İlqar Abbasovun boğçası, İnam Kərimovun alçası...

Seymur Verdizadə

Çalışdığım redaksiyaya Milli Mətbuat Günü münasibətilə tort göndərən nazirlik sözçüsü baş redaktorumuza belə deyib: “Qızlara tapşır, sosial şəbəkələrdə tortun şəklini paylaşmasınlar”.

Redaktorumuz söhbətin nədən getdiyini anlasa da, jurnalist marağını gizlədə bilməyib: “Niyə? Burda pis nə var?”

Mətbuat xidmətinin rəhbəri belə cavab verib: “İmkanımız məhdud olduğu üçün redaksiyaların hamısına tort göndərə bilmədik. Istəmirik ki, jurnalistlər zəhləmizi töksünlər”.

Mən, həmin adamı qınamıram. “Reket” jurnalistlər olduğu kimi, “reket” saytlar da var. Həmin saytların əməkdaşları 10-15 manatlıq torta görə məmurun gözünü çıxarmağa hazırdırlar. Üzləri qara olsun...

Bu söhbətdən sonra həmin tortu yemək fikrindən daşındıq. Qızlar onu redaksiyamızın yerləşdiyi küçədə təmizlik işləri ilə məşğul olan Gülnisə xalaya hədiyyə etdilər...

Kənd Təsərrüfatı Nazirliyi bayram münasibətilə redaksiyalara meyvə səbəti göndərib. İki gündür sosial şəbəkələri rəngarəng meyvə şəkilləri bəzəyib. Dünən tanış redaksiyaların birində qonaq olanda, mən də iki alça yedim. Mətbuata qayğı göstərmək yaxşı hərəkətdir, mən bunu təqdir edirəm. Amma gərək jurnalistin gözü onun-bunun əlində olmasın. Nəinki bir kiloqramı 70 qəpiyə satılan alçanı, kilosu 3 manata satılan gilası da, 4 manata satılan armudu da almağa jurnalistin pulu olmalıdır. Ayda cəmi 400-500 manat məvacib alan jurnalist armudu ancaq İnam Kərimovun yolladığı səbətdən götürüb yeyə bilər...

Dünən Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdən sonra jurnalist həmkarlarımla çay içib, söhbət etdik. Çoxdan tanıdığım, istedadına şübhə etmədiyim dostlarımdan biri qayğılı görünürdü. Səbəbini soruşanda, belə dedi: “KİV Fondundan zəng gözləyirəm”.

Gülüb, belə dedim: “Ordan mənə 8 ildi zəng gəlmir. Guya Fondun təşkil etdiyi bayram tədbirində iki qaşıq aş yeməsən, dünya dağılacaq?”

Həmkarım əl-ayağa düşdü: “Yox, vallah! Mən qarın davası eləmirəm. KİV Fondu Suraxanı rayon İcra Hakimiyyəti ilə birlikdə müsabiqə keçirir. Mən də məqalə yazmışam. Suraxanını o qədər tərifləmişəm ki, icra başçısı İlqar Abbasov oxusa, öz rayonunu tanımayacaq”.

O qədər pərt oldum ki, dodağımın altında mızıldanmaqdan başqa çarəm qalmadı: “Narahat olma, sənə də yer verərlər...”

Həmkarımın çöhrəsi işıqlandı: “Deyirlər ki, icra başçısı İlqar Abbasov əliaçıq adamdır. Müsabiqədə yer tutanlara da pul verir, tutmayanlara da. Ümidimi onun səxavətinə bağlamışam...”

Heç nə demədim. Boğazımda bir yığın qəhər düyünləndiyi üçün istəsəm də, nəsə deyə bilməyəcəkdim...

Əziz həmkarlar, bayramınız mübarək! Allah bizi İlqar Ababsovun boğçasına, İnam Kərimovun alçasına möhtac eləməsin... 

Moderator.az

Şərhlər

Obyektiv 2018-07-21 10:14:50

Day soz tapmirlar ey yazmaga.. Tevazokar fikirli sozlerden de bir soz chixardirlar!.. Qaldi ki, meyve-terevezlerin qiymetlerinin qalxmasina bu hansisa bir (gozudoymayan) "qrup"un ishleridir.. Qarshisi alinmadiqca daha da qizishirlar, (istinin bu vaxtinda da) insani ALLAHIN nemetlerine de hesed qoyurlar! ((

G.M 2018-07-21 10:14:50

İ.Abbasov o qədər ``səxavətli`` birisidir ki,İH.Başçısı oldsuğu gündən bacanağı Etibarı yanınca gəzdirir..torpaq alverini,Binalarda Balkonçıxarma əməliyatından gələn qazancı,həyətlərdəki qərarsız ``Butka`` yerlərindən toplanan dolları həvalə edib hörmətli Bacanağına.Ancaq hər hansı tədbir və İH-nə gələn qonaqların xərcini yükləyir Məktəb Drektorlarına....

ayzek 2018-07-21 10:14:50

DVADSATIDAKI MƏNZİLLƏRİ NİYƏ YADA SALMADINIZ?

Əli 2018-07-21 10:14:50

Allah sizi qorusun! Ləyaqətsiz, şərəfsiz psevdojurnalistlər sizə qurban olsunlar! Bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Reket fəaliyyət növüdür(şərəfsiz alçaq fəaliyyəty növü olsa da fəaliyyətdir). Bu işlə məşğul olan fərdə, kollektivə, quruma isə "reketir" deyilir. Bu səbəbdən "reeket müxbir", "reket qəzet" yox-reketir müxbir", "reketir qəzet" demək daha doğrudur. Reket sözünün düzgün işlənmə nümunəsi kimi belə bir dialoqu misal gətirək. Sual -Filankəs indi nə ilə məşğul olur?- Cavab-"Reketlə".

Müellime 2018-07-21 10:14:50

Çalışın herden çaşıb müellimler bayramında da bu qayğılardan gösterinde ne olar dünya dağılmazki Ancaq müellimler bayramında hede qorxu gelesiniz

Son yazılar