə bağlı ümumiyyətlə səmimi görünmür.

Birincisi: Yazıçılar Birliyinin 30 ildən çox sədri olduğu müddətdə digər yaradıcı şəxslərin kitabları yandırılanda bunu təqdir etməyən heç bir açıqlama verib, etirazını bildirmədi. Həmin insanlara cahil deyəcək qədər mövqeyini görmədik. Bu üslubun etik baxımdan doğru olub-olmadığını dilinə gətirmədi. Kobud desək, bu sizə olanda olar, mənə olanda olmaz söhbətidir…

İkincisi: Bu ölkədə haqqı tapdanmış, mülkiyyəti əlindən alınmış, ədalətsiz məhkəmə qərarlarına etiraz əlaməti olaraq ağzını tikən, aclıq aksiyası keçirən, hətta intihar edən çox vətəndaşlarımız olub. O zaman heç bir yazıçı həmin insanlara qarşı haqsızlığa, hüquqsuzluğa rəvac verənlərə nəinki cahil demədi, hətta buna görə ağızlarını belə açmadılar.

Kitab yandıranların hissini anlamağa çalışırsan. Kitab yazanların kitabını oxumayan hər bir kəs, sanki həmin müəlliflərin öz aləmlərində “kitabını bağlamağa” çalışır. Kitabdan götürəcəyiniz ideya olmayanda, bu, elə həmin müəllifin kitabının ölü doğulmuş ideyası anlamına gəlir. Məhsulunun alıcısı olmayan və ya istehlakçının boykot etdiyi cəzadan ağır mənəvi cəza varmı? Bu zaman ictimai rəyə uduzan müəllifə gözqamaşdırıcı mükafatlar da kömək etmir. Çünki ağıl nüfuzdan yox, nüfuz ağıldan doğur! Ağıldan doğmayan nüfuz isə heç bir hörmətə və dəyərə layiq olmur.

Amma mən arzu edərdim ki, Anarla açıq polemika aparan çox savadlı ədəbi nəsil meydanda olsun. Savadlı və mədəni bir mühit çərçivəsində zövqlə bu əqli yarışmanı seyr edək. Və ya onun iştirakçısı olaq. Kitaba qarşı kitab yazmaq əqli qabiliyyətidir. Yandırmaq isə feli davranışdır, aksiyadır. Birincinin alt qatında intellekt, ikincidə isə daha çox emosiya yatır.

Mənim kitablara münasibətim və oxu yanaşmam bir az fərqlidir. Hətta sevmədiyim, ideyalarını bölüşmədiyim çoxlu sayda müəlliflər var ki, onların düşüncə dərinliyini, intellektual səviyyəsini və çox məlumatlı olduqlarını bildiyim üçün kitablarını oxuyuram.

Tərbiyəli adama sual verirlər ki, tərbiyəni kimdən öyrəndin? Deyir ki, tərbiyəsizdən. Çünki onların etmədiyini etməklə və etdiklərini etməməklə tərbiyəli oldum. Bu baxımdan kitab ruh daşıyıcısıdır. Obrazlar təqdim edən, dəyərlər formalaşdıran, nəciblik aşılayan, ruh yaradan və onu yaşadan bir var olma formasıdır. Fikirlərinə çox hörmət etdiyim Müşfiq Ötkünün bənzətməsi cəmiyyətdə heç kimi bütöv halda sevmədiyimizə işarə vurur: “İnsanların çoxu nekrofiliyaya meyllidir. Ruhu öldürüb quru bədəni sevərlər”. Bizim cəmiyyətdə milli sözünə bağlı olan hər bir ideyanı öldürüb, özləri üçün həmin kasıbların qatarında SV yer düzüb-qoşanlar, cəmiyyətdə ruhu varlıq söhbətini çoxdan dəfn ediblər. Onda ruhun diri qalması çoxlarını narahat edir.

Cəmiyyət gözünün qarşısında tanıdıqlarını böyük fərqlə dəyişmələrini gördükcə ümidsizləşir. Şərtlər ağırlaşdıqca dözüm hədləri çətinləşir. Belə bir şəraitdə balaca insanlar adətən sağ qalmaq istəyirlər. Necə sağ qalmaq kimi keyfiyyətin önəmi doğrudan da çoxları üçün ya yoxdur, ya da önəmi çox azdır.

Beləcə, biz də görə-görə gəldik, yaşaya-yaşaya gedirik…


loading...




Fikrinizi bildirin