Təkərli kitabxana

Dərc olunub: 30/07/2018 - 15:44

talibliMəhəmməd Talıblı

Çoxluq zövq yaratmır, zövqə tabe olur. Çoxluq mədəniyyətin sürətin çıxarır, özün formalaşdırmır. Amma cəmiyyətdə fərqlənmə nişanı olanlar gərək axına qarşı üzmək cəsarətinə sahib olsun ki, cəmiyyətdə kütlə mədəniyyəti formalaşmasın. Elitar mədəniyyət aparıcı olsun. Bu baxımdan oxu mədəniyyəti elitar mədəniyyətin ən önəmli sahələrindən sayılmalıdır.  Onu isə təkcə ali təhsillilər formalaşdırmalı deyil. Zamanını necə “öldürənlər” yox, onu necə qazanmaq haqqında düşünənlər bunu etməlidirlər. Bu mənada ictimai nəqliyyatda oxu mədəniyyətinin tirajlanması üçün mümkün olanları etməyə çalışmalıyıq.

Kitab oxumaq təkcə alimlərin işi deyil. Əslində əqli işlə məşğul olmayan insan üçün ictimai nəqliyyatda kitab oxumaq göydən düşmüş gözəl bir fürsət olmalıdır.  Yaddaşı yüklənməmiş və gözü ağrımayan bir çilingərin, ustanın kitab oxuması daha çox vacibdir, bəlkə də nəinki 8-10 saat komputer qarşısında oturan yaradıcı bir insan üçün.

Kitab oxuma təkcə şəxsi inkişafla bağlı deyil. Eyni zamanda ictimai dəb yaradıcı gücünün olmasını da özündə ehtiva edir. Biz gözümüzü açıb ictimai nəqliyyatda kitab oxumağı şəhər mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi görmüşük. Hələ tam şəxsiyyət kimi formalaşmayan bir gəncin hamının qarşısında kitab oxumaq cəsarətinin olmaması bəlkə də başadüşüləndir. Axı, biz də tələbə olanda eynəkli və yaşlı insanlar qarşısında bu marağı daha çox ictimailəşdirmə kompleksi yaşamışıq. “Yəni ki, oxuyan insan”ictimai qınaq mesajı bizim daxili marağımızı bəzən üstələyib də… Daxili ehtiyacımıza nəzakətlə “yox” deyib yerimizdə oturmuşuq. “Evdə oxuyarıq” demişik. Amma sonralar vaxt da tapıb heç evdə də oxumamışıq.

Uzun illərdir ki, nisbətən kiçik ölçülü kitablar çantamda mənimlə yoldaşlıq edir. İmkan olan kimi ictimai nəqliyyatda onları oxumağa üstünlük verirəm. Yaxud avtomobilimdə onun üçün xüsusi yerdə 1-2 kitab saxlayıram ki, haradasa gözləməli olsam, vaxtımı boşuna xərləməyim. Ayda ortalama olaraq 2-3 kitabı beləcə oxumağı dəqiqləşdirmişəm. Əvvəllər şəxsi kitabxanamda olan kitabları oxuma sürəti məni qane etməsə də, ictimai nəqliyyatda oxu vərdişlərim hesabına bu nikbinliyim daha da artmağa başladı. Əgər əvvəllər kitabxanamda olan kitabların çoxluğu məndə onları bir ömrə bəs edə bilməyəcəyi pessimist düşüncəsi yaradırdısa, sonradan nikbinliyim daha artmağa başladı. Bu  optimizmə  səbəb ictimai nəqliyyatda kitab oxumaq vərdişlərimin güclənməsi ilə bağlı olmuşdu. Bu vərdiş digər tərəfdən məndə yeni çıxan kitabları daha da həvəslə almağa ruhlandırırdı.

Universitetlərdə işləyən illərdə çantamın ön gözünə həmişə nəqliyyat üçün oxuyacağım kitab qoyardım. Dərsə gələn tələbələrin mühazirə dəftərlərinin pencəklərinin altında və ya bel hissələrində yerləşdiriklərini bildiyim üçün onların bu vərdişlərinin necə tərgitmələri haqqında düşünürdüm. Onlarla bu haqda açıq danışmaq və utandırmaq yox, motivləşdirici üsulunu tapmağa çalışırdım. Onlara söyləyirdim ki, bəzi homosapienslər ictimai nəqliyyata itlə-pişiklə minəndə bunu özləri üçün müasirlik sayırlar, amma siz dəftər-kitabı əlinizdə gətirəndə bu gerizəkalılıq sayılır sualı haqqında düşünmüsünüzmü? Xahiş edirəm bu üstünlüyünüzü aşağılıq kompleksi sayıb saxta ictimai zövqə tabe olmayasanız. Əksinə bunu dəyişəsiniz. Bunu sizlər bacararsınız. Buna əminəm.

Onlara müraciətlə deyirdim ki, şəxsən mən bu kitabları ictimai nəqliyyatda oxumaqla həm vaxtıma qənaət etməli oluram, həm də başqa kitabları oxumağa özümdə ehtiyac duyuram. Axı ehtiyac təkamülün babasıdır… Buna bənzər bəzi arqumentləri söyləməklə inanırdım ki, bəzən bir canlı nümunə min öyüddən üstün olur. Təsirlərini uzaq vaxt keçməmiş görməyə başlayırdım.

Bu sözləri tez-tez eşidirik: “Oxuyanlar nə edib?”, “oxusaq, nə edəcəyik ki?” Oxumaqdan böyük gözləntiləri olanları sonda kitabdan birdəfəlik əl üzən kimi xatırlayıram. Mübarizənin kiçik zaman kəsiyindəki hədəfinə çatmağına tələsən cəsarətliləri yarı yolda cəsarətləri qırılmış görmüşəm. Potensilaını qiymətləndirmədən uzaq hədəf seçənləri ondan bəzən yayındığını eşitmişik.  Çünki, hədəf nə qədər uzaq olursa, proses bir o qədər yorucu olar. Asan qələbə yolu seçənləri azca çətinliyə düşəndə yolun bircə addımlığında üzülən görmüşük. Oxumaq hədəfi olanların buna beləcə bəsit yanaşması oxumağın məzmununun düzgün anlamamızdan xəbər verir. Övladına nümunəvi olacaq sənəti çilingər olan ata olmaq azdırmı? Mebel ustası olan müdrik ailə başçısının olmasının nəyi pisdir ki? Yaxınları üçün yüksək əxlaq sahibi, inanclı və mədəniyyətli olmağın hansı peşə sahibi olmağa nə aidiyyatı var? Zəngin bir sahibkarın toy məclisində ürək sözü deyən zaman fikir kasıblığını görməmisinizmi? Din məclislərində elementar din anlayışı yerində olmayan insanların məclisdə təmkinlə otura bilmədiyi üçün oranı necəsə tərk etmələri üçün vurnuxmalarını xatırlamırsınızmı? Bunlar ali təhsilli olub-olmamağın nəticəsi deyil, oxuyub-oxumamağın təzahürləridir.

Oxumaq çörək qazanmaq peşəsi də deyil. Kitab oxumaq peşəsindən asılı olmayaraq hər bir insanı şəxsiyyət kimi formalaşdırmaq vasitəsi və cahilliyini azaltmaq cəhddidir. Biz bunları etdikcə, bayağı müğənnilərin soyuducunun dolu olması ilə bağlı görməmiş zövqü ilə razılaşan cəmiyyət olmayacağıq. Evində zəngin kitabxanası olan öyünən ailələr olacağıq. Bu zaman biz övladlarımıza tez-tez oxu mesajları verməkdən yorulmayacağıq. Əksinə, heç bir motivləşdirici üsulla təsir etməsək belə, onlara minimal səviyyədə kitabların cilidləri ilə tərbiyə olunması ilə üz-üzə qoyacağıq. Bu zaman yenə də seçim imkanları onların özlərində qalacaq. Biz bu seçim imkanları ilə üz-üzə qalan övladlarımıza Sabirin “oxutmuram, əl çəkin” maksimalizimini də bölüşməyəcəyik.

Çağdaş dövr bizdən zamanın idarəedilməsi (time menecment) effektivliyini tələb edirsə, bizim də buna bir reaksiyamız olmalıdır, ya yox? Bu zaman kitabxanamızın altına təkər qoyub onu ictimai nəqliyyata daşımaq ən sərfəli yol deyilmi?

Gərək bu haqda dərindən düşünək.

 

 

 


loading...




Fikrinizi bildirin