Müğənnilər məni görəndə arxalarını çevirirlər…

Dərc olunub: 19/06/2018 - 19:07

Seymur verdizadeSeymur Verdizadə

Ötən həftə Space TV-də qonaq olanda “Yerimdəyəm” verilişinin aparıcısı, əməkdar artist Çingiz Əhmədov belə dedi: “Ayrı-ayrı jurnalistlər tez-tez mənə zəng vurub, onları nədən qonaq çağırmadığımı soruşurlar. Hamı eynu sualı verir: verilişlərinizə niyə həmişə Seymur Verdizadəni dəvət edirsiniz?”

Suala sualla cavab verdim: “Çingiz müəllim, verilişlərinizə niyə həmişə məni qonaq çağırırsınız?”

Cavabı belə oldu: “Sən obyektiv jurnalistsən. Sözlərin yağ kimi tamaşaçıların ürəyinə yayılır. Heç vaxt nala-mıxa vurmursan. Həmişə bir hədəfə vurursan”.

Dəyərli oxucularımızla uzun illərin dostu olduğumuz üçün onların bu qeyri-təvazökar çıxışı anlayışla qarşılayacaqlarına inanıram. Bir dəfə yazmışam, ikinci dəfə yazmaqda heç bir qəbahət görmürəm: jurnalistika yeganə sahədir ki, burda şöhrət sərvət gətirmir. Mənim kimi acıdil qələm adamları o sərvətə uzaqdan baxmağa məhkumdurlar…

Bunu da yazmadan keçə bilməyəcəyəm: beş-altı il əvvəl bir dostum məndən soruşdu: “Tez-tez efirə çıxırsan, müəyyən qədər populyarlıq qazanmısan. Bunun sənə xeyri var?”

Belə cavab verdim: “Ötən həftə Masallıya getmişdim. Mənə demişdilər ki, şəhər daxilində taksi xidmətinin qiyməti 2 manatdır. Maşına oturanda sürücü məni o qədər təriflədi ki, mənzil başına çatanda üzə düşüb, 5 manat verdim”.

Qayıdaq söhbətimizin əvvəlinə. Mən sağlam rəqabətin tərəfdarıyam. Həmişə istedadlı adamlarla dostluq etməyə can atıram. Müşfiq Ələsgərli, Etibar Cəbrayıloğlu, Vəfa Allahverdiyeva, Qurban Yaquboğlu, Laura Cəbrayıllı, Əfqan Qafarlı, Anar Niftəliyev, Natiq Cavadlı kimi istedadlı qələm sahibləri ilə çiyin-çiyinə işlədiyim 2002-2003-cü illəri indi də sonsuz məhəbbətlə xatırlayıram. Sözün üzünü ağardan adamlarla bir yerdə işləyəndə, adamın da üzü ağ olur…

Paxıl adam olmadığım üçün mənimlə yanaşı, digər həmkarlarımın da efirə çıxmasına, ictimai müzakirələrə qoşulmasına çalışıram. İndiyə kimi ən azı 50 jurnalistin telefonunu “Lider”də, Space TV-də, ARB-də çalışan dostlarıma vermişəm. Bunu Səadət xanım da, İlhamə xanım da, Sənan bəy də təsdiqləyə bilər. Təəssüf ki, onların əksəriyyəti efir mühitindəki amansız rəqabətə tab gətirə bilmirlər. “Lider” TV-də prodüser işləyən dostum çap mətbuatında çalışan bir həmkarım haqda ötən həftə belə dedi: “Zalım oğlu elə bil jurnalist deyil, malakeşdir. Veriliş başlayandan qurtarana kimi bütün fikirləri malalamaqla məşğul oldu”.

Bu həmin vaxt idi ki, Space TV-nin həyətində qarşılaşdığım əməkdar artist Nüşabə Ələsgərli mənimlə soyuq görüşdü, yazılarımla bağlı giley-güzar elədi. Hansı ki, biz indiyə kimi müxtəlif verilişlərdə tərəf müqabili olmuşuq, həmişə bir-birimizə hörmətlə yanaşmışıq. “50 manatlıq xalq artistləri” adlı məqaləmdə hörmətli Nüşabə xanımın adını çəkməyim daha bir sənət adamı ilə münasibətlərimizin pozulmasına gətirib çıxardı.

Son vaxtlar müğənnilərin çoxu məni görəndə arxasını çevirir. Səməd Səmədov bunu açıq şəkildə büruzə verib. Afaq Aslan ailəmdə söymədiyi adam qoymayıb. Elza Seyidcahan “Lİder”də təşkil olunan debatda mənimlə üz-üzə oturmaqdan imtina edib. Tez-tez tənqid etdiyim Elariz Məmmədoğlunun qarşılaşanda hansı reaksiyanı verəcəyini isə bir Allah bilir. Elə bilirsiniz, milyonlarla pərəstişkarı olan Talıb Talenin, Damlanın, Üzeyir Mehdizadənin bayağı mahnılar oxuduğunu, məşhur meyxana ustası Ağamirzənin zövqsüz seriallara çəkildiyini demək, Manaf Ağayev kimi çılğın adamla efirdə bir saat dartışmaq asandır? Bunları dediyinə, yazdığına görə adamın yaxasından medal asmırlar.

Yüz dəfə demişəm, bir dəfə də yazım: qarabağlı olsam da, Allah-Təala mənə səs verməyib. Yəni, heç bir müğənninin yerində gözüm yoxdur. Mən bu adamları xalqın musiqi zövqünü korladıqlarına görə tənqid edirəm. Hansı ki, üç-beş il əvvələ kimi bu adamlarla qarşılaşanda məni bağırlarına basır, üz-gözümdən öpürdülər. Amma mən həmişə ictimai maraqları şəxsi maraqlardan üstün tutmuşam. Xalqı öz arxasınca sürüməyə çalışan yelbeyin şou əhlinə qarşı mübarizəni bundan sonra da davam etdirəcəyəm. İsti bir görüşə, şirin bir öpüşə görə prinsiplərimdən dönən deyiləm…

Missiya.az


loading...




Fikrinizi bildirin